Azərbaycan-Serbiya əlaqələrinin
inkişafında yeni mərhələ
Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən nüfuzlu dövlətlər də respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.
İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Rəsmi Belqradın belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur.
Serbiya Prezidenti Boris Tadiçin başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verəcəkdir. Azərbaycan və Serbiyanın dövlət başçıları görüş zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişlər. Ölkə başçıları ikitərəfli əlaqələrin Balkan və Qafqaz regionları arasında əməkdaşlıq üçün geniş imkanlar açacağını qeyd etmişdilər. Görüş zamanı beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Dövlət başçıları arasında keçirilən görüşdən sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Bu sırada "Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında diplomatik və xidməti rəsmi pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gəlirlərə və vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"ləri göstərmək olar. Səfər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verəcəkdir.
Sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuat üçün bəyanatla çıxış etdilər. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə daha da inkişaf edəcəyini bildirmişdi: "Mən sizin Azərbaycana ilk dəfə səfər etməyinizdən çox şadam. Bu, ikitərəfli münasibətlərimiz tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizin bundan sonra da sürətlə inkişaf etməsi üçün çox yaxşı imkanlar yaradacaqdır. Bizim münasibətlər çox uğurla inkişaf edir. Biz çox güclü siyasi dialoq qurmuşuq. Əminəm ki, bu gün ikitərəfli münasibətlərimizlə bağlı müzakirə etdiyimiz bütün məsələlər, qəbul etdiyimiz qərarlar və imzaladığımız sənədlər tezliklə icra ediləcəkdir. Bu, ölkələrimizə indikindən də daha yaxın olmağa imkan yaradacaqdır.
Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir".
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehinə mövqe nümayiş etdirməsidir. Serbiya dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Serbiya Prezidenti Azərbaycana rəsmi səfəri zamanı ölkəsinin bu prinsipial mövqeyini bir daha bəyan etdi. Serbiya Prezidenti Boris Tadiç bildirmişdir: "Həqiqətən, Serbiya hökumətinin nümayəndə heyəti ilə Bakıda - Azərbaycanda olmağımdan, Sizinlə və Sizin nümayəndə heyəti ilə ikitərəfli münasibətlərimiz və tarixi imkanlarımız barədə danışıqlar aparmaqdan, üzləşdiyimiz problem və çağırışları müzakirə etməkdən şərəf hissi duyuram.
Mən görürəm ki, bizim ümumi problem və çağırışlarımız vardır. Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir".
İki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərirlər. Parlament sədrlərinin, eləcə də digər dövlət və hökumət başçılarınn qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin daha da inkişafına güclü təkan verəcəkdir.
Serbiya iqtisadiyyatında şəkər istehsalı, kənd təsərrüfatı maşınları, elektrik və kommunikasiya avadanlıqları, kağız, filiz, qurğuşun və daşıma avadanlıqları prioritet təşkil edir. Azərbaycanla iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olan Serbiya dövləti bu istiqamətdə mövcud potensialdan daha geniş istifadə olunmasını vacib sayır. Bakıda serbiyalı iş adamları ilə birgə keçirilən biznes forumda bu məsələlər də ətraflı müzakirə olundu.
Bakı Biznes Mərkəzində keçirilən Azərbaycan-Serbiya biznes forumunda Serbiya tərəfdən hökumət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, enerji, əczaçılıq, neft və kimya, tikinti, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak etmişdi. Biznes forumda qeyd olunmuşdu ki, Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin həcmi ötən il 1 milyon dollardan çox olmuşdur. Ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunmuş və iş adamları arasında ikinci görüşün cari ilin payızında ayında Belqradda keçirilməsi qərara alınmışdır.
Ölkələrimiz
arasında mövcud olan münasibətlər, bunun
inkişafı meyilləri belə bir proqnozla
çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya
əlaqələri yaxın gələcəkdə daha da
inkişaf edəcək və bütövlükdə regionda
sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi
yüksəlişə təkan verəcəkdir.
Azərbaycan.-
2010.-16 may.- S. 1.