Çexiyanın xarici işlər naziri Bakının görməli yerləri ilə tanış olmuşdur

 

Bakıda səfərdə olan Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olmuşdur.

Gəzinti zamanı qonaqlara qoruq haqqında, eləcə də burada aparılmış son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.

Tanışlığa "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət bağı"ndan başlayan qonaqlar mərkəz barədə ətraflı məlumat almışlar. Çexiya nümayəndə heyətinin üzvləri müasir kuklaçı-rəssam Elmira Abbaslının "İçərişəhərin obrazları" sərgisinə tamaşa etmişlər.

İçərişəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar meydanı") ərazisindəki daş eksponatların ekspozisiyasının yenidən təşkili işləri ilə tanışlıq zamanı bu işlərin ən müasir beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirildiyi qonaqların diqqətinə çatdırılmışdır.

Ölkəmizin ən möhtəşəm abidələrindən olan, Bakının rəmzi Qız qalası ilə tanışlıq zamanı bu qədim abidənin tarixi barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Çexiya nümayəndə heyətinə Qoşa qala qapısı, həmçinin Qoşa qala qapısı meydanı və qala divarlarının tarixi barədə geniş məlumat verilmişdir. Qoşa qala qapısı meydanında keçiriləcək "Meydan bazarı" layihəsi çexiyalı qonaqların xüsusi marağına səbəb olmuşdur.

Gəzinti zamanı qonaqlar Şirvanşahlar Sarayı Kompleksinin tarixi, onun daxilindəki Şah Sarayı, Divanxana kimi abidələrlə maraqlanmışlar.

Sonda Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 may.- S.  2.