Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən dövlət başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin, regional əməkdaşlığın dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran məsələlərdən olduğunu vurğulamışdır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirmişdir ki, Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəkdir. Çexiya Respublikasının ölkəmizdə səfirliyinin açılmasının önəmini qeyd edən dövlət başçısı bu hadisəni ikitərəfli münasibətlərimizin mühüm elementi kimi dəyərləndirmişdir.
Çexiya Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout bu səfərin Çexiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə dair məsələlərin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını bildirmişdir. O, Azərbaycan ilə əlaqələrin Çexiya üçün strateji xarakter daşıdığını vurğulamışdır. Yan Kohout 2009-cu ildə Azərbaycanın dövlət başçısının Çexiya Respublikasına səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi işində xüsusi rolunu qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 15 may.- S.
1.