Gül bayramı - xoş duyğular çələngi
Gül gözəlliyin, zərifliyin, xoş ovqatın rəmzidir. Onunla sevgimizi, ehtiramımızı, arzu və duyğularımızı da ifadə edirik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar təşkil edilmiş Gül bayramına gələnlərin özləri də buraya bir çələng gətirmişdilər. Bu, xoş diləklərdən, dərin hörmətdən, minnətdarlıq hisslərindən, sabaha ümid və inam dolu istəklərdən hörülmüş bir çələng idi. Bu çələngi insanlar qəlblərində gətirmişdilər. Bayramın keçirildiyi məkana - ümummilli lider Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parka gələnlərin sayı-hesabı yox idi.
Son illərdə Gül bayramı Bakı sakinləri üçün əsl şənliyə, təntənəyə, mədəni-kütləvi tədbirə çevrilib. Elə bir şənliyə, toy-büsata ki, buraya gəlmək üçün heç kəsə dəvətnamə gərək deyil. Bu tədbirə ən müxtəlif peşə sahibləri, ən müxtəlif yaş qrupuna aid insanlar öz istəkləri ilə, qəlblərinin hökmü ilə gəlirlər.
İndi də onun ən kiçik iştirakçısı uşaq arabacığından güllərə baxıb gülümsəyən körpə, ən yaşlı qonağı isə sinəsi orden-medallı qoca idi. Onun üçün bayram bayrama qovuşmuşdu, ürəyində duyğu duyğuya qarışmışdı. Gözəllikdən gözlərini çəkə bilmirdi, baxışlarından yaşamaq, hələ yaşamaq eşqi oxunurdu.
Azərbaycan torpağında yetişdirilmiş, eləcə də ABŞ, İngiltərə, Hollandiya, Türkiyə və başqa ölkələrdən gətirilmiş milyon yarım gülə tamaşa etməyə heç milyon yarım göz də bəs etməzdi... Ona görə də bayrama gələnlər sanki geriyə, evlərinə dönməyə tələsmirdilər. Hərdən oturacaqlarda əyləşib bir az dincəlir, sonra yenidən gül-çiçək seyrinə çıxırdılar. Onları qınamalı deyildi. Çünki gülün özü bir möcüzədir. Burada isə güllər "birləşərək" yeni bir fantaziya, yeni bir nağıl yaratmışdılar.
Çiçəklərdən toxunan xalçalar isə əsl yaradıcılıq nümunəsi idi və sevindiricidir ki, bu xalq sənəti Gül bayramlarının sayəsində ildən-ilə özünün daha yüksək zirvəsinə çatır. Güllərdən "hörülmüş" milli musiqi alətlərimiz - saz, tar, kamança, qaval, qoşa nağara həmin yaradıcılıq təxəyyülündən "qidalanmışdı".
Gül xalçalarının ən orijinalı ümummilli lider Heydər Əliyevin portreti idi. Bayram iştirakçıları portretin qarşısında ayaq saxlayır, ulu öndərə öz məhəbbət və ehtiramlarını ifadə edirdilər.
Ümummilli liderin parkdakı əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş postamentə çələnglər düzülmüşdü...
Xalqına bu bənzərsiz bayramı bəxş edən də Heydər Əliyevdir - müstəqil
Azərbaycan dövlətinin
xilaskarı və qurucusu, ulu öndər
Heydər Əliyev!
Azərbaycan.- 2010.- 15 may.- S.
7.