Azərbaycan-Türkiyə əlaqələrində Naxçıvanın yeri

 

Naxçıvan həmişə strateji əhəmiyyətli bir bölgə olub. Dünyanın görkəmli dövlət xadimlərindən olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bəlkə də elə bu mənada müdrik insan, dahi rəhbər siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu diyarın möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Bu amil də torpaqlarımıza zaman-zaman göz dikən bədxah və yaramaz erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmalarında önəmli rol oynayıb.

 

Prezident İlham Əliyev də bu ənənəni, siyasi xətti uğurla davam etdirir. Bu ilin iyun ayının əvvəllərində Naxçıvana səfəri çərçivəsində çıxışlarının birində dövlət başçısı bir daha Naxçıvanın möhkəmləndirilməsinin vacibliyindən danışaraq deyib: "Naxçıvana daim xüsusi diqqət göstərilməlidir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır, strateji əhəmiyyətə malikdir..."

Naxçıvanın Qərblə Şərqi birləşdirən Böyük İpək yolunun üzərində yerləşməsi onu həmişə fatehlərin, qüdrətli dövlətlərin siyasi maraqlarının kəsişdiyi və toqquşduğu ünvana çevirib. 1918-20-ci illərdə Azərbaycanın əsas ərazisindən tədric olunan Naxçıvanın nə qədər gərgin və təzadlı bir dövr yaşadığını belə bir fakt da sübut edir ki, qısa müddətdə burada iki xarici dövlətin - ABŞ və İngiltərənin ermənipərəst general-qubernatorluğu fəaliyyət göstərib. Bu o dövr olub ki, Azərbaycan əraziləri hesabına öz dövlətini yaradan ermənilər təkcə əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənməyərək Naxçıvana da sahib çıxmaq istəyiblər. Yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin şimalda bolşeviklərin, cənubda ermənilərin hərbi təcavüzündən ehtiyatlanaraq barışdırıcı siyasət yeritməsi, qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməsi də "Böyük Ermənistan" ideyasını hansı yolla olursa-olsun gerçəkləşdirmək istəyən daşnakların əl-qolunu daha da açıb. Belə ağır və məşəqqətli dövrdə də ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi yeganə xilasını Azərbaycanın tərkibində qalmaqda görüb. Türkiyə dövlətinin bu dövrdə siyasi və hərbi cəhətdən göstərdiyi kömək əvəzsiz rol oynayıb.

Naxçıvanın muxtariyyət məsələsi təkcə döyüş meydanlarında həll olunmayıb. O, eyni zamanda fəal diplomatik və siyasət meydanında müzakirələrə cıxarılıb. Onun siyasi aktuallığını belə bir fakt da təsdiq edir ki, bu məsələ 1919-cu ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, Türkiyə Respublikasının və Ermənistanın milli şuralarında və parlamentlərində, 1919-cu ildə Versal Sülh Konfransında, sovet hakimiyyətinin ilk illərində Azərbaycan və Ermənistan inqilab komitələrində, Rusiya Xalq Komissarları Sovetində, 1921-ci il martın 16-da isə Rusiya Kommunist Bolşeviklər Partiyasının Siyasi Bürosunda müzakirə obyektinə çevrilib.

Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi yalnız 1921-ci ildə imzalanmış iki beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapa bilib. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də 1918-1921-ci illərdə Naxçıvanın yadelli düşmənlərdən qorunmasında böyük uzaqgörənlik nümunəsi göstərib. "Naxçıvan türk dünyasının qapısıdır" - deyən böyük öndər öz ölkəsinin çətin durumda, erməni daşnakları ilə mübarizəyə kömək məqsədilə Kazım Qarabəkir paşanın rəhbərliyi altında Naxçıvana böyük ordu göndərib. Onların köməyi ilə tayqulaq Andranikin rəhbərlik etdiyi daşnak yaraqlıları qovulub. 1921-ci il oktyabrın 13-də isə Qarsda Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə hökuməti arasında, sovet Rusiyasının iştirakı ilə imzalanan beynəlxalq müqavilədə Naxçıvanın muxtariyyət məsələsi öz əksini tapıb. Həmin müqavilənin beşinci maddəsində göstərilib ki, "Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin 3-cü əlavəsində göstərilən sərhəd daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməyə razıdırlar". Müqavilənin fəaliyyət müddəti də məhdudlaşdırılmayıb. O, bu gün də qüvvədədir. Türkiyə dövləti də tarixin bütün məqamlarında öz sözünün üstündə durmağa çalışıb.

Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri dərin tarixi köklərdən qaynaqlanır, müasir mərhələdə isə daha geniş xarakterli miqyas alıb. Avropanın böyük və qüdrətli dövlətlərindən, səlahiyyətli söz sahiblərindən biri sayılan Türkiyədə məmləkətimizin ayrılmaz bir parçası olan, iyirmi ilə yaxın bir müddətdə məkrli erməni qonşularımızın təqsirləri ucbatından iqtisadi blokada şəraitində yaşayan bölgəyə bu qədər sevgi və məhəbbətin olması da qürurvericidir. Həm də o mənada ki, Qafqazda geosiyasi proseslərin hələ də səngimədiyi, ermənilərin torpaqlarımıza qarşı iyrənc və məkrli iddialarının gücləndiyi bir vaxtda dünyanın aparıcı dövlətləri də qədim oğuz-türk yurdu olan Naxçıvanın bugünkü varlığından, onun keşməkeşli tarixindən, sosial-iqtisadi durumundan və sabahkı həyatından bu yolla yeni informasiyalar əldə edirlər.

Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun bu ilin aprel ayının sonlarında qardaş və dost Türkiyəyə səfəri ötən əsrin 90-cı illərini xatırlatdı. O vaxtları ki, SSRİ-nin dağılması nəticəsində yaranmış hərc-mərclikdən istifadə edən məkrli düşmənlərimiz məmləkətimizə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı ərazi iddialarını müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəlmişlər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin Bakı şəhərinə hərbi müdaxiləsindən 8 saat əvvəl erməni silahlı dəstələri Naxçıvanın sərhəd bölgələrinə hücum edərək Kərki kəndini işğal edirlər. Düşmənlərimizin işğalçılıq niyyətləri bununla tamamlanmır. Beynəlxalq təcrübədə misli görünməmiş təzyiq metodlarına əl atan Ermənistan hökumətinin məkrli siyasəti nəticəsində muxtar respublika ölkəmizin əsas ərazisi ilə birbaşa nəqliyyat-kommunikasiya əlaqələrindən məhrum olmuş, iqtisadi blokadanın ağrı və acıları ilə üz-üzə dayanmışdı. Elektrik enerjisinə olan tələbat təxminən səkkiz-on faiz həcmində ödənilirdi. Təbii qaz xətti kəsilmişdi. Dəmir yolu nəqliyyatında qatarların hərəkətinin dayanması vəziyyəti daha da ağırlaşdırmışdı. Qışın sərt şaxtalı günlərində evləri, mənzilləri qızdırmaq üçün odun, kömür, neft tapılmırdı. Ərzaq məhsulları, xüsusən də un sarıdan ciddi çətinliklər var idi. Bəzən çörək istehsal edən müəssisələrdə iki-üç günlük un ehtiyatı yaratmaq da müşkülə dönürdü. Çörək mağazaları qarşısında uzun növbələr yaranırdı. Naxçıvan dahi öndərin sözləri ilə desək, "taleyin ümidinə buraxılmış bir ada"nı xatırladırdı.

Muxtar respublika ağır sınaqlar, məhrumiyyətlər qarşısında idi. Yeganə xoşbəxtlik onda idi ki, Heydər Əliyev kimi dünya siyasətinin böyük korifeylərindən biri Naxçıvanda yaşayırdı və muxtar respublikaya rəhbərlik edirdi. Bütün ümidlər də təkcə dahi şəxsiyyətə bağlanmışdı. Dahi öndər Naxçıvanın xilası naminə mübarizəsinə indiyədək bizə həm yaxın, həm də uzaq olan qonşu xarici dövlətlərlə mədəni-iqtisadi əlaqələrin yaradılmasından başladı. Bu əlaqələr bölgəni labüd fəlakətdən xilas etdi.

Türkiyənin qüdrətli dövlət və siyasi xadimlərindən biri olan Süleyman Dəmirəl də Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rolunu yüksək qiymətləndirib. Onun fikrincə, Heydər Əliyev erməni təcavüzü nəticəsində blokadaya məhkum olunmuş Naxçıvana rəhbərlik etdiyi dövrlərdən Türkiyə ilə münasibətlərə xüsusi əhəmiyyət vermiş, bu hesaba ölkələrimiz arasında faydalı əməkdaşlığa nail olunmuşdur.

Prezident İlham Əliyev də muxtar respublikaya səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bu amili xüsusi vurğulayaraq deyib ki, "Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır."

"Naxçıvan türk-islam dünyasına bir qapıdır"- söyləyən Naxçıvan Ali Məclisinin o zamankı Sədri Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri 1992-ci ilin martında həyata keçirilmiş, səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Görüşlərdə əsas müzakirə edilən məsələ isə unudulmaqda olan Qars müqaviləsini yenidən gündəmə gətirməklə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyət olmuşdur. Nəticədə Türkiyənin Baş naziri ilə Naxçıvan Ali Məclisinin Sədri arasında birgə protokol imzalanaraq, bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

13 maddəlik protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapmışdı. Protokolda, həmçinin bank işi, turizm, informasiya sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan yüz nəfər tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəlinmişdir. Muxtar Respublika Ali Məclisinin Sədri bu protokolu böyük əhəmiyyətə malik tarixi sənəd kimi qiymətləndirmiş, icra strukturlarına protokolun icrası ilə əlaqədar konkret təkliflərlə çıxış etməyi tapşırmışdı.

1992-ci ilin may ayı isə Azərbaycanın, eləcə də Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü əhatə edib. Həmin ayda Bakıda siyasi qüvvələr arasında hakimiyyət davası qızışdığından və onların Qarabağı yaddan çıxarmalarından istifadə edən ermənilər ölkəmizə qarşı hücumlarını genişləndiriblər. Ermənilər Şuşa və Laçın şəhərlərini ələ keçirməklə, Dağlıq Qarabağın işğalını başa çatdırıblar. Məkrli düşmənlərimiz yaranmış şəraitdən istifadə edərək Naxçıvana qarşı hərbi təcavüzləri də gücləndirirlər. Yalnız ulu öndər Heydər Əliyevin gərgin siyasi, diplomatik səyləri nəticəsində onların məkrli planlarının qarşısı alınır. Bu dəfə də qardaş Türkiyə dövləti öz sözünü birmənalı deyir. Mayın 18-də Muxtar Respublika Ali Məclisinin Sədri Ermənistanın Naxçıvana təcavüzünün dayandırılması üçün Türkiyədən kömək göstərilməsini xahiş edir. Həmin gecə Türkiyə hökuməti xüsusi bəyanatla çıxış edərək, 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu yenidən bütün dünyaya bəyan edir. Məhz bu bəyanatdan sonra dünyanın 57 dövləti Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir.

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də açılan "Sədərək-Dilucu" körpüsü daha mühüm rol oynayıb. Həmin gün iqtisadi böhran içərisində yaşayan region bayram əhval-ruhiyyəsi yaşayır. Körpünün rəsmi açılışında iştirak etmək üçün Türkiyənin Baş naziri S.Dəmirəlin başçılığı ilə böyük nümayəndə heyəti Naxçıvana gələrək bölgə ilə ətraflı tanış olurlar. Muxtar respublikanın ictimai-iqtisadi həyatında mühüm mərhələ olan, iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu yerinə yetirən "Ümid" körpüsünün istifadəyə verilməsi böyük təntənə ilə qeyd olunur.

Körpünün açılış mərasimində,-"bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir, bu coşğunluğu anlaya bilmək lazımdır. Bu, bir birlik, milli coşğunluqdur" - deyən S.Dəmirəl onu da əlavə edir ki, "Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, ona bağlı Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-birləri ilə yaxınlaşacaqlar".

Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri kontekstində sonrakı illərdə də yüksələn xətlə inkişaf edib. Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun qardaş və dost ölkəyə ilk rəsmi səfəri 1996-ci il martın 12-17-si arasında olub. Bu səfər çərçivəsində aparılan danışıqlar da muxtar respublikanın mövcud problemlərinin həlli istiqamətində olub. Ali Məclis Sədrinin səfər müddətində Türkiyənin bütün ali rəhbərliyi - Prezident, Baş nazir, parlamentin spikeri görüş və söhbətləri də bölgəyə daimi diqqət və qayğısının sübutu olub.

2008-ci il iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın eyni vaxtda Naxçıvana səfəri böyük siyasi məna daşıyıb. Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsini regional əməkdaşlığa böyük töhfə olduğunu bildirən Prezident İlham Əliyev mətbuat üçün bəyanatında Türkiyənin hökumət başçısının bölgəyə səfərini yüksək qiymətləndirib.

İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlərdə iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq duyulub. Geniş tərkibdə keçirilən görüşdə "Sizin Naxçıvana səfəriniz çox böyük əhəmiyyət daşıyır və əminəm ki, onun nəticələri də çox uğurlu olacaqdır, Naxçıvan qədim Azərbaycan torpağıdır və Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd yeri buradır"- ölkə başçımızın bu sözlərinə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onu da əlavə edib ki, "sərhəd şəhəri Naxçıvanda keçirəcəyimiz görüşlərin çox böyük mənası olacaqdır. Bu baxımdan biz buna çox böyük əhəmiyyət veririk."

Bu görüşdə əldə olunan nəticələrdən razı qaldığını söyləyən dövlətimizin başçısı onu da bildirib ki, Naxçıvanın enerji təhlükəsizliyi barədə ətraflı söhbət oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından, xüsusilə gələcəkdə bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulur. Bu layihənin təbii davamı olaraq Naxçıvanın bu xəttə birləşməsi də mümkündür.

Enerji təhlükəsizliyinin vacibliyini bildirən Prezident İlham Əliyev onu da deyib ki, Naxçıvanın yeni layihəyə qoşulması muxtar respublikanın gələcək iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Eyni zamanda, bölgəni nəqliyyat mühasirəsindən çıxarmaq üçün Naxçıvanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşməsi məsələsi də müzakirə olunaraq müsbət rəyə gəlinib. Nəzərə alsaq ki, ötən iyirmi il ərzində regionun polad relslərində də hərəkət dayanıb, onda bu layihənin hansı əhəmiyyət kəsb etdiyini də aydın görmək olar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyəyə indiki rəsmi səfəri, orada keçirdiyi görüşlərdə də bu məsələlər yenidən gündəmə gətirilib, onların operativ həlli üçün konkret yollar müəyyənləşib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə reallaşan bu səfərdə Naxçıvan Ali Məclisinin Sədri Türkiyənin dövlət və hökumət başçıları, ordu rəhbərliyi və digər rəsmi şəxslərlə görüşüb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla və xarici işlər naziri ilə görüşlərdə Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Türkiyə Hava Yollarının Naxçıvana reyslər açması, Qars-Naxçıvan dəmir yolunun, İqdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihələrin müzakirəsi regionun gələcək inkişafına istiqamətlənib. Türkiyə hökuməti regional əməkdaşlığı gücləndirmək üçün 3 dövləti - Türkiyə, Azərbaycan və İranı əhatə edəcək sərhəd qapısının yaradılması üzrə də iş aparır.

Türkiyənin xarici siyasət idarəsinin başçısı Əhməd Davudoğlu belə bir amili də xüsusi vurğulayıb ki, "Türkiyə-Azərbaycan əlaqələrinin ən çox inkişaf etdiyi bölgələrdən biri Naxçıvandır. Naxçıvanın təhlükəsizliyi və rifahı bizim təhlükəsizliyimiz və rifahımızdır." Türkiyəyə səfərə dəvətə görə təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib ki, bu gün aparılan müzakirələr onu deməyə əsas verir ki, tarixi, adəti, dili, dini ilə bir-birinə bağlı olan Azərbaycan-Türkiyə əlaqələri, habelə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Türkiyə ilə əməkdaşlığı bundan sonra da davam edəcək və daha möhkəm təməllər üzərində inkişaf edəcəkdir.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğla görüş və hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi isə bölgədə siyasi təhlükəsizliyin təminatı olub.

Səfərin sonuncu günü isə Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül Naxçıvan Ali Məclisi Sədrini qəbul edib. Görüşdə Naxçıvan MR ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

Təbii ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyəyə səfəri indiki ərəfədə dünyaya, o cümlədən Ermənistana mesaj baxımından da müsbət qiymətləndirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ümidlərin azaldığı bir vaxtda ölkəmizlə quru sərhəd xətti olmayan Naxçıvanın iqtisadi və müdafiə qüdrətinin bu dərəcədə artması xarici tərəfdaşlarımızın da ürəyincə olub.

Bu il aprel ayının 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunan müşavirədə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə bir amili xüsusi vurğulayıb ki, yeniləşmiş Madrid prinsipləri əsasında son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər. Əgər təkliflər qəbul olunmazsa, onda, ümumiyyətlə, danışıqlar prosesinə yenidən baxılmalıdır və əlbəttə ki, Azərbaycan yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcəkdir.

Politoloqların fikrincə, Ali Məclis Sədrinin Türkiyə rəhbərliyi ilə görüşdə Qars müqaviləsini yenidən gündəmə gətirməsi də adi məsələ olmayıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun, "Qars müqaviləsinin keçərliliyi məsələsində heç bir şübhə yoxdur. Bu müqavilə istər beynəlxalq hüquq, istərsə də Türkiyənin öhdəliyinə sadiqliyi baxımından möhkəmdir. Bu sənəddə mühüm maddələrdən biri olan Türkiyənin Naxçıvanın təminatçısı olması da çox açıqdır. Bu, beynəlxalq hüququn təsbit etdiyi kimi, Türkiyənin öhdəliyidir. Bu öhdəlik əbədiyyətə qədər davam edəcəkdir",- sözləri isə məkrli qonşularımızı ciddi narahat edib.

Bir sözlə, dünənə qədər əyalət mərkəzini xatırladan, iqtisadi blokadanın çətinlikləri ilə üzləşən Naxçıvan indi yalnız regional deyil, dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir. Azərbaycan-Türkiyə əlaqələri konteksində o, aparıcı rol oynayır. Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət düşmən mühasirəsində yaşayan Naxçıvanın daha da möhkəmlənməsinə, güclənməsinə xidmət edir. Bu gün regionun ən ucqar sərhəd bölgələrində aparılan quruculuq tədbirləri də bu cür düşünməyə əsas verir.

Onu da qeyd edək ki, son illər Naxçıvan ölkəmizlə yaxından əməkdaşlıq edən xarici dövlətlər, beynəlxalq qurumlar üçün həm də cəlbedici regiona və etibarlı tərəfdaşa çevrilir. Bu gün muxtar respublikanın Türkiyə ilə bərabər İran İslam Respublikası, Avstriya arasında da yaxın və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ötən ilin oktyabr ayının 2-də və 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi də muxtar respublikanın tanıdılmasında önəmli rol oynayıb.

 

 

Məmməd MƏMMƏDOV,

Naxçıvan MR Ali Məclisinin

deputatı, tarix elmləri namizədi

 

Azərbaycan.- 2010.- 15 may.- S.  3.