Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2011-ci ilin mart ayında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi, respublikanın xalq artisti Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyi tamam olur.

Cabbar Qaryağdı oğlu muğamlarımızın mahir ifaçısı kimi milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır. O, qədim tarixi köklərə malik Azərbaycan muğam məktəbinin zəngin ənənələrini layiqincə davam etdirərək öz fitri istedadı sayəsində xanəndələrin bugünkü nəsli üçün klassik ifaçılığın parlaq nümunəsini yaratmışdır.

Azərbaycan muğamının xalq musiqisi incilərinin qorunub saxlanılmasında böyük xidmətlər göstərmiş ustad sənətkar Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2010-cu il

 

Azərbaycan.- 2010.-  15 may.- S.  1.