Qazaxıstanda ATƏT PA-nın
toplantısı keçirilir
Almatıda ATƏT-in "Avrasiya ölçüsü" Parlament Forumu və qurumun növbəti sessiyası keçirilir. Toplantıda Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputat qrupu da iştirak edir.
Qazaxıstanın Almatı şəhərində keçirilən ATƏT-in "Avrasiya ölçüsü" Parlament Forumunda Əfqanıstanda təhlükəsizlik, siyasi inkişaf, terrorizmlə mübarizə, Avrasiya məkanında iqtisadi münasibətlər, əmək miqrasiyası, təbii sərvətlərin idarə edilməsi, gender problemləri, dini dözümlülük məsələləri müzakirə olunur. Əfqanıstanda təhlükəsizlik məsələsinin müzakirəsi zamanı çıxış edən parlamentarilər bölgədə baş verən hadisələrdən narahatlıq ifadə etmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı çıxışlarında məlum 11 sentyabr hadisələrindən sonra yaradılmış Terrorizmə Qarşı Mübarizə Alyansında ölkəmizin iştirakı, Əfqanıstanla qarşılıqlı əlaqələr, beynəlxalq missiya çərçivəsində hərbi və digər yardımlar, Azərbaycanın da ermənilərin işğalına və terrora məruz qalması barədə məlumatları diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, Əfqanıstanda iqtisadi vəziyyət düzəlmədən, idarəetmədə qayda-qanun yaradılmadan inkişaf mümkün deyildir. Bu ölkədə baş verən hadisələr qonşu dövlətlərin siyasi, iqtisadi inkişafına da maneə törədir.
Forumun növbəti iş günündə Qırğızıstanda baş verən hadisələr, yeni çağırışlar, iqtisadi məsələlər müzakirə olunacaqdır. Forum işini başa vurduqdan sonra xüsusi qrup Qırğızıstandakı vəziyyəti təhlil etmək üçün bölgəyə səfər edəcəkdir.
Azərbaycan.- 2010.- 15 may.- S.
2.