ATƏT Parlament Assambleyasının sessiyaları davam
edir
Almatıda ATƏT-in
"Avrasiya ölçüsü" Parlament Forumu və
qurumun sessiyası mayın 15-də davam etmişdir. Azərbaycan
Milli Məclisinin deputatlarının da iştirak etdiyi tədbirdə
ekoloji problemlər, bazar iqtisadiyyatına aid məsələlər
müzakirə olunmuşdur.
"Avrasiya: inkişaf edən bazarlar və artan çağırışlar" mövzusunda məruzələr dinlənilmiş, iqtisadi inkişaf, ticarət, resursların idarə edilməsi, ekoloji problemlər ətrafında müzakirələr aparılmışdır.
Çıxışlarda Mərkəzi Asiyada yerləşən su hövzələrinin və su ehtiyatlarının səmərəsiz və mübahisəli istifadəsindən, eləcə də Xəzər dənizinin çirklənməsindən narahatlıq ifadə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qlobal maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi inkişafı barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan özünün neft və qaz ehtiyatlarından səmərəli istifadə edir və ölkəmizin iqtisadi böhranla üzləşməməsini şərtləndirən əsas amillərdən biri də budur.
Tədbirdə
Azərbaycanın dünyanın bir çox neft və qaz
şirkətləri ilə sıx əməkdaşlıq
etdiyi, zəngin təbii ehtiyatları, beynəlxalq ticari əlaqələrinin
genişlənməsi xüsusi vurğulanmışdır. Azərbaycanda
alternativ enerji mənbələrindən istifadə barədə
də iştirakçılara məlumat verilmişdir. Ermənistanın
Azərbaycan təbiətinə, mədəni irsinə
vurduğu ziyan, o cümlədən meşə
zolaqlarının məhv edilməsi, Azərbaycan
çaylarına ermənilər tərəfindən zəhərli
maddələrin axıdılması da diqqətə çatdırılmışdır.
Azərbaycan.- 2010.- 16 may.- S.
2.