Azərbaycanla Finlandiya arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanmışdır

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirmişlər ki, mayın 10-11-də DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiya Milli Gömrük İdarəsinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.

Səfərin ilk günündə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Finlandiya Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinq arasında görüş keçirilmişdir.

Geniştərkibli görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

Tapani Erlinq ölkəsinin gömrük sisteminin bugünkü inkişaf istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Aydın Əliyev öz növbəsində müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna qısa nəzər salmış, ölkəmizin büdcə gəlirlərinin formalaşmasında və iqtisadi təhlükəsizliyinin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açmışdır. Azərbaycanın qonşu ölkələrin gömrük xidmətləri ilə münasibətlərindən də söz açan A.Əliyev Türkiyə, Rusiya, İran və Gürcüstanın aidiyyəti qurumları ilə əlaqələrin yüksək səviyyədə olduğunu, yalnız Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistanla əməkdaşlığın mümkünsüzlüyünü diqqətə çatdırmışdır.

Görüşdə həmçinin Dünya Gömrük Təşkilatında gələn ay keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunmuş, Finlandiya tərəfi Avropa regionu üzrə potensialın gücləndirilməsi direktoru vəzifəsinə Macarıstan Gömrük Xidmətinin rəhbəri Yanoş Naqinin namizədliyini dəstəkləməyi Azərbaycan tərəfindən xahiş etmişdir.

Sonra Azərbaycan nümayəndə heyəti Finlandiyanın yerli gömrük orqanları ilə tanış olmuşdur. Səfərin ikinci günü Azərbaycan və Finlandiya Respublikası hökumətləri arasında "Gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" saziş imzalanmışdır.

 

 

Azərbaycan.- 2010.- 15 may.- S.  6.