Ucalığın, ülviliyin
ünvanı
Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Adətən, cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Qarşılıqlı anlaşma, mövcud problemlərdən çıxış yolunun müəyyənləşdirilməsi, inamE Bütün bu məziyyətlərin olması həm ailənin cəmiyyətdəki yerini, həm də cəmiyyətin ailədəki rolunu düzgün formalaşdırır.
BMT-nin Baş Assambleyası 1993-cü ildə 15 mayın Beynəlxalq Ailə Günü kimi təsis edilməsinə qərar verib. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə bu günün təsis olunması rəğbətlə qarşılanıb və illərdir ki, dünya xalqları tərəfindən qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda özü də cəmiyyətin formalaşmasında əsas rol oynayır. Bu fakt öz təsdiqini tapıb ki, ailə həm də istənilən dövlətdə əsas sabitlik və inkişaf faktorudur. Azərbaycan mentallığı üçün isə ailə xüsusi məna kəsb edir. BMT-nin Baş katibi Pan Gi Munun Beynəlxalq Ailə Günü ilə əlaqədar dünya ölkələrinə müraciətində deyilir: "Cəmiyyətin həyatında ailənin, xüsusən də anaların rolu mühüm əhəmiyyət kəsb edir". Bu da səbəbsiz deyildir. Çünki hər bir qadının ən müqəddəs vəzifəsi analıq şərəfinə çatmaqdır. Ana isə dünyaya uşaq gətirir. "Uşaq"la "işıq" sözlərinin yaxınlığı, oxşarlığı isə təsadüfi deyil. Bu, ailəyə fərəh gətirən nurdan xəbər verir.
Hər bir ailə həm də kiçik bir dövlətə bənzəyir. Onun da öz qanunları, adəti, ənənəsi, yaşam tərzi, mühiti var. Dünyada mövcud olan bu təbii birliklərin içərisində Azərbaycan ailəsinin özünəməxsusluğu yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Təbii ki, hər bir ailədə valideynlərin öz yeri var. Əslində, iki insanın qurduğu yuva qoşa sahilin körpüsünə bənzəyir. Bu tərəflərdən birinin yerində olmaması hansı fəsadların baş verəcəyini göz önündə canlandırır. Bütün bununla yanaşı, ailənin şah obrazı anadır. İnsanlığın şərəfi, ucalığı, ülviliyi sayılan ana ulu varlıqdır. Aliliyin, adiliyin zirvəsində dayanan qadın haqqında Məhəmməd (s) peyğəmbərin "Cənnət anaların ayaqları altındadır" fikri çoxmənalı mətləblərdən xəbər verir. Bəlkə də buna görə Hüseyn Cavid "Qadın Günəş, cocuq Ay"dır, - deyirdi. Bu gün hürriyyətinə sahib çıxmış Azərbaycan qadını həm öz ailəsində, həm də həyatın müxtəlif sahələrində fədakarcasına çalışmaqdadır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır".
Savadsızlığın, avamlığın, geriliyin hökm sürdüyü əski zamanlarda millətin aydın fikirli, işıqlı insanları - ziyalıları xalqı maarifləndirmək üçün ilk növbədə çalışırdılar ki, bu ləyaqətli missiyanı yerinə yetirmək naminə qadınlar mütləq təhsil alsınlar. Səbəb qadının ana olması ilə bağlıdır. Körpəyə təkcə süd yox, həm də düzgün tərbiyə və təlim verilməlidir. Savadlı qadının bu sahədəki xidmətləri bənzərsizdir. Doğrudur, Azərbaycanın varlı ailələrində bu problem o qədər də çətin həll olunmurdu. Arxiv materiallarından bəllidir ki, bizim bəyzadələrin ailələrində övladların tərbiyəsi ilə məşğul olan dayələr həm də onların savadlanmasını təmin edirdilər. Bəzən deyirlər ki, oktyabr inqilabına qədər Azərbaycanda savadlı qadın olmayıb. Bu, tamamilə yanlış fikirdir. Doğrudur, bizim nənələrin çoxunun rəsmi diplomu olmayıb, amma onlar yaranışdan müdrik, sinəsi söz çeşməli, səbirli, təmkinli, iradəli, nəsildən-nəslə keçən ənənəyə bağlı idilər. Bineyi-qədimdən Azərbaycan ailəsində ağsaqqal-ağbirçək sözü önəmli sayılıb. Böyüyün, kiçiyin öz yeri olub. Abır və həya, namus və qeyrət Azərbaycan ailəsinin ülviliyini, üstünlüyünü şərtləndirən, müqəddəsliyinə təminat verən amillərdəndir.
Azərbaycanın çox cəsur, qeyrətli, qəhrəman, diplomat, savadlı, duyumlu xanımları olub. Xanların, bəylərin əksəriyyətinin xanımı geniş dünyagörüşünə malik savadlı, hazırcavab, mərd qadınlar kimi tanınıblar. Onların adlarını yazsaq, uzun bir siyahı əmələ gələr.
Doğrudur, bütün əhalinin kütləvi surətdə savadlanması sovet dövründə həyata keçirilib. Amma o illərin də çox zərbəsi Azərbaycan ailəsini acı rüzgarın ixtiyarına verib. Ötən əsrin əvvəllərində ölkəni bürümüş repressiyaların caynağına təkcə ayrı-ayrı şəxsiyyətlər deyil (bu fakt da hər bir ailəyə fəlakət gətirib - F.X.), neçə-neçə ailə bütövlükdə ilişib. Çoxunun taleyindən indi də xəbər-ətər yoxdur. Azərbaycan ailəsi gah sovet quruluşunun repressiyasına məruz qalıb, gah da ermənilərin törətdiyi qanlı münaqişələrin qurbanına çevrilib. Amma buna baxmayaraq, ayrı-ayrı şəxsiyyətlərin, millətini ürəkdən sevən fədailərin hesabına Azərbaycan ailəsi yaşayıb, var olub, cəmiyyət üçün ləyaqətli övladlar tərbiyə edərək böyüdüb. Doğrudur, təzyiqlərdən, təqiblərdən qurtulmuş ailələrin bəzisi müxtəlif ölkələrə səpələndi. Bizi də kökümüzdən üzərək suya salınmış şitil kimi böyüməyə məcbur etdilər. Sovet quruluşunun bu pərdəli siyasətinə baxmayaraq, Azərbaycan ailəsi bütün dözülməz münasibətlərə sinə gərərək öz ənənəsini, kökə bağlılığını, adətini, milli heysiyyətini qoruyub. Sovet dövründə təhsilin icbari olması önəmli idi. Bu, nəinki şəhərlərdə, rayon və kəndlərdə məktəblərin açılması, hamının kütləvi surətdə savadlanmasına yönələn islahatların həyata keçirilməsi idi.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan ailəsinin firavan yaşamasına, gənclərin ali təhsil almasına, qadınların müxtəlif vəzifələrə irəli çəkilməsinə daha çox diqqət yetirildi. Ailə başçısına, xüsusilə də analara göstərilən bu qayğı səbəbsiz deyildi. Heydər Əliyevin uzaqgörən siyasətinin ifadəsi olaraq Azərbaycan ailəsinin maddi və mənəvi problemlərinin bütün tərəflərinə işıq salınırdı.
Ötən əsrin sonlarında ermənilərin torpaq iddiası ilə əlaqədar başladıqları ədalətsiz müharibənin və ölkəni bürümüş hərc-mərcliyin ağrı-acıları Azərbaycan ailəsinin həyatından izsiz keçmədi. Yenidən ağır bir dərdlə üz-üzə dayanan Azərbaycan ailəsinin ünvanına qara xəbərlər gəldi. Onlar bu ağır və ədalətsiz savaşda torpaq və övlad itkisi ilə üzləşdilər. Dünyanın ən xoş sözünə, tərifinə, təltifinə layiq olan Azərbaycan ailəsi bədnam qonşularımızın törətdiyi vəhşiliklər nəticəsində qaçqın və məcburi köçkünə, didərginə çevrildi. Zülmlə, min əziyyətlə tikib qurduqları xanimanları itirərək çadırlarda, yataqxanalarda, vaqon və uçuq komalarda məskunlaşdılar.
1990-cı ilin yanvarında sovet ordusunun törətdiyi qətllər nəticəsində Azərbaycan ailələrinin köksünə çalın-çarpaz dağlar çəkildi. Bu ağır və üzücü zamanda yenə də millətin harayına, ailələrin dadına yetişən, onların ağılarına ümid notları qatan Heydər Əliyev oldu. 1994-cü ildə imzalanan atəşkəs sazişinə əsasən, Azərbaycan ailəsinə kütləvi surətdə üz verən bədbəxtliklərə son qoyuldu.
Heydər Əliyevin Azərbaycan ailəsinin, xüsusilə də qadınların hüquqlarının qorunmasını, azadlıq arzularının təminatçısı olmasını bir fakt da təsdiqləyir. Bu, 1995-ci ildə ulu öndərin imzaladığı fərmana əsasən, BMT-nin "Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya"ya Azərbaycanın qoşulmasıdır. Heydər Əliyev Azərbaycan ailəsinin qayğıkeşi, himayədarı idi. 1998-ci ildə ümummilli liderin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında sərəncam imzalandı. Bu komitənin yaradılması, həyatın zərurəti idi. Ölkə tərəqqi etdikcə, qadınların fəaliyyət miqyası genişləndikcə ailələrdə müəyyən problemlərin olması labüddür. Bu səbəbdən də komitənin fəaliyyətini daha da genişləndirmək, işinin istiqamətini dürüstləşdirmək üçün Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncama əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Azərbaycan ailəsi dövlət başçısının daim diqqətində olan prioritet məsələlərdəndir. Bəllidir ki, Prezident İlham Əliyevin bu sahədə apardığı siyasət ümummilli liderin bünövrəsini qoyduğu, memarı olduğu, siyasətin üzərində qurulub və davam etdirilir. Dünyanın bir çox yerində olduğu kimi, bizdə də bu sahədə müəyyən problemlər mövcuddur. Fərəhlənirik ki, Azərbaycan ailəsində olan problemlər dünya ölkələrində olduğu qədər ciddi və qorxulu deyildir. Bu gün dünyada qadınlara qarşı yönəlmiş zorakılığın qarşısının alınması ciddi problemdir. Biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşmışıq. Həmişə fikirləşmişik ki, cəmiyyətdə hansısa bir problemi azaltmaq istəyiriksə, bunun kökünü tapmaq üçün hər bir işi ailədən düzüb-qoşmalıyıq. Beşikdən başlayaraq bütövlükdə demoqrafik vəziyyətin tənzimlənməsinə qədər hər bir proses diqqət mərkəzində olmalıdır.
Azərbaycan ailəsindən danışanda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqətdən söz açmamaq qeyri-mümkündür. Məhz onun təşəbbüsü sayəsində Azərbaycan ailəsinə, xüsusilə də valideynlərini itirmiş uşaqlara, şəhid övladlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən azyaşlılara həm mənəvi, həm də maddi dəstək göstərilir. Uşaq evlərində gözü yolda qalan fidanların ailələrə verilməsi, onların tərbiyəli, cəmiyyətə yararlı, bir sözlə, hərtərəfli böyüməsi üçün şəraitin yaxşılaşdırılması naminə Mehriban xanım Əliyevanın həyata keçirdiyi islahatlar hamının ürəyincədir.
Deyirlər ki, ailə o zaman möhkəm və əbədi olur ki, oradakı iki əsas qüvvə bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilsin. Ailə o zaman inkişaf edib böyüyür ki, dünyaya yeni körpələr bəxş edir. Ailə o zaman əbədiləşir, şöhrətlənir, əsl xoşbəxtliyə qovuşur ki, ululardan gələn ənənələr, tərbiyə üsulu, bir sözlə, klassik təlim-tərbiyə müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, bitkin, dərrakəli davamçıların ovqatında öz əksini tapa bilsin. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Nə xoş ki, Azərbaycanda belə nümunəvi ailələr çoxdur.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.-15
may.- S. 7.