Elm cəmiyyətdə ən yüksək yerdə olmağa layiqdir

 

İnsanlar insan olmağı öyrənməzdən əvvəl elm onlara İlahi qüvvə verdi.

 

Jan Rostan

 

Amerika Birləşmiş Ştatlarının qurucularından biri Avraham Linkoln demişdi: "Dövlətin vəzifəsi yalnız varlığını sürdürmək deyil". Məhz onun təşəbbüsü sayəsində ABŞ-ın Milli Elmlər Akademiyası təsis edilmişdi. O hesab edirdi ki, "...yeni və faydalı kəşflər üçün düha ocağının alovlanmasını təmin edən yeni mənəvi yanacaq əlavə olunmalıdır".

Azərbaycanda müstəqilliyin ilk illəri iqtisadi və siyasi kollaps, xalq təsərrüfatının dağılması və vətəndaş müharibəsi təhlükəsi dövrü olduğundan əsas vəzifə bu təhlükənin dəf olunması, dövlətin varlığının davam etdirilməsi idi. Hakimiyyətə qayıtmış Heydər Əliyevin fövqəladə siyasi iradəsi və liderlik keyfiyyətləri sayəsində qarşıya qoyulmuş məsələlərin həlli mümkün oldu. Heydər Əliyevin dövləti möhkəm əsaslar üzərində inşa etməsi Azərbaycanı ən sürətlə inkişaf edən iqtisadiyyat sahibi olan ölkələrdən birinə çevirdi.

İndi ölkəmizin qarşısında keyfiyyətcə daha yüksək səviyyəyə nail olmaq vəzifəsi durur. Bunun üçün mühüm şərtlərdən biri elmin inkişafıdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin böyük rezonans doğurmuş "Ictimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı əsərinin əsasında məhz bu ideya durur. Məqalədə ölkəmizdə humanitar elmin hazırkı vəziyyətindən dərin narahatlıq ifadə olunur. Düşünürük ki, belə narahatlıq müəyyən qədər təbiət elmləri sahəsində də duyulur.

Prezident İlham Əliyevin irəli sürdüyü "Neft kapitalını insan kapitalına çevirək" tezisinin uğurla həyata keçirilməsi "...elmdə, təhsildə və intellektual fəaliyyətin bütün sahələrində əhəmiyyətli dönüşə nail olunması və əldə edilmiş biliklərin əsasında ölkənin iqtisadiyyatının gücləndirilməsi zəruridir".

 

Elmi inkişafın əsasları

 

Prezident Barak Obama bu yaxınlarda ABŞ-ın Milli Elmlər Akademiyasında çıxışında Amerika gənclərinin İngiltərə, Koreya, Hollandiya, Sinqapur, Yaponiya və s. kimi ölkələrdəki yaşıdlarından riyaziyyat və təbiət elmləri sahələrində geri qaldığını böyük narahatlıqla ifadə etdi. Prezidentin dediyinə görə, 15 yaşlı amerikalı gənc bu gün riyaziyyat sahəsində dünyanın digər gəncləri ilə müqayisədə 25-ci yerdə, təbiət elmləri sahəsində isə 21-ci yerdə durur. ABŞ Prezidentinin rəyincə, bunun səbəbi Amerikada elmi dürüstlüyün və obyektivliyin dayaqlarının aşılanması və bir çox hallarda tədqiqatların ideoloji tələblərə uyğun olaraq aparılmasıdır. Hər zaman elmin siyasiləşməsi və ideologiyaya tabe edilməsi cəmiyyətin inkişafına və elmi-texniki tərəqqiyə əngəl olmuşdur. Buna əyani misal keçmiş SSRİ-də iqtisadiyyat elminin siyasiləşməsidir ki, onun acı nəticələrini bu gün də MDB məkanında müşahidə etməkdəyik. Elmin siyasiləşməsi o qədər təhlükəlidir ki, o, elmin və siyasi quruluşun dayaqlarının çürüməsi və ölkənin iqtisadi inkişafının əngəllənməsi kimi fəsadlar törədir. Bu siyasiləşmə hətta yaradıcılıq prosesinə məhvedici təsir edir və yaradıcılığı idarə işi halına gətirir. Elmi siyasiləşdirmək yerinə siyasəti elmi təməllər üzərində qurmaq daha doğru sayılır.

SSRİ-də iqtisadiyyat humanitar elmlərə aid edilirdi və siyasi sifarişi yerinə yetirirdi. Ona görə SSRİ-də minlərlə yüksək elmi dərəcəli iqtisadçının olduğuna baxmayaraq, onların heç biri nüfuzlu elmi mükafat qazana bilmədilər. Yalnız bir nəfər, akademik Leonid Kantoroviç iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. Akademik L.Kantoroviç isə ixtisasca riyaziyyatçı idi.

İqtisadiyyat heç zaman humanitar elm olmamışdır. Bu elmin əsasında, xüsusən, indiki zamanda, geniş və dərin riyazi aparat və informasiya texnologiyaları metodları durur. Bu səbəbdən Azərbaycanda elmin strukturunda iqtisadiyyat elmini humanitar elmlər cərgəsindən çıxarıb təbiət elmləri sırasına daxil etmək məqsədəuyğun olardı. Düşünürəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında iqtisadiyyat elmi ya ayrıca bölmə şəklində təmsil olunmalıdır və ya bu elm sahəsi fizika-riyaziyyat və texnika elmləri bölməsinə aid edilməlidir. Belə bir addım riyaziyyatçılar və informasiya texnologiyaları mütəxəssisləri ilə iqtisadçılar arasında əməkdaşlığın getdikcə sıxlaşmasına və iqtisadiyyat elminin durğunluqdan çıxmasına gətirərdi. Beləliklə də, dövlətə və cəmiyyətə bu elm sahəsinin faydası daha çox dəyərdi.

2003-cü ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında elmi inkişafın təşkili ilə bağlı AMEA-nın üzərinə böyük və məsuliyyətli vəzifələr qoyulmuşdur. 2009-cu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" təsdiq edilmişdir. Söylədiklərimizin fonunda Azərbaycan Milli Elmlər Akademiyasının varlığının əleyhinə deyilən bəzi fikirlər ən azı, təəccüb doğurur. Görünür, ümummilli lider Heydər Əliyevin vaxtı ilə söyləmiş olduğu "Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir və onu qoruyub saxlamalıyıq" fikrini unudanlar var. Belə ki, söylənən fikirlərin söykəndiyi əsas arqument Milli Elmlər Akademiyası ilə müqayisədə ali məktəblərdə elmi dərəcəli kadrların sayının daha çox olması və bir çox ölkələrdə elmlər akademiyalarının alimlər klubu kimi fəaliyyət göstərməsidir.

Elmin səviyyəsi heç zaman elmi dərəcəlilərin sayı ilə ölçülməz. Elmi dərəcəlilərin sayının bütün əməkdaşların ümumi sayına nisbəti AMEA-da ali məktəblərdəkinə nəzərən daha yüksəkdir. Beləliklə, bu göstərici ali məktəblərin xeyrinə deyil. Elmin səviyyəsi dünyanın nüfuzlu elmi jurnallarında ( beynəlxalq məlumat bazalarına daxil olan SCİ (science citation index), SSCİ (social science citation index), SCOPUS və s. çap olunmuş məqalələrin, bu məqalələrə başqa müəlliflər tərəfindən istinad olunması hallarının və dünyanın aparıcı elmi mərkəzlərində çıxış etmək üçün dəvətlərin sayından bəlli olur. 2009-cu ildə təkcə AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsi üzrə SCİ məlumat bazasına daxil olan jurnallarda 150-dən çox məqalə çap edilmişdir. Bu göstərici birlikdə götürülmüş bütün ali məktəblərin analoji göstəricisindən daha yüksəkdir. Həm də AMEA-da aparılan elmi-tədqiqat işlərinin səviyyəsi ali məktəblərdəki analoji səviyyədən ölçülməz dərəcədə yüksəkdir.

Hazırda çox ölkələrdə aktiv fəaliyyət göstərən elmlər akademiyaları mövcuddur. Gündən-günə möhkəmlənən Rusiya Elmlər Akademiyası, Ukrayna Milli Elmlər Akademiyası, Çinin inkişafında xüsusi rol oynamış Çin Xalq Respublikası Elmlər Akademiyası, Fransa Elmlər Akademiyası, Amerika Birləşmiş Ştatlarının Milli Elmlər Akademiyası və başqalarını misal göstərmək olar. Fransa Elmlər Akademiyası yarandığı gündən dövlətin himayəsindədir. Amerika Milli Elmlər Akademiyasını "millətin elm, texnika və tibb sahəsində müşaviri-məsləhətçisi" adlandırırlar. Bu qurum kifayət qədər elmi nüfuzu olan təşkilat hesab edilir və dövlət büdcəsindən maliyyələşir. Həmin maliyyə akademiya tərəfindən elmi mərkəzlərə qrant şəklində paylanır. Əgər Amerika Milli Elmlər Akademiyası alimlər klubu olsaydı, çətin ki, ABŞ Prezidenti B.Obama akademiyaya böyük önəm verərək onu ziyarət edərdi.

 

Elmin maliyyələşməsi

 

Elmin inkişafının təməl şərtlərindən biri onun maliyyəsidir.

ABŞ Prezidenti B.Obama Amerika Milli Elmlər Akademiyasında çıxışında qeyd edib ki, Amerikanın ən gözəl illəri elmə yüksək kapital qoyuluşu ilə yadda qalmışdır. Çıxışının sonunda Prezident demişdir: "Bu gün mən aşağıdakı vəzifələri əsas hədəfimiz kimi nəzərdə tuturam. Biz ümumi daxili məhsulun 3 faizini elmi tədqiqatlara ayıracağıq; kapitalı fundamental və tətbiqi araşdırmalara yönəldəcəyik; xüsusi innovasiyaların işlənib hazırlanması üçün yeni həvəsləndirici mühit yaradacağıq; energetika və tibb sahələrində yeni nailiyyətlərin əldə olunmasını təşviq edəcəyik; riyaziyyat və təbiət elmləri sahəsində təhsilin keyfiyyətini yüksəldəcəyik. Bu, Amerikanın bütün tarixində elmi-texniki tərəqqi yolunda ən böyük töhfə olacaqdır".

Azərbaycanda elmi araşdırmalara ayrılan vəsait büdcənin 0,9 faizini, başqa sözlə, ÜDM-in 0,32 faizini təşkil edir. Təəssüf ki, bu vəsait də ildən-ilə azalır. Buna görə də, elmin maliyyələşməsinə münasibət kökündən dəyişməlidir. Əlbəttə, bu o demək deyil ki, birdən-birə elmə ayrılan vəsaiti kəskin artırmaq lazımdır. "Mənə pul verin, mən hər şeyi düzəldərəm" prinsipi elmdə işləməz! Elmə məsrəfi artırmaq sözsüz ki, lazımdır, amma bunu addım-addım və effektiv surətdə həyata keçirmək vacibdir.

Vəsaitin bir hissəsi qrant şəklində, ölkə üçün birinci dərəcəli əhəmiyyəti olan (prioritet) sahələrə və bununla yanaşı, beynəlxalq məlumat bazalarına (SCİ, SSCİ, SCOPUS və s.) daxil olan jurnallarda nəşr olunan məqalələrin aid olduğu sahələrə yönəldilməlidir. Və elə sahələr dəstəklənməlidir ki, onların nümayəndələri dünyanın aparıcı elm mərkəzlərinə dəvətlər alır, həmin mərkəzlərdə tədqiqatlar aparır, məruzələr edir və bununla, Azərbaycan elminin beynəlxalq elmlə əlaqələrini möhkəmləndirir.

Bir elm sahəsinə aid olan elmi nəticələrin ardıcıl olaraq aparıcı elmi jurnallarda yayımlanması və həmin sahənin təmsilçilərinin aparıcı elmi mərkəzlərə tez-tez dəvətlər alması həmin elm sahəsinin Azərbaycanda təşəkkül tapmasına və dünya elmində tanınmasına dəlalət edir və buna görə də onun inkişafını stimullaşdırmaq zəruridir. Əgər hər hansı elmi əməkdaş aktiv elmi fəaliyyətdən uzaqlaşmışsa, onun elmi istiqamətinin maliyyələşdirilməsi məsələsi nəzərdən keçirilməlidir. Bu zaman təqaüd yaşına çatmış alimlərin təcrübəsindən istifadə olunmaqda davam etməli və onların əməyi elmə verdikləri töhfələrə görə dövlət tərəfindən müxtəlif mükafatlar, təqaüdlər və s. şəkillərdə qiymətləndirilməlidir.

Xüsusi diqqət beynəlxalq qrantların alınmasına verilməlidir. Dünyanın aparıcı alilmləri ilə birgə tədqiqatlara qrantlar ayrılması üzərində düşünmək də məqsədəuyğundur. Bu münasibət bizim alimlərə beynəlxalq elmi-tədqiqatlara inteqrasiya və elmi nəticələrin praktik tətbiqi üçün beynəlxalq təcrübədən faydalanmaq imkanı verərdi. Məsələn, Amerika Mülki Tədqiqatlar fondunun vaxtı ilə Azərbaycan daxil olmaqla MDB məkanında birgə tədqiqatların aparılmasına qrantlar ayırması təcrübəsi faydalı olardı.

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlində elmi tədqiqat artıq kollektiv işə çevrilmişdir. Bunun parlaq sübutu Nobel və digər mükafatların əksər hallarda müxtəlif ölkələrdən olan alimlər qruplarına verilməsidir. Yüksək texnologiyaların sayəsində müxtəlif ölkələrdə yaşayan bir qrup alimlər öz ölkələrində qalaraq eyni elmi mövzu üzərində birgə çalışa bilirlər. Beləliklə, müxtəlif ölkələrdə yerləşən elmi mərkəzlərlə və ayrı-ayrı alimlərlə əlaqə yaratmaq zərurəti ortaya çıxır. Bu həm dünya elminə inteqrasiya olunmağa, həm də yüksək beynəlxalq səviyyəyə uyğun elmi araşdırmalar aparmağa imkan verər.

Elmin əsas sifarişçisi hər zaman dövlət olmuşdur. Lakin dövlətin vəsaiti ciddi nəzarət altındadır. Elmi-tədqiqat işi fərdi xarakter daşımamalıdır. Sovet dönəmində belə bir fikir səslənirdi: "Elmi iş dövlət vəsaiti hesabına şəxsi mənəvi tələbatın qarşılanmasıdır". O zamanlar keçdi. İndi elm dövlətə və cəmiyyətə konkret gəlir gətirməlidir. Vəsaitin bir hissəsi tanınmış alimlərin fundamental tədqiqatlarına yönəldilməlidir. Elm dövlətin nəzarəti altında olmalıdır. Lakin bu total nəzarət olmamalıdır. Bir çox tədqiqatlar fikir sərbəstliyi tələb edir. Ona görə də elmi investisiyaların sərhədləri dəqiq müəyyən edilməlidir. Vəsaitin hansı hissəsinin tətbiqi elm sahələrinə, hansının isə gələcəkdə effektiv istifadə oluna biləcək fundamental araşdırmalara yönəldilməsi sərhədləri dəqiq bilinməlidir. Bu yöndə, çox işlək mexanizm Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış elm fondu ola bilər. Gələcəkdə elmə ayrılacaq vəsaitin əsas hissəsinin paylanmasını AMEA və elm fondu vasitəsilə həyata keçirmək olar.

 

Elmi nəticələrin qiymətləndirilməsi və stimullaşdırılması

 

Elmi tədqiqatların effektliliyini yüksəltmək üçün elmi nəticələrin keyfiyyətinin qiymətləndirilməsinin informasiya sistemi yaradılmalıdır. AMEA-nın Kibernetika İnstitutu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə səyi ilə belə bir informasiya sisteminin yaradılması artıq başa çatmaq üzrədir. Bu informasiya sistemi dövlət qrantlarının paylanmasında, müxtəlif elmi mükafatların və təltiflərin verilməsində, AMEA-nın müxtəlif bölmələr üzrə aktiv elmi əməkdaşlarının ortaya çıxarılmasında və onların mükafatlandırılmasında və s. kimi işlərdə istifadə oluna bilər. Bu, elmdə sağlam rəqabətə gətirər, elmi tədqiqatların öncül (prioritet) istiqamətlərini müəyyən edər və dövlət vəsaitinin elmi araşdırmalara daha şüurlu yönəldilməsinə imkan verərdi.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bu informasiya sisteminin əsasında elmi əməkdaşların aldığı nəticələrə verilən istinad indeksi durmalıdır, çünki bu indeks tədqiqatın dünya elminə inteqrasiyasını və bu tədqiqata olan elmi marağı inikas etdirir. Tarixi təcrübə göstərir ki, belə yanaşma tərzi ilk mərhələdə bir çox çətinliklərlə müşayiət olunacaqdır, çünki hal-hazırda keçmiş Sovet İttifaqındaki hər sahədə, o cümlədən elm sahəsində də qapalı rejim şəraiti hələ uzun müddət davam edəcəkdir. Xatırladaq ki, Sovet İttifaqında xarici alimlərlə əlaqələr belə, ən azı bəyənilmirdi. Buna görə də bəzi keçmiş sovet respublikaları özlərinə məxsus elmi istinad indeksi bazası yaratmışlar. Məsələn, Rusiyada milli elmi istinad indeksi bazası işlənib hazırlanmışdır. Bu baza hər hansı alimin elmi işinin effektivliyinin qiymətlənməsinə imkan verir. Nəticədə qrantların və ya hər hansı mükafatların verilməsi zamanı obyektiv qərar qəbul edilməsi imkanı yaranır.

Universitetlərin reytinqinin təyin edilməsi üçün Azərbaycanda da analoji sistemin yaradılması məqsədəuyğundur. Elm, texnika, ədəbiyyət və mədəniyyət sahələrində Azərbaycan dövlət mükafatının təsis olunmasını məmnuniyyətlə qeyd etmək istərdik.

Gənc alimlərə də elm və texnika sahəsində dövlət mükafatının verilməsi ənənəsini dirçəltmək məqsədəuyğundur.

Vacib məsələlərdən biri SCİ məlumatlar bazasına daxil olan jurnallarda alimlərimizin məqalələrinin nəşr olunmasıdır. Yuxarıdan verilmiş heç bir göstərişlə bu məsələ həll olunmaz. İlk növbədə, alimlərin səmərəli çalışmasına lazımi şərait yaradılmalıdır. Yeni eksperimental elmi araşdırmalar üçün müasir avadanlığın varlığı təmin olunmalıdır. Nəzəri tədqiqatlar üçün isə aparıcı elmi jurnallara və ya heç olmasa, onların elektron variantına giriş imkanı əldə edilməlidir. Bunun üçün bizim kitabxanaların təchizatına xüsusi diqqət verilməsi, dövlət qrantlarının ayrılması zamanı isə müasir avadanlığın alınması məsələsi xüsusi maddə ilə göstərilməlidir.

2009-cu ildə dövlət tərəfindən AMEA-ya avadanlıq alınması üçün 4 milyon manat, 2010-cu ildə isə 3 milyon manat vəsait ayrılmışdır. Çətin ki, bu vəsaitlə zəruri müasir avadanlıqlar alınsın. Buna görə də əsas hissəsi avadanlıq alınmasına yönəldiləcək dövlət qrantları vasitəsi ilə bu məsələni həll etmək olar.

Azərbaycanda dünyanın aparıcı jurnallarının elektron versiyasına giriş praktik olaraq yoxdur, çünki bu giriş əksər hallarda pul ödənişi tələb edir. Zənnimizcə, məsələ öz həllini mərkəzləşmiş qaydada tapmalıdır. Avadanlığın alınması işində təkrarlanmalara yol verməmək üçün bu məsələdə AMEA və ali məktəblər arasında dəqiq iş bölgüsü aparılmalıdır. Aparıcı jurnallara girişin və müasir elmi avadanlığın çatışmaması Azərbaycanda elmin inkişafına ciddi əngəllər törədir.

 

Təhsilin problemləri

 

Ali məktəblərin əsas məqsədi keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri reytinqində mümkün qədər yüksək ranqa nail olmaqdır. Etiraf etmək lazımdır ki, Azərbaycanın təhsil sistemində müəyyən irəliləyiş var. Bununla bərabər, təcili həllini tələb edən çox sayda problemlər də qalmaqdadır.

Açı təəssüflə qeyd etmək lazımdır ki, dünyanın 500 universitetinin reytinq siyahısında Azərbaycanın heç bir ali məktəbinin adı yoxdur. Hətta keçmiş sovet respublikalarının xüsusiyyətlərini nəzərə alaraq tərtib olunmuş 400 ali məktəb siyahısında MDB məkanında fəaliyyət göstərən 60 ali məktəbin adı göstərilir, Azərbaycandan isə bir ali məktəbin belə, adı həmin siyahıya düşməyib. Sonuncu siyahıda Qazaxıstanın, Litvanın, Latviyanın, Estoniyanın ali məktəblərinin adları var. Bu bizi ciddi düşündürməlidir.

Ali məktəblərin reytinqi dedikdə, bu məfhum bir çox məziyyətləri ehtiva edir: müasir informasiya texnologiyalarının istifadə olunduğu tədrisin səviyyəsi, elmi avadanlıqla təchizat; yerinə yetirilmiş elmi işlərin və nəşr olunmuş məqalələrin səviyyəsi; beynəlxalq əlaqələr; ali məktəbin mövcud resursları; sözü gedən ali məktəbin nüfuzlu mükafatlar laureatı olmuş müəllimləri və məzunlarının sayı və s. Yerinə yetirilmiş elmi işin səviyyəsi yalnız bu mövzuda nəşr olunmuş məqalələrin sayı ilə deyil, daha çox bu məqalələrə edilən istinad qeydləri ilə müəyyən olunur. Ali məktəbin beynəlxalq nüfuzu onun web.site-ına edilmiş müraciətlərin Google statistikasında göstərilən sayı ilə qiymətləndirilir. Sadaladığımız bütün göstəricilər üzrə ali məktəblərimizin qarşısında təcili həll olunmalı çox problemlər var.

Bizim təhsilimizi geri salan bir zərərli göstərici də əlaçı tələbələrin süni surətdə şişirdilmiş sayıdır. Belə əlaçılar kimə gərəkdir? Tələbələr arasında bu əlaçılar qatının süni surətdə formalaşdırılması zərərdən başqa heç kimə heç nə gətirmir.

Başqa bir vacib məsələ isə ali məktəb müəllimlərinin yenidən hazırlanması məsələsidir. Bu məsələnin həlli üçün Qərb universitetlərinin təcrübəsində olduğu kimi, ali məktəb müəllimlərinin aparıcı ali məktəblərə tədrisin müasir metodlarını mənimsənilməsi üçün uzun müddətli ezamiyyətini nəzərdə tutan, Sabbatical proqramı deyilən proqram təşkil etməyi məqsədəuyğun hesab edirik. Burada başlanğıc üçün Rusiya ali məktəblərinin, daha sonra isə Qərb universitetlərinin təcrübəsindən istifadə etmək olar.

Ali məktəbin maliyyələşməsi vacib məsələlərdən biridir, daha dəqiq desək, vacib məsələ bir tələbənin birillik təhsilinə ayrılan vəsaitin miqdarıdır. Avropanın aparıcı ali məktəblərində hər tələbənin bir ildə təhsilinə ayrılan vəsaitin miqdarı 30 min ABŞ dollarıdır. Lakin onların da arasında elə yüksək ranqlıları var ki, orada bu rəqəm 100 min ABŞ dollarına qədər yüksəlir. Azərbaycanda bu rəqəm 1.500 ABŞ dolları civarındadır. Avropa Birliyi ölkələrində təhsilə ayrılan vəsait orta hesabla ÜDM-in 1,1 faizini, ABŞ-da isə 2,3 faizini təşkil edir. Azərbaycanda bu rəqəm ÜDM-in 0,02 faizi qədərdir. Bu vəsaitlə çətin ki, yüksək səviyyəli mütəxəssis yetişdirmək mümkün olsun. Qısa zaman ərzində bu göstəricini Avropa səviyyəsinə çatdırmaq təbii ki mümkün deyil! Bu məsələnin həlli çox dərin təhlil və bir çox tədbirlərin tədricən və ehtiyatla həyata keçirilməsini tələb edir. Bu məbləğin mərhələlərlə optimal miqdara çatdırılması üçün dövlət proqramının işlənib hazırlanması məqsədəuyğundur. Bu mərhələlərdə ali məktəblərdəki çatışmazlıqlar daha qabarıq şəkildə görünəcək və onların aradan qaldırılması yollarını müəyyənləşdirmək daha rahat olacaqdır.

Orta məktəblərdə 9+2 sxeminin tətbiqi ali məktəblərə axını bir qədər azaldacaqdır. Digər tərəfdən biz hansı sahələrdə və nə qədər mütəxəssisin gərək olduğunu dəqiq müəyyənləşdirməli olacağıq. Bizə indi hazırlandığı qədər tibb mütəxəssislərinin, hüquqçuların, tarixçilərin və s. hazırlanması lazımdırmı? Mütəxəssislərin hazırlığını və onların miqdarını dəqiq tənzim edən dövlət proqramı qəbul edilməlidir. Bu, tələbələrin təhsilinə ayrılan vəsaiti artırmağa imkan verərdi.

Azərbaycan Prezidenti dövlət dəstəyi ilə 5 min azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrdəki nüfuzlu universitetlərə göndərilməsi haqqında sərəncam verib. Bu əlamətdar sənəd Azərbaycanda nəinki təhsilə güclü impuls verəcək, eyni zamanda, ölkəmizdə informasiya texnologiyaları, iqtisadiyyat, beynəlxalq əlaqələr və s. kimi müasir elm sahələrinin möhkəm təməlini qoyacaqdır.

Prezidentin başqa bir sərəncamı ilə gənc tətqiqatçıların doktorluq dissertasiyaları hazırlaması üçün nüfuzlu beynəlxalq mərkəzlərə göndərilməsi məqsədi ilə dövlət vəsaiti ayrılmışdır.

Beləliklə, Azərbaycanda əsasını elm və təhsilin təşkil etdiyi inkişaf modelinin formalaşdığını təsbit etmək olar. Ona görə də Prezident sərəncamlarının effektiv surətdə həyata keçirilməsi üçün xaricdə təhsil alacaq tələbələrin seçilməsinin dövlət proqramı işlənib hazırlanmalı və bu proqramda üstün təhsil sahələri xüsusi göstərilməlidir.

Elmi menecment üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilməsi zəruridir və gələcəkdə bizim ali məktəblərdə də bu ixtisas üzrə kadrlar hazırlanmalıdır. Əgər keçmişdə ölkənin inkişaf səviyyəsi təbii sərvətlərin varlığı ilə müəyyən olunurdusa, hazırda bu səviyyə yüksək texnologiyaların tətbiqi ilə ölçülür. Hər kəsin bildiyi kimi, təbii sərvətləri ilə öyünə bilməyən Yaponiya, Finlandiya, Hollandiya və s. kimi ölkələr dediklərimizə ən yaxşı sübutdur. Bu səbəbdən, mühəndis kadrlarının hazırlanmasına və xarici ölkələrə engineering, electronics, computer science və digər sahələr üzrə təhsil almağa göndəriləcək tələbələrin seçilməsinə xüsusi diqqət yetirilməlidir.

Xaricdə təhsil alan tələbələrin məlumat bankı yaradılmalı və onların bu və ya digər sahələrdə hansı şəkildə və sayda istifadə olunacağının optimal planı hazırlanmalıdır. Bu banka xarici universitetlərdə çalışan həmvətənlərimiz haqqında məlumatlar da daxil etmək, onlarla əlaqə saxlamaq lazımdır. Çünki onlar həmin universitetlərlə əlaqələrin qaydaya salınmasında mühüm rol oynaya bilərlər.

Məlumdur ki, bir çox xarici universitetlərdə təhsil almaq üçün SAT, GMAT, A-level və s. kimi proqramlar əsasında xüsusi qəbul imtahanları verilməlidir. Ona görə də Tələbə Qəbulu üzrə Dövlət Komitəsi nəzdində bu imtahanlara hazırlıq mərkəzi təşkil olunmalıdır. Bu tədbir bizim gənclərə nüfuzlu xarici universitetlərə qəbul olunmaq üçün müvəffəqiyyətlə qəbul imtahanı verərək təhsilə başlamasına daha yaxşı şərait yaradardı.

 

 

Asəf HACIYEV,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

 

Azərbaycan.- 2010.- 15 may.- S.  6.