Rus gənclərinin Azərbaycanın ictimai həyatında iştirakı və cəmiyyətə inteqrasiyası məsələləri konfransda müzakirə olunmuşdur

 

Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Rus Gəncləri Assosiasiyasının (ARGA) "Azərbaycanın rus gəncləri: respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatına inteqrasiya məsələləri" mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə rus gənclərinin ölkənin ictimai həyatında iştirakı və Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələləri geniş müzakirə olunmuşdur.

Konfransın açılışında çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aktual məsələlərə həsr olunan tədbirin əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanda müasir gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Azərbaycanda dövlət quruculuğunun bütün sahələri ilə bağlı mühüm tədbirlər həyata keçirərkən gənclər siyasətinə də böyük diqqət yetirmişdir. 1994-cü ildə Heydər Əliyevin yaratdığı ilk nazirliklərdən biri də məhz Gənclər və İdman Nazirliyi olmuşdur. Həmin dövrdən etibarən azərbaycanlı gənclər cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilməyə başlamışlar.

Gənclərin problemlərinin həlli, onların gələcəyə hazırlanması məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanda gəncliyə münasibətdə milli və dini mənsubiyyətə görə heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir.

Biz Azərbaycanda həm SSRİ, həm də müstəqillik dövründə gəncliyin hansı millətə və dinə mənsub olmasını, hansı dildə danışmasını fərqləndirmədən onların xidmətlərini yüksək qiymətləndirmişik.

Ə.Həsənov ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə rus gəncinində ön sıralarda olduğunu söyləmişdir. Demişdir ki, biz ölkədən kənarda müxtəlif idman və musiqi yarışlarında Azərbaycan bayrağını yüksəklərə qaldıran rus gəncləri ilə fəxr edirik, onları nümunə göstəririk.

Azərbaycanda gənclər siyasəti çərçivəsində bu kateqoriyadan olan insanlara daim qayğı ilə yanaşıldığını söyləyən şöbə müdiri, ümummilli lider Heydər Əliyevin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, gənclərin sosial, mədəni inkişafına, beynəlxalq aləmə fəal inteqrasiya olunmasına diqqətin ayrıldığını bildirmişdir.

Bu gün gənclik Azərbaycanda cəmiyyətimizin ən çox qayğı ilə əhatə olunan təbəqəsidir. Əgər biz gəncləri layiqli varislər kimi, dövlət quruculuğunun bütün sahələrində estafeti qəbul etməyə hazır olan vətəndaşlar kimi hazırlamağa nail olsaq, gələcəyimiz üçün arxayın ola bilərik.

Ə.Həsənov ölkəmizdə yaşayan rus gəncliyinin cəmiyyətin bütün sahələrinə daha sıx inteqrasiya olunması üçün Azərbaycan dilini dərindən öyrənməyin zəruriliyini vurğulamışdır.

Hər bir ölkənin milli mənəvi dəyərləri, adət-ənənələri, dili vardır. Hər bir Azərbaycan vətəndaşı dövlətin ictimai, siyasi və rəsmi həyatında bu dəyərləri qorumağa borcludur. Azərbaycanda heç zaman insanların dininə, dilinə, etnik mənsubiyyətinə görə fərq qoyulmamışdır. Buna baxmayaraq, cəmiyyətdə ortaq dəyərlər vardır və biz arzu edirik ki, Azərbaycanın rus gəncləri, rus dilinin bütün incəlikləri ilə yanaşı, Azərbaycan dilini də dərindən öyrənsinlər.

Gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini vurğulayaraq, dövlətimiz tərəfindən gənclər siyasətinin prioritet istiqamət təşkil etdiyini söyləmişdir. Gənclərin vətəndaş cəmiyyətinin formalaşmasında böyük rolu qeyd edilmiş, rus gənclərinin Azərbaycan cəmiyyətinin mühüm tərkib hissəsi olduğu nəzərə çarpdırılmışdır.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin bildirmişdir ki, Azərbaycanda rus gəncliyi üçün hər cür şərait yaradılmışdır. Bu isə ölkələrimizi daha da yaxınlaşdırır, münasibətləri möhkəmləndirir. Biz çox sevinirik ki, rus gəncliyi Azərbaycan cəmiyyətinin mühüm bir parçasına çevrilmişdir.

Bakı və Xəzəryanı Bölgə Yeparxiyasının yepiskopu Aleksandr Azərbaycanda dövlət tərəfindən həyata keçirilən gənclər siyasətini yüksək qiymətləndirmişdir.

Təhsil nazirinin müavini İradə Hüseynova ölkəmizdə gənclərin rus dilində təhsil almaları üçün hər cür şəraitin yaradıldığını söyləmişdir. Bu gün respublikada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsinin fəaliyyət göstərdiyi 330 orta ümumtəhsil məktəbi vardır. Onların 18-də təhsil yalnız rus dilində aparılır.

Konfransda assosiasiyanın fəaliyyətinə dair məruzələr dinlənilmiş, konsert olmuşdur.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konfransın işində ARGA-nın Bakı, Sumqayıt və Gəncə şəhərlərindən, Şamaxı rayonundan 400-dək üzvü iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 may.- S.  2.