16. Dünyaya iqtisadi inteqrasiyanı sürətləndirən xarici ticarət strategiyası

 

"Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməliyik. Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik".

 

İlham ƏLİYEV

 

Müasir dövrdə iqtisadi inkişafı şərtləndirən və əhəmiyyətli dərəcədə sürətləndirən əsas amillərdən biri də dövlətlərarası ticarət əlaqələrinin genişləndirilməsi, uğurlu idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, onlar arasında nisbətin milli maraqlara uyğun olaraq düzgün qurulmasıdır. Bu məqam həm də istənilən dövlətin dünya iqtisadiyyatına inteqrasiyasında vacib rol oynayan faktorlardan biridir. Digər tərəfdən o da danılmaz həqiqətdir ki, dünyaya iqtisadi zəminli inteqrasiya müxtəlif ölkələr arasında bu sahə üzrə münasibətlərin yaxşılaşmasına və qarşılıqlı əlaqələrin güclənməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı ticarətin inkişafına yönəldilmiş əmək bölgüsü sisteminin dərinləşməsinə gətirib çıxarır.

İqtisadi sahədə Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi olaraq bu gün ölkəmiz dünya dövlətləri ilə qurulmuş xarici ticarət əlaqələrində böyük müvəffəqiyyətlər əldə etməyi bacarıb və qazanılan nailiyyətlərin miqyası günü-gündən genişlənməkdədir. Xüsusən də, özəl biznesin inkişafı üçün yaradılan əlverişli şərait, istehsal münasibətlərində müsbət keyfiyyət dəyişiklikləri və bu qəbildən olan digər amillər xarici ticarət dövriyyəsinin həcminin böyük sürətlə artmasına səbəb olmaqdadır.

 

Xarici ticarət dövriyyəsinin genişlənməsinə xidmət edən qanunvericilik bazasının yaradılması

 

Azərbaycanda yeni istehsal müəssisələrinin işə salınması, sahibkarlığın inkişafı üçün dövlət qayğısı son nəticədə müasir tələblərə cavab verən texnologiyalar əsasında məhsul istehsalının həcmini əhəmiyyətli dərəcədə çoxaldıb. Bu da indi Azərbaycanda rəqabətədavamlı məhsulların istehsal miqdarını artırmağa imkan verməklə yanaşı, onların dünya bazarında alıcılarının sayını da artırmaqdadır. Belə vəziyyət isə ölkənin xarici ticarət dövriyyəsində mütəmadi olaraq müsbət saldonun qeydə alınmasına gətirib çıxarıb və ötən illərin müqayisəli təhlili Azərbaycanın ixrac əməliyyatlarını, xaricə göndərilən məhsulların həm həcmini, həm də çeşidini artırdığını göstərir.

Müstəqillik dövrünün tarixi belə bir real həqiqəti də meydana çıxarır ki, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyada əldə etdiyi nailiyyətlər, xarici ticarət dövriyyəsində qazandığı uğurlar bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə dönüşündən öncəki dövrdə iqtidarda olan qüvvələrin səriştəsizliyi, iqtisadiyyatın inkişafı üçün müvafiq tədbirlərin görülməsində ardıcıl, sistemli siyasət və konkret fəaliyyət proqramlarının yoxluğu, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan keyfiyyətcə yeni islahatlar aparmaqda acizlikləri xarici ticarət məsələsinə də mənfi təsirlərini göstərirdi. Xüsusən, keçmiş SSRİ müəssisələri arasında ənənəvi təsərrüfat əlaqələrinin pozulması, eləcə də Azərbaycan məhsullarının bu məkanda satış bazarını itirməsi vəziyyətin daha da ağırlaşmasına xidmət edir, ölkəmiz üçün əlavə problemlər yaradırdı.

Lakin Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə münasibətlərinin müsbət notlar üzərində və qarşılıqlı hörmət prinsipi əsasında qurulması iqtisadi əlaqələrin inkişafına da ciddi təkan verdi. İdxal-ixrac əməliyyatlarının genişlənməsi sayəsində Azərbaycan iqtisadi sahədə üzləşdiyi çətinlikləri daha sürətlə həll etməyə, eyni zamanda, yerli istehsalın həcmini artırmağa başladı. Qeyd edilənlərlə bərabər, ölkənin ticarət qanunvericiliyinin formalaşması istiqamətində atılan addımlar bu sahə üzrə əməkdaşlığın genişlənməsinə imkan verdi. Məhz ulu öndərin rəhbərliyi və nəzarəti altında dövlətlərarası ticarət əlaqələrinin tənzimlənməsi məqsədilə bir sıra qanun və normativ-hüquqi sənədlər qəbul edildi. Bunlara misal olaraq 20 iyun 1995-ci il tarixli, 1064 saylı "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununu, 24 iyun 1997-ci il tarixli, 609 saylı "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanını qeyd etmək olar. Sözügedən fərman ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müəyyənləşdirilməsinə xidmət göstərdiyindən müstəsna əhəmiyyət kəsb edirdi.

Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarını özündə ehtiva edən bu sənəd ümumilikdə xarici ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verdi. Sənəddə vurğulanırdı ki, Azərbaycanda istehsal, emal, təkrar emal olunan malların ixracında rezidentlər sərbəstdirlər və nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz. Həmçinin qeyd edilirdi ki, rezidentlər tərəfindən öz vəsaitləri, konsiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr yenə də nəzərdə tutulmuş hallar istisna olmaqla gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. İdxal-ixrac əməliyyatlarının digər növlərini də tənzimləyən bu qaydaların qüvvəyə minməsindən sonra Azərbaycanın xarici ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınmağa başladı. Onu da deyək ki, "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" qaydalara sonradan müxtəlif vaxtlarda Prezident fərmanları ilə zamanın tələblərinə uyğun dəyişikliklər edilib. Bunlara misal olaraq 30 mart 1998-ci il, 30 avqust 2000-ci il, 11 oktyabr 2001-ci il, 21 dekabr 2001-ci il, 23 oktyabr 2003-cü il, 10 dekabr 2004-cü il, 7 fevral 2005-ci il, 16 dekabr 2005-ci il, 28 dekabr 2005-ci il və digər tarixli fərmanlara əsasən edilən əlavələr və dəyişiklikləri misal göstərmək olar.

Azərbaycanın xarici ticarət əlaqələrinin güclənməsinə təkan verən digər qanunvericilik sənədələri ilə bağlı aşağıdakıları da qeyd etmək mümkündür: 25 iyul 1997-ci il tarixli, 616 saylı "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli, 20 saylı qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 12 aprel 2001-ci il tarixli, 80 saylı qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Malın mənşə ölkəsinin təyin edilməsi qaydasının təsdiq edilməsi haqqında" 29 noyabr 2007-ci il tarixli, 190 saylı qərarı və s.

Bütün bunlar ilk əvvəllər zəif templə artım nümayiş etdirən xarici ticarət dövriyyəsinin sonradan həcminin daha böyük sürətlə yüksəlməsini stimullaşdırmaqda idi. Belə ki, əgər xarici ticarət dövriyyəsi 1993-cü ildə 1 milyard 300 milyon dollar, 1994-cü ildə 1 milyard 400 milyon dollar idisə, 2000-ci ildə bu göstərici 2 milyard 910 milyon dollara çatdı. 2000-ci il üçün bu sahədə ən əlamətdar hadisə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ixracın idxalı üstələməsi idi. Bu isə o demək idi ki, artıq Azərbaycanda bəzi məhsullar üzrə daxili istehsal həm ölkəni təmin edir, həm də başqa dövlətlərin ehtiyaclarını ödəmək üçün dünya bazarlarına çıxarılır.

 

Azərbaycan əsas etibarı ilə ixracatçı ölkə kimi çıxış edir

 

Növbəti dövr ərzində isə idxal və ixrac nisbəti daha böyük fərqlə ikincinin lehinə dəyişməyə başladı. Xüsusən də, xarici iqtisadi fəaliyyətin strategiyasının əsasını dünya bazarlarında rəqabətədavamlı sahələrin inkişafının təşkil etməsi, respublikanın ixrac potensialının artması, idxalı əvəz edən məhsulların Azərbaycanda istehsalı, istehsal edilən məhsulların keyfiyyətinin daxili şərtlər və beynəlxalq standartlara cavab verməsi, texnologiyanın modernləşdirilməsi, istehsalın inkişafı üçün xarici investisiyaların cəlb edilməsi və bu qəbildən olan digər amillər xarici ticarət dövriyyəsində ölkəmizin mövqelərinin daha da güclənməsini şərtləndirməkdə idi. Həmçinin dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyanı təmin edən iqtisadi siyasətin aparılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi idxal və ixracda fərqi daha böyük sürətlə artırmağa başladı. Bu, həm də bütövlükdə ticarət dövriyyəsinin böyüməsindən xəbər verirdi. Əgər 2000-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 2,91 milyard dollar idisə, 2003-cü ildə bu göstərici artıq 5,21 milyard dollara çatırdı. 2004, 2005, 2006, 2007-ci illərdə xarici ticarət dövriyyəsində qeydə alınan müvafiq göstəricilər 7,13 milyard, 8,55 milyard, 11,63 milyard, 11,77 milyard dollar oldu. İxrac-idxal əməliyyatları əsas etibarı ilə Avropa Birliyi, MDB və Asiya ölkələri və digər dövlətlərlə aparılırdı.

2008-ci ildə isə Azərbaycanın xarici ticarət dövriyyəsi rekord həcmdə artımla müşahidə olunub. Belə ki, 2008-ci ildə xarici ticarət dövriyyəsi təxminən 55 milyard dollar olub. Bu zaman ixracda artım 8 dəfədən çox olduğu halda, idxal edilən məhsulların həcmi cəmi 30 faizdən bir qədər çox olub. Yəni, Azərbaycan əsas etibarı ilə ixracatçı dövlət kimi çıxış edib və dünyanın 140 ölkəsi ilə ticarət əməliyyatı aparıb.

Xarici ticarət dövriyyəsində Azərbaycanın əsas tərəfdaşı kimi yenə də Avropa Birliyinə daxil olan ölkələr çıxış ediblər. Təsadüfi deyil ki, ixrac-idxal əməliyyatlarının 55 faizə qədəri məhz bu təşkilatda yer alan ölkələrlə həyata keçirilib. Bu zaman xarici ticarət əməliyyatlarında Azərbaycanın əsas tərəfdaşları kimi İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, İndoneziya, Türkiyə, İngiltərə və Çili dövlətləri olub.

2008-ci ildə ölkəmizdən İtaliyaya təxminən 19 milyard dollara yaxın məhsul göndərilib ki, bu da həmin dövr ərzində ümumi ixrac dövriyyəsinin 41 faizinə bərabər olub. Həmçinin 2008-ci il ərzində Azərbaycan ABŞ, İsrail kimi qabaqcıl ölkələrlə də xarici ticarətdə çox uğurlu əməkdaşlıq edib. Məhz bu səbəbdən 2008-ci ildə Azərbaycan məhsullarının əsas alıcısı qismində İtaliyadan sonra növbəti yerlər ABŞ və İsrailə məxsus olub. Qeyd edilən dövr ərzində Azərbaycanın ixrac etdiyi məhsulların 20 faizdən çoxu bu iki ölkə tərəfindən alınıb və bu zaman ticarət dövriyyəsinin həcmi 10 milyard dolları keçib. Hindistan, Fransa, İspaniya kimi ölkələrə isə Azərbaycandan hesabat dövrü ərzində göndərilən məhsulların miqdarı 6 milyard dollara yaxın olub.

Bir məqam da xüsusi qeyd edilməlidir ki, Azərbaycan xarici ölkələrə ən müxtəlif çeşiddə, təxminən 2000-nə yaxın adda məhsul ixrac edib. Ümumiyyətlə isə respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar göndərilib. 2008-ci ildə bu məhsulların ixracda xüsusi çəkisi 99,28% faizə çatıb. Bundan başqa, Azərbaycan xarici ölkələrə alüminium və alüminium məmulatları, polimer materiallar və onlardan hazırlanan məmulatlar, eləcə də qara metallar, üzvi kimyəvi birləşmələrin satışını da həyata keçirib. Xam neftin xarici ölkələrə satışı isə əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilib. "QKSSS" MMC, "Azneftyağ" İstehsalat Birliyi və "Caspian Petrol-1" firması da xam neftin ixracında aparıcı rol oynayıb. Azərbaycana isə müxtəlif ölkələrdən əsas etibarı ilə dənli bitkilər, quru nəqliyyat vasitələri, müxtəlif növ avadanlıqlar və mexaniki qurğular, qara metal və onlardan hazırlanmış məmulatlar, elektrik maşınları və avadanlıqları, onların hissələri, optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar, onların hissələri və digər ləvazimatlar idxal edilib.

2009-cu ildə isə dünyanı bürüyən qlobal maliyyə böhranı Azərbaycana hər hansı ciddi təsir göstərməsə də, onun bir sıra əsas xarici ticarət tərəfdaşlarının ciddi fəsadlarla üzləşməsinə səbəb olub. Həmçinin dünya bazarlarında neftin bir barelinin qiymətinin ötən il ərzində 147 dollardan 35 dollara kimi düşməsi ixrac məhsullarının nominal qiymətinə təsir edib. Məhz bunlar təbii olaraq xarici ticarət dövriyyəsinin həcmində müəyyən azalmanın qeydə alınmasına səbəb olub. Ancaq bu zaman yenə də Azərbaycan əsas etibarı ilə ixracatçı tərəf kimi çıxış edib və 2 dəfədən çox müsbət saldo qeydə alınıb. Belə ki, 2009-cu ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 20 milyard 818,23 milyon dollar olub ki, burada idxalın həcmi 6 milyard 119,73 milyon dollar, ixracın həcmi 14 milyard 698,5 milyon dollar təşkil edib. Beləliklə, xarici ticarət saldosu müsbət 8 milyard 578,77 milyon dollar olub. Cari il ərzində isə Azərbaycanın xarici ticarətdə apardığı əməliyyatların ən azı 2008-ci il səviyyəsinə çatması proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri qlobal maliyyə böhranının artıq səngiməyə doğru getməsi, dünya iqtisadiyyatının üzləşdiyi fəsadları tədricən aradan qaldırmasıdır. Bu isə Azərbaycanın xarici ticarət tərəfdaşlarının ölkəmizdən yenidən daha böyük həcmdə məhsul idxal etməsinə imkan verir.

 

Gömrük sisteminin inkişafına dair mükəmməl dövlət proqramı

 

Xarici ticarət dövriyyəsinin mütəmadi olaraq genişlənməsində mühüm rol oynayan amillərdən biri də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq dövlət proqramlarının qəbul olunmasıdır. Qeyd edilən kontekstdə Prezident İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin həyata keçirilməsində mühüm mərhələ olmaqla qəbul olunduğu vaxtdan bəri bu sahənin daha sürətlə inkişafı ilə bağlı əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir.

Sözügedən proqramın əsas vəzifələri kimi aşağıdakılar göstərilir: Azərbaycan Respublikasının gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsini və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılmasını təmin etmək; inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması sahəsində tədbirləri gücləndirmək; ixracın təşviqi və genişləndirilməsi, daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmini təkmilləşdirmək; gömrük sisteminin maddi-texniki bazasını möhkəmləndirmək.

Müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq dövlət proqramında gömrük sisteminin 2007-2011-ci illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi ehtiva olunub: qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsi; gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılması; qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi; gömrük infrastrukturunun inkişaf etdirilməsi; kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Beləliklə, aydın olur ki, ümumilikdə, həmin proqramın əsas məqsədi ölkədə gömrük sisteminin inkişafını sürətləndirmək, onun normativ-hüquqi və maddi-texniki təminatını yaxşılaşdırmaq və gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirməkdir.

Məlumdur ki, beynəlxalq ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin sürətlənməsində, yük-nəqliyyat daşımalarının həcminin artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində, gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə, əqli mülkiyyət hüquqlarının qorunmasında və nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin təmin olunmasında gömrük nəzarətinin müstəsna rolu var. Çünki gömrük nəzarəti bir tərəfdən xarici ticarətin sərbəstliyinə şərait yaradır, digər tərəfdən isə beynəlxalq ticarətdə və gömrük sərhədindən malların keçirilməsində mənfi halların qarşısının alınmasını təmin edir. Bu səbəbdən sözügedən proqramın təsdiqlənməsindən sonra gömrük nəzarətinin səmərəliliyini təmin etmək üçün nəzarət metodları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, gömrük nəzarəti prosesində elmi-texniki nailiyyətlərdən daha geniş istifadə edilməyə, gömrük baxışı zamanı müasir texniki nəzarət vasitələri tətbiq olunmağa başlanıb. Malların idxalı və ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkil edilməsi gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını və bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin edərək xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına və bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşməsinə imkan verib.

 

Gömrükdə "bir pəncərə" sistemi idxal-ixrac əməliyyatlarının həcmini daha da artırır

 

Bununla yanaşı, Azərbaycanda xarici ticarət dövriyyəsinin daha da genişlənməsinə xidmət edən tədbirlər sırasında ilk olaraq gömrükdə "bir pəncərə" sisteminin tətbiqini qeyd etmək olar. "Bir pəncərə" sisteminin tətbiqinə başlanması ilə bağlı müvafiq sənəd 2008-ci ilin noyabr ayının 11-də Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu sistem sərhəd-keçid məntəqələrində qeydiyyat prosesinin sadələşdirilməsini nəzərdə tutur. Artıq 2009-cu il yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsi gömrük buraxılış məntəqələrində "bir pəncərə" sisteminə keçib.

Bu sistem bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ticarətin liberallaşdırılması, iş adamlarına daha əlverişli iş şəraitinin yaradılması istiqamətində mühüm addımların atıldığını göstərir. Əgər nəzərə alınsa ki, xarici ticarətin aparılmasının əsas mərhələlərindən biri malların və nəqliyyat vasitələrinin dövlət sərhəd buraxılış məntəqələrindən keçməsindən ibarətdir, onda burada "bir pəncərə" prinsipinin tətbiq olunması çox vacib əhəmiyyət kəsb edir. Belə ki, ölkə sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarının müvafiq nəzarət növlərindən keçmək, icazə və digər sənədlərin təqdim olunması tələb olunur. Bu proseslərin bir orqan tərəfindən həyata keçirilməsi və əməliyyatların aparılması zamanı sənədlərin qəbulu və yoxlanılması fərmanın tələblərinə uyğunlaşdırılaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi ilə əlaqələndirilmiş şəkildə yerinə yetirilir. Yuxarıda qeyd olunanlarla əlaqədar operativ məlumat mübadiləsinin təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb.

"Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaranıb. Bundan başqa, iqtisadi operatorlar və sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinə daha ciddi riayət edilməsi, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi də təmin edilir. Yük daşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də deyilən üstünlüklərə aiddir. Həmçinin "bir pəncərə" sisteminin tətbiqi nəticəsində xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini minimum vaxt sərf etməklə həyata keçirmək imkanı əldə ediblər.

Görülən bu və digər tədbirlərin həyata keçirilməsində əsas məqsəd bir tərəfdən ölkənin təhlükəsizliyini təmin etmək, digər tərəfdən gömrük rəsmiləşdirilməsinin prosedurlarının sadələşdirilməsi, iş adamlarının gömrüklə bağlı vaxt itkisinə yol verilməməsidir. Bu isə ticarə dövriyyəsini daha da stimullaşdırır.

Ümumilikdə isə ölkəmizdə qəbul olunmuş qanunlar, fərman və sərəncamlar əsasında idxal-ixrac, xarici ticarət sərbəstləşdirilib. Azərbaycan iqtisadiyyatının xarici ticarət vasitəsilə dünya iqtisadiyyatı ilə daha sıx bağlanması üçün vacib addımlar atılıb və bu istiqamətdə lazımı tədbirlər indi də davam etdirilməkdədir.

Xüsusən də, ticarət dövriyyəsinin strukturunun təkmilləşdirilməsi, xarici iqtisadi fəaliyyətin strateji istiqamətlərindən olan və ölkəyə valyuta daxil olmalarının əsas mənbəyi kimi çıxış edən ixracın inkişaf etdirilməsi Azərbaycanın iqtisadi potensialını daha da gücləndirir. Bütün bunlar fonunda daxili bazarın dünya bazarlarında baş verən dəyişikliklərdən və xarici rəqabətin təsirindən etibarlı qorunmasına da daim diqqət yetirilir.

Xarici ticarətlə yanaşı, ölkə daxilində də ticarətin, həmçinin təklif olunan xidmətin həcmi milyardlarla dollar həcmində ölçülür. Azərbaycanın mövcud iqtisadi potensialı bir tərəfdən ixracda hazır məhsulların xüsusi çəkisini artırmaq üçün, digər tərəfdən isə idxalı əvəz edən istehsalın təşkili üçün yaxşı zəmin yaradır. Bu işdə xarici investisiyaların da Azərbaycana cəlb edilməsi xüsusi rol oynayır. Beləliklə, ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, respublikamızın yerləşdiyi əlverişli coğrafi mövqe nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Bununla, həm də daxili istehsalın həcminin genişlənməsinə stimulverici şərait yaranır, son nəticədə Azərbaycanın iqtisadi qüdrəti daha da artır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 14 may.- S. 10.