Gəncədə Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatları sədrlərinin respublika müşavirəsi keçirilmişdir

 

Yeni Azərbaycan Partiyasının Gəncədə şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilmişdir. Əvvəlcə müşavirə iştirakçıları partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmiş, ulu öndərin meydandakı muzeyində onun həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar. Cavad Xanın məzarı və görkəmli söz ustası Nizami Gəncəvinin məqbərəsi də ziyarət olunmuşdur.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müşavirəni açaraq, tədbirin Gəncə şəhərində keçirilməsinin səbəbini açıqlamışdır. O demişdir ki, əsas məqsəd son zamanlar ölkəmizdə qazanılan uğurları Gəncənin timsalında bütün şəhər və rayon təşkilatlarının rəhbərlərinə göstərmək, eləcə də Gəncə şəhər təşkilatının qabaqcıl iş təcrübəsini öyrənməkdir.

Sonra Əli Əhmədov məruzə ilə çıxış etmiş, son illər ölkə iqtisadiyyatında qazanılmış uğurları, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bölgədə liderlik edən Azərbaycanın nailiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

Məruzəçi qeyd etmişdir ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində son illər çox böyük iqtisadi və sosial irəliləyişlərə nail olunmuşdur. Azərbaycan iqtisadiyyatının inkişafı bu gün dünyada yüksək dinamikaya malikdir. İqtisadiyyatın inkişafı xalqın həyatında çox böyük dəyişikliklərə səbəb olmuşdur. İnsanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmış, ölkədaxili ictimai-siyası durumun sabitliyi Azərbaycanın bu yüksəlişinə daha da təkan vermiş, xalqın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bununla da respublikamızın rolu və nüfuzu regionda xeyli artmışdır. Söz yox ki, bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi kimi xalq tərəfindən bəyənilir və dəstəklənir. Bunun bir ifadəsini də YAP-ın sıralarının artmasında görmək olar. 2005-ci ildə, parlament seçkiləri ərəfəsində YAP üzvləri 400 min nəfər idisə, indi bu rəqəm 500 mini keçmişdir. Bu rəqəm statistika deyildir. Bu, Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına, onun yaratdığı partiyaya, bu partiyanın sədri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə münasibətlərinin ifadəsi olmaqla yanaşı, bu siyasətin qətiyyətlə dəstəklənməsinin bariz göstəricilərindən biridir. Əli Əhmədov demişdir ki, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daha qətiyyətlə dəstəkləməsi YAP-ın gücünü, qüvvəsini, qüdrətini həm artıran, həm də onun çox etibarlı təməl üzərində dayanmasını təmin edən başlıca amildir. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, onun insanlar tərəfindən yüksək qiymətləndirilməsi və dəstəklənməsi Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində həyata keçirəcəyi kampaniyanın ən güclü və möhtəşəm arqumentidir. Söz yox ki, partiya sıralarının artması özlüyündə bu uğurların təsdiqi olduğu kimi qarşıdan gələn parlament seçkilərində partiyanın irəli sürəcəyi namizədləri daha qətiyyətlə dəstəkləməsi 5 il ərzində Azərbaycanda baş verən dəyişiklikləri insanlar tərəfindən yüksək qiymətləndirməsinin yeni bir ifadəsi olacaqdır.

YAP sədrinin müavini qeyd etmişdir ki, bu mənada hər bir partiya üzvünün qarşıdan gələn parlament seçkilərində 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə daha böyük uğurlara ümid bəsləməyə haqqı çatır. Bu haqq Azərbaycanın inkişafının yeni 5 illik dövrünün nailiyyətləri, sosial həyatın inkişafı sahəsində əldə edilən uğurları, Azərbaycanın müasirləşməsi və yeniləşməsi ilə, regionların, hər bir şəhər, rayon və kəndin, qəsəbənin simasının, eləcə də insanların həyatının kökündən dəyişməsi ilə bağlıdır. Əslində bütün bölgələrdə nəzərəçarpan bu yeniliklər həyatımızın dəyişməsidir. Bütün bunlar bütövlükdə Azərbaycanın özünün inkişafında yeni bir mərhələdır.

Natiq daha sonra demişdir ki, Heydər Əliyev də, onun yaratdığı partiya da xalqımızın çox taleyüklü və təlatümlü günlərində tarixi missiyanı layiqincə yerinə yetirə bilmişdir. Bu gün də YAP şərəfli bir missiya daşıyır. Hamıya yaxşı məlumdur ki, partiyanın həyata keçirəcəyi başlıca vəzifələrdən biri Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirməkdir. Bu ideyalar 40 ildir ki, Azərbaycana xidmət edir və bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Heydər Əliyev həyatda olmasa da, onun ideyaları Azərbaycan xalqına xidmət edir.

Məruzəçi daha sonra demişdir ki, bu gün Yeni Azərbaycan Partiyasının daşıdığı missiyalardan biri də Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlərdə iştirak etməkdən ibarətdir. 2003-cü ildən indiyədək Azərbaycan görünməmiş inkişaf mərhələsi keçmişdir. İstər iqtisadiyyatda, istər insanların həyat tərzində, istərsə də beynəlxalq aləmdə bu inkişaf hər birimizin gözləri qarşısında baş verir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bugünkü iqtidarın həyata keçirdiyi siyasətin qarşısında dayanan əsas hədəf insandır. İnsanın həyatını, yaşayışını dəyişdirməkdir. Şəhərlərimizin gözəlləşməsi, kəndlərimizin, qəsəbələrimizin yeniləşməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və bütövlükdə Azərbaycanın hər bir guşəsində müşahidə etdiyimiz yeniləşmə, müasirləşmə siyasəti söz yox ki, insanların şəraitinin yaxşılaşdırılmasına xidmət etmək məqsədi daşıyır. Gözəl şəhərdə və yaxud kənddə yaşayan insanlar bu gözəlliyi dərk edərək ruhlanır və özlərini inkişaf etmiş ölkənin vətəndaşları kimi hiss edirlər. Güclü və zəngin ölkənin vətəndaşı olmaq isə hər kəsdə qürur mənbəyi yaradır.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmiş, 2003-cü ildən indiyədək istər ümummilli liderimiz Heydər Əliyev tərəfindən, istərsə də son 6 ildə 10 dəfə Gəncəyə səfər edən Prezident İlham Əliyevin bu səfərlərindən sonra şəhərin ictimai-siyasi həyatında baş verən yeniliklərdən danışmışdır.

Müşavirədə YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Telman Məlikov, Milli Məclisin deputatı Asəf Hacıyev Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi tədbirlər nəticəsində qazanılmış uğurlardan danışmışlar.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müşavirəyə yekun vurmuşdur.

Tədbirdə Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Musa Quliyev, Aydın Abbasov iştirak etmişlər.

Müşavirə başa çatdıqdan sonra iştirakçılar Mir Cəlal Paşayev muzeyi ilə tanış olmuş, burada saxlanılan eksponatlara baxmış, sonra Gəncə şəhər kamera orkestrinin konsertini dinləmişlər.

İki gün davam edəcək müşavirənin növbəti günü iştirakçılar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yenicə təmirdən çıxmış binasında olacaq, təcrübə mübadiləsi aparacaqlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-15 may.- S.2