Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı

 

Ermənistan Respublikasının kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də qondarma "parlament seçkiləri"nin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı bir daha təkrar edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyildir. Qondarma "seçkilər" Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycanın ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir.

Belə "seçkilər"in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki sözügedən "seçkilər" Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçkilər yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bərabər şəkildə bölgənin erməni əhalisi ilə bərabər qanuni və demokratik seçkilərdə iştirak etsinlər. Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır.

Azərbaycan Respublikası erməni tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlarından ibarət destruktiv fəaliyyətini dayandırmağa və bunun əvəzinə xoş məram nümayiş etdirərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tez və davamlı həllini tapmaq məqsədilə keçən il ərzində dinamik şəkildə inkişaf etmiş danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırır.

 

 

Bakı, 14 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 15 may.- S.  1.