Sankt-Peterburqda ulu öndər Heydər
Əliyevin ad gününə və Naxçıvan Muxtar
Respublikasının 85 illiyinə həsr edilmiş konfrans
olmuşdur
Rusiyanın şimal paytaxtındakı tarixi binaların birində - Sankt-Peterburq Qanunverici Məclisinin yerləşdiyi Mariinsk sarayının böyük salonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinə həsr edilmiş "Rusiya-Azərbaycan münasibətləri: keçmişi, bu günü, gələcəyi" mövzusunda konfrans keçirilmişdir. Ulu öndər Heydər Əliyevin ad günü ilə bir vaxta düşən bu tədbir Sankt-Peterburq Qanunverici Məclisi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu tərəfindən təşkil edilmişdir.
Konfransın işində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi aparatının rəhbəri Əli Həsənov, Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbərinin müavini Həsən Hacıyev, Milli Məclisin deputatları Elmira Axundova, Fəzail Ağamalı, şəhər hökumətinin nümayəndələri və parlament üzvləri, muzey direktorları, aparıcı ali məktəblərin rektorları, Sankt-Peterburqda akkreditə edilmiş əcnəbi diplomatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, elm xadimləri, sahibkarlar, Azərbaycan diasporunun və gənclərin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları dünya şöhrətli görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qoroxovaya küçəsindəki keçmiş Ali DTK məktəbinin binasına vurulmuş xatirə lövhəsinin önünə tər çiçəklər düzmüşlər.
Sankt-Peterburq parlamentinin foyesində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə həsr edilmiş "Heydər Əliyev Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir" adlı fotosərgi, habelə "Naxçıvan Muxtar Respublikasının tarixi abidələri və müasir həyatı" mövzusunda stendlər təşkil edilmişdir.
Burada Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" dördcildliyinin, Milli Məclisin deputatı Fəzail Ağamalının Azərbaycan Prezidenti İlham Əliyev haqqında yazdığı "İslahatçı Prezident" kitabının, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab və məcmuələrin, "Baku" və "İrs" jurnallarının təqdimatı olmuşdur. Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, tarix elmləri doktoru professor Yevgeni Zelenov Elmira Axundovanın əsərini yüksək qiymətləndirərək bu dördcildliyi böyük dövlət xadimi Heydər Əliyev haqqında ən genişhəcmli və maraqlı iş adlandırmışdır. Tarix elmləri namizədi Vadim Mixaylov isə tarix elmləri doktoru Fəzail Ağamalının kitabını yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu yeni tədqiqat siyasi ideyaların və milli dövlətçilik praktikasının varisliyinin Azərbaycanın davamlı və dinamik inkişafına, ölkədə demokratik, hüquqi cəmiyyət quruculuğuna, Azərbaycanın milli mənafelərinə xidmət edən xarici siyasət yeridilməsinə kömək etdiyini göstərir.
Konfrans başlanmazdan əvvəl Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov konfrans iştirakçılarını salamlayaraq Sankt-Peterburq Qanunverici Məclisinin və Heydər Əliyev Fondunun RF-dəki Nümayəndəliyinin iştirakı ilə təşkil edilmiş tədbirin keçirilməsinin məqsədləri barədə söhbət açmışdır. Qüdsi Osmanov Naxçıvan Muxtar Respublikasının tarixi və bu günü barədə danışarkən vurğulamışdır ki, Naxçıvan ərazisinin müdafiəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri çox böyükdür və Azərbaycan öz böyük vətənpərvər oğlunun bu rolunu heç vaxt unutmayacaqdır. Baş konsul xüsusi qeyd etmişdir ki, Azərbaycanın qədim diyarı Naxçıvan haqqında konfransın Sankt-Peterburq Qanunverici Məclisinin binasında keçirilməsi dostluq və tərəfdaşlıq xarakteri daşıyan Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olmasını göstərir.
Sankt-Peterburq Qanunverici Məclisi sədrinin müavini Gennadi Ozerov parlamentin sədri Vadim Tülpanovun təbrik məktubunu oxumuşdur. Sankt-Peterburq hökumətinin üzvü Mixail Brodski şəhər qubernatoru Valentina Matviyenkonun konfrans iştirakçılarına salamını çatdırmışdır. Tədbirdə çıxış edənlər - Sankt-Peterburq üzrə federal inspektor Aleksandr Volox, Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqələr üzrə Komitənin sədri Sergey Qrişin, Federal Miqrasiya Xidmətinin idarə rəisi Yelena Dunayeva, tarix elmləri doktoru Yevgeni Zelenov və başqaları ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulamışlar. Qeyd edilmişdir ki, görkəmli siyasi xadim, uzun illər boyu təhsil aldığı və işlədiyi Rusiyaya bağlı olmuş Heydər Əliyevin sayəsində Rusiyada Naxçıvan Muxtar Respublikasını yaxşı tanıyırlar. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin hər iki ölkənin xalqları qarşısında böyük xidmətləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə dostluğa istiqamətlənmiş siyasi xəttinin varisliyi barədə fikirlərini söyləmişlər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında bu konfransın və Azərbaycanın dilbər guşəsi Naxçıvanın təqdimatının təşkilatçılarına təşəkkürünü bildirmişdir. Diplomat siyasi, sosial-iqtisadi və mədəni sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyəti, Naxçıvanın bugünkü inkişafı barədə ətraflı məlumat vermişdir. P.Bülbüloğlu ümummilli lider Heydər Əliyevin iki xalq arasında münasibətlərin möhkəmlənməsində və dərinləşməsində rolunu xüsusi vurğulayaraq demişdir: "Bu gün Sankt-Peterburqda keçirilən konfrans və Heydər Əliyev haqqında kitabların təqdimatı Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf etməkdə olmasına daha bir sübutdur".
Naxçıvan MR Ali Məclisinin aparat rəhbəri Əli Həsənov öz məruzəsində Naxçıvan Muxtar Respublikasının tarixi və bu günü barədə danışmışdır. O, muxtar respublikanın inkişafında və çiçəklənməsində Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etmişdir. Əli Həsənov demişdir: "Heydər Əliyev Vətənə qayıdandan sonra təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın xilaskarı oldu. Bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur".
Daha sonra qeyd edilmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmiz misli görünməmiş tərəqqiyə nail olmuşdur. Azərbaycanda sosial-iqtisadi inkişafın bazası o qədər möhkəmdir ki, bütün dünyanı bürümüş qlobal maliyyə böhranı bizim ölkəni inkişaf yolundan döndərə bilməmişdir. Ə.Həsənov demişdir: "Biz əminik ki, bu konfrans Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinə töhfə verəcəkdir".
Milli Məclisin deputatı Elmira Axundova ətraflı məruzəsində Heydər Əliyevin siyasi həyatının əsas mərhələləri, onun Naxçıvana, sonra isə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtması barədə danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyev muxtar respublikaya rəhbərlik etdiyi iki ildən də az müddətdə əsas məqsədə - Naxçıvanı işğaldan xilas etməyə, sərt blokadanı aradan qaldırmağa, sakinləri aclıqdan və soyuqdan xilas etməyə nail olmuşdur. E.Axundova çıxışının sonunda demişdir: "Sonra o, bütün ölkəni fəlakətdən xilas etdi. Buna görə də bu gün biz respublikada bir cümləni tez-tez təkrar edirik: "Naxçıvan Əliyevi xilas etdi, Əliyev də Azərbaycanı".
Sonra "Şərqin doğan günəşi" adlı sənədli film nümayiş etdirilmişdir. N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasında Azərbaycanın baş konsulluğunun dəstəyi ilə Azərbaycan xalqının ümummilli ldieri Heydər Əliyevin ad gününə həsr edilmiş milli Azərbaycan musiqisindən ibarət konsert olmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 15 may.- S.
2.