Azərbaycanın Baş naziri Çexiya XİN-in başçısı ilə görüşmüşdür

 

Mayın 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan-Çexiya münasibətlərinin son illər fəal inkişaf etdiyini deyən Azərbaycan hökumətinin başçısı əmin olduğunu bildirmişdir ki, Çexiya nümayəndə heyətinin budəfəki səfəri, aparılan danışıqlar siyasi, iqtisadi humanitar sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinə böyük töhfə verəcəkdir. Bakıda Çexiya səfirliyinin açılması əməkdaşlığın dinamikasının yüksəlməsinə öz təsirini göstərəcəkdir.

Artur Rasizadə Çexiya nümayəndə heyətinin üzvlərinə Azərbaycanın iqtisadi uğurları, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.

Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout bildirmişdir ki, Azərbaycan onun ölkəsinin strateji tərəfdaşıdır. Ötən il Çexiyanın 6 ölkədə səfirliklərinin bağlanması barədə qərar qəbul edilməsinə baxmayaraq, Bakıda diplomatik nümayəndəliyin açılması Çexiya hökumətinin Azərbaycan ilə münasibətlərə mühüm əhəmiyyət verməsinin sübutudur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15  may.- S.  1.