Azərbaycan xarici işlər
nazirinin müavini Mahmud Məmmədquliyev Strasburqda bir sıra
görüşlər keçirmişdir
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 120-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirmişdir.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən bildirmişlər ki, "Aqo" qrupunun rəhbəri, səfir Stelian Stoyan ilə görüşdə ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyət, parlament seçkilərinə hazırlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunmuşdur.
S.Stoyan Azərbaycan ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir.
Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşdə M.Məmmədquliyev Azərbaycanın Avropaya inteqrasiya istiqamətində gördüyü işlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat vermişdir.
Baş katib Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə sülh yolu ilə həllini arzu etmiş, Azərbaycanın insan hüquqları, demokratiya və qanunun aliliyi istiqamətində islahatları davam etdirməsi siyasətini dəstəklədiyini vurğulamışdır. T.Yaqland qarşıdan gələn parlament seçkilərinin ədalətli və şəffaf keçirilməsi üçün Avropa Şurasının əməkdaşlığa hazır olduğunu demişdir.
Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta ilə görüşdə qanunun aliliyi istiqamətində Azərbaycanın həm Avropa Məhkəməsi, həm də Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunmuşdur. Avropa Şurasının Demokratiya və Siyasi Məsələlər baş direktoratlığının rəhbəri Jan-Lui Loran ilə keçirilmiş görüşün əsas müzakirə mövzusu qarşıdan gələn parlament seçkilərinə hazırlıq və AŞ-nın bununla bağlı fəaliyyət planı olmuşdur. M.Məmmədquliyev planda nəzərdə tutulmuş bir neçə tədbirin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinin AŞ tərəfindən təmin edilməməsindən narahatlığını bildirmişdir.
Nazir müavininin Avropa Şurasının Təhsil, mədəniyyət və irs, gənclər və idman baş direktoratlığının rəhbəri xanım Qabriella Battaini-Draqoni ilə görüşdə isə Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa böyük önəm verdiyi vurğulanmışdır.
Q.Battaini-Draqoni
mədəniyyətlərarası və dinlərarası
dialoq sahəsində Azərbaycanın Avropa Şurasında
nümunəvi dövlət olduğunu qeyd etmişdir.
Azərbaycan.- 2010.- 16
may.- S. 2.