Azərbaycanın iqtisadi uğurları nüfuzlu təşkilatın diqqət mərkəzindədir

 

Beynəlxalq Valyuta Fondu ölkəmizdə bu sahədə həyata keçirilən siyasəti yüksək qiymətləndirir

 

Yaratdığı fəsadlar hələ də tam aradan qalxmayan qlobal maliyyə böhranının nəticələri həm də dünya miqyasında dövlətlərin seçdiyi iqtisadi inkişaf yolunun nə dərəcədə düzgün olduğunu və bu kimi təhlükələrə hazırlığın dərəcəsini nümayiş etdirdi. Maliyyə, qiymətli kağızlar bazarında başlayan böhranın sonradan real sektorları da əhatə etməsi dünyanın əksər ölkələrində iqtisadiyyatın görünməmiş dərəcədə geriləməsinə gətirib çıxartdı. Bu siyahıda hətta ən böyük iqtisadiyyata malik olan, inkişaf etmiş ölkə statusunu daşıyan dövlətlər də yer aldı. Bəzi hallarda isə onlar qlobal böhrandan daha çox zərər çəkən tərəf qismində çıxış etməyə başladılar.

 

Bununla yanaşı, sözügedən böhran iqtisadi sahədə qabaqcıl dünya təcrübəsinin mənimsənilməsi ilə özünəməxsus inkişaf yolu seçən dövlətlərin olduğunu da qabarıq şəkildə üzə çıxartdı. Məlum oldu ki, belə dövlətlər nəinki qlobal xarakterli böhranlara qarşı effektiv müdafiə sisteminə malikdirlər, həm də öz iqtisadiyyatlarını bu cür hallarda da uğurla inkişaf etdirmək iqtidarındadırlar. Hazırda beynəlxalq sferada belə dövlətlər barəsində danışılarkən nümunə qismində adı daha çox çəkilən ölkələrdən biri məhz Azərbaycandır. Ötən ilin yekunları bir daha göstərir ki, Azərbaycan qlobal böhran şəraitində nəinki ümumi daxili məhsulun böyük artımına nail olub, həm də iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi mühüm bir uğura imza atıb. Bütün bunlar təbii ki, ölkəmizin seçdiyi iqtisadi inkişaf yolunun kifayət qədər düzgün müəyyən olunduğunu, qarşıdakı dövr ərzində də Azərbaycana yeni uğurlar qazandıracağını qətiyyətlə deməyə əsas verir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Nəzərə almalıyıq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalmışdır və 2009-cu ildə iqtisadiyyatımız, təxminən 10 faiz artmışdır. Bu artımın üzərində əlavə artıma nail olmaq əlbəttə ki, böyük uğur hesab oluna bilər".

Azərbaycanın həyata keçirdiyi antiböhran tədbirləri, apardığı iqtisadi islahatlar və görülən digər tədbirlər beynəlxalq miqyasda yüksək qiymətləndirilməkdədir. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Oomes bildirir ki, ötən il Azərbaycan hökuməti büdcə siyasətində təsirli tədbirlər görərək qlobal böhrana düzgün reaksiya verib, Mərkəzi Bank isə maliyyə sabitliyini uğurla qoruyub. Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun icraçı direktoratı da dünya maliyyə böhranının təsirlərinə qarşı Azərbaycanın rəsmi orqanlarının gördüyü ehtiyat tədbirlərini yüksək qiymətləndirir. Ninke Oomes ötən il ərzində Azərbaycanın büdcə xərcləri ilə bağlı həyata keçirdiyi siyasətin də düzgün xarakter daşıdığını, bunun Beynəlxalq Valyuta Fondunun icraçı direktoratı tərəfindən də dəstəkləndiyini xüsusi vurğulayıb.

Bununla yanaşı, BVF valyuta mübadilə kursu sahəsində Azərbaycanın həyata keçirdiyi siyasətdən məmnunluq duyduğunu və bunun beynəlxalq kapital bazarında inteqrasiyada özünəməxsus rol oynadığını bəyan edir. Təşkilat Azərbaycan Respublikası Dövlət Neft Fondunun qlobal iqtisadi böhranın zirvə nöqtəsinə çatdığı 2008-2009-cu illər ərzində və ondan sonrakı dövrdə apardığı maliyyə əməliyyatlarından mütəəssir olduğunu da açıq şəkildə bildirir. Görünür, elə bu səbəbdəndir ki, BVF Dövlət Neft Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə dair hər hansı tövsiyə və məsləhət hazırlanmasına ehtiyac görməyib. Ninke Oomes bununla əlaqədar qeyd edir: "Biz Dövlət Neft Fondunun 2009-cu ildə öz aktivlərini idarə etməklə bağlı fəaliyyətini müsbət qiymətləndiririk. Fond riskləri yaxşı idarə etmək bacarığında olduğunu nümayiş etdirdi və onun investisiya siyasəti, prosedurları öz həyat qabiliyyətini, səmərəliliyini göstərdi".

Cari ilin ilk rübünün yekunlarına əsasən isə fondun aktivləri ötən ilin yekunlarına nisbətən 9,1 faiz artaraq 13 milyard 49,7 milyon manata və ya 16 milyard 243,3 milyon ABŞ dollarına bərabər olub. Ümumiyyətlə isə bu ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 2 milyard 754,5 milyon manat, büdcə xərcləri isə 1 milyard 292,3 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 704,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 milyard 702,2 milyon manat, tranzit gəlirləri 2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 milyon manat olub. Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 50 milyon manata çatıb.

Hesabat dövrü ərzində Neft Fondunun 2010-cu il büdcəsinin icrası çərçivəsində 1 milyard 225 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Fonddan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 23,2 milyon manat və 36,5 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 1,9 milyon manat xərclənib. Bütün bu rəqəmlərin müqayisəli təhlili sözügedən fondun maliyyə imkanlarının daha da güclənməsini və ölkəmizin bundan sosial zəmində daha böyük fayda görməsini əyani şəkildə təsdiq edir.

Beynəlxalq Valyuta Fondu kimya sənayesinin və əhalinin təbii qazla təchizatının Dövlət Neft Şirkətinə verilməsini də müsbət qiymətləndirib. Bununla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun artım tempi, bu sahədə perspektivlər də yüksək dəyərləndirilib. Ninke Oomes qeyri-neft sektorunda ixrac potensiallı konkret sahələrə diqqət çəkir. Onun sözlərinə görə, hazırda belə ixrac sahəsi kimi kimya, alüminium sənayesini, kənd təsərrüfatını göstərmək olar: "Lakin bu, ixracın artımına təkan verəcək digər sahələrin meydana gələ biləcəyini istisna etmir. Əlbəttə ki, burada özəl sektorun təşəbbüs və səmərəli fəaliyyətindən də çox şey asılı olacaq".

Beynəlxalq Valyuta Fondu cari il üçün ölkəmizdə qeyri-neft sektorunda 4,2 faizlik artım proqnozlaşdırır. Təşkilat bir sıra vergi dərəcələrinin aşağı salınmasını da yüksək qiymətləndirir və bu istiqamətdə siyasəti davam etdirməyə çağırır. Xatırladaq ki, vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisi 22 faizdən 20 faizə, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilib. Həmçinin ölkəmizdə ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılıb.

Bir məqamı da xüsusi qeyd etmək lazım gəlir ki, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi ötən ildə olduğu kimi, bu il də davam edir. Hesablamalar göstərir ki, 2010-cu ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsulun real artımı 5,4 faiz, o cümlədən neft-qaz sektorunda 6,9 faiz, qeyri-neft sektorunda 4,3 faiz təşkil edib. Bu dövrdə sənayedə 6,2 faiz, kənd təsərrüfatında 1,5 faiz, rabitədə 24,8 faiz, ticarətdə 6,2 faiz, nəqliyyatda 2,6 faiz artıma nail olunub. Qarşıdakı dövrdə də iqtisadi sahədə artım tempinin yenə yüksək səviyyədə olacağı proqnozlaşdırılır və bu, bir daha ölkəmizdə sözügedən sferarada inkişaf strategiyasının uğurunu təsdiq edən ən əsas göstərici kimi çıxış edir.

 

 

Azərbaycan.- 2010.- 16 may.- S.  2.