Gələcək naminə mənəvi
əməkdaşlıq
Azərbaycan beynəlxalq
miqyaslı mədəniyyətlərarası və dinlərarası
dialoq məkanına çevrilir
"Bizim gücümüz... Azərbaycanda
hökm sürən sabitliyin möhkəmlənməsindədir,
dini və milli sülhün mövcudluğundadır".
İlham ƏLİYEV
Son illər ölkəmizdə ardıcıl olaraq mədəniyyətlərarası və dinlərarası dialoq, milli-dini tolerantlıq üzrə beynəlxalq konfransların keçirilməsi, nüfuzlu din xadimlərinin paytaxtımıza səfərləri, Bakının 2009-cu il, Naxçıvanın isə 2018-ci ilin islam mədəniyyətinin paytaxtı seçilməsi yenidən müstəqilliyini bərpa etmiş və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz üçün qürurlu faktlardır. Bu faktların beynəlxalq ictimaiyyət tərəfindən etiraf olunması isə daha zəngin təəssüratlar yaradır. Möhtərəm Prezidentimiz 2010-cu il aprel ayının 26-27-də dünya dini liderlərinin Bakı sammitində bütün bunları ümumiləşdirərək ölkəmizin perspektiv hədəfi barədə fikirlərini ifadə etmişdir: "Keçən il Bakı islam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir".
Bu istiqamətdə aparılan işlərdə maddi-mədəniyyət nümunələrinin qorunub saxlanması, tarixi-dini abidələrimizin bərpası, milli-dini dəyərlər sistemimizin, ölkəmizin tarixi tolerantlıq ənənəsinin qorunaraq daha da zənginləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə məscidlər, sinaqoqlar tikilir, müxtəlif din mənsublarının mənəvi ehtiyaclarını və fəaliyyət sahəsini leqallaşdıran qanunlar qəbul olunur, beynəlxalq hüquq normaları baxımından onlara əlavələr və dəyişikliklər edilərək cilalanır, dini təhsil ocaqları yaradılır. Dövlət başçısının həmin sammitdəki çıxışında irəli sürdüyü konseptual fikri xatırladaq: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Biz milli dəyərlərimizə çox sadiqik. Ümumbəşəri dəyərləri bölüşürük. Eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin müasirləşməsinə, modernləşməsinə xidmət göstərəcəkdir. Bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait mövcuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkanlar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması".
Mənəvi dəyərlər sisteminin qorunub saxlanmasında, ayrı-ayrı konfessiyalara məxsus məbədlərin tikintisi və bərpasında YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və onun hüdudlarından kənarda məqsədyönlü və ardıcıl fəaliyyəti də ictimaiyyətin diqqətindən yayınmamışdır.
Bu gün yad dini təsirlərin Azərbaycanda möhkəmlənə bilməməsinin əsas səbəbi isə ölkəmizdə aparılan milli siyasətin müasir sosial-siyasi düşüncə tərzindən, müstəqil dövlətçilik ideyasına söykənərək gələcəyə baxış və əsrlər boyu millətimizin içində yaşatdığı özgürlük və milli-dini dözümlülük hissindən qaynaqlanır.
Dövlət başçısının keçən il noyabrın 6-7-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" adlı beynəlxalq konfransda dinlərarası münasibətlər kimi çox həssas sahənin praktikasında qazanılmış müsbət keyfiyyətləri Azərbaycan etno-psixoloji fenomeni kimi səciyyələndirməsi çox xarakterikdir: "Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.
Bu, dünyada çox nadir
hallarda rast gəlinən bir fenomendir... Heç
vaxt Azərbaycanda milli, dini zəmində heç bir
münaqişə və qarşıdurma olmamışdır
və əminəm ki, olmayacaqdır. Azərbaycanda
bütün xalqlar, bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar... Onlar Azərbaycanın
layiqli və dəyərli vətəndaşları kimi
ölkəmizin hərtərəfli inkişafına öz
töhfələrini verirlər".
Beləliklə,
"dünyəvilik və diniliyin vəhdəti"
konsepsiyasının müdrikcəsinə
reallaşdırılması nəticəsində Azərbaycanımız
haqlı olaraq beynəlxalq miqyaslı mədəniyyətlərarası
və dinlərarası dialoq məkanına
çevrilmişdir.
* * *
Bu istiqamətdə
ən yeni təsdiq, qeyd etdiyimiz kimi, aprel ayının 26-27-də
dini liderlərin ümumdünya Bakı sammiti ilə
bağlıdır. Həmin tədbir, beynəlxalq ictimaiyyətin də
etiraf etdiyi kimi, doğrudan da, tarixi əhəmiyyətli hadisədir
və onun ictimai fikir tarixinə "Bakı sammiti" adı
ilə düşməsi təsadüfi deyildir. "Qloballaşma,
din, ənənəvi dəyərlər" mövzusuna həsr
olunmuş sammitdə 32 ölkədən 200-dən çox
nümayəndə, 14 beynəlxalq təşkilat iştirak
etmişdir. Göründüyü kimi,
Bakı sammiti, həqiqətən, genişmiqyaslı hadisədir.
Bu,
respublikamızın müvafiq sahə üzrə beynəlxaq
bioqrafiyasında son və yeganə fakt deyil. Keçən
əsrin 90-cı illərinin sonundan başlayaraq ölkəmiz
dövlət-din münasibətləri üzrə bir çox
irimiqyaslı tədbirlərə təşkilatçılıq
etmişdir. 1998-ci il dekabrın 9-11-də
bilavasitə ümummilli lider Heydər Əliyevin
tapşırığı ilə keçirilən
"Qafqazda İslam sivilizasiyası" beynəlxalq
simpoziumunda, 2007-ci il aprelin 3-4-də "Heydər Əliyev və
Azərbaycanda din siyasəti: gerçəkliklər və
perspektivlər", 2009-cu il noyabrın 6-7-də "Dinlərarası
dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" adlı beynəlxalq konfranslarda səslənən
fikirlər bu gün də aktuallığını itirməmişdir.
İslam Konfransı Təşkilatının
üzvü kimi ölkəmizin çox nüfuzlu bir qurumun
müxtəlif layihələrində iştirakı da onun
dövlət-din münasibətlərində mövqeyini əyani
göstərir. Sadaladığımız
silsilə tədbirlərin ən dəyərli cəhəti
odur ki, bu tədbirlərdə "Azərbaycan -
tolerantlığın coğrafiyası" fikri hər dəfə
daha gur, daha möhtəşəm səslənmişdir.
Lakin
dövrümüz müxtəlifliyin dinamik inkişafından
yaranan mürəkkəbliklə fərqlənir. Bəşəriyyəti
yox etmək yollarını tapa bilən texniki təfəkkür
bu gün onun qarşısını almaq üçün
çalışır. Və yəqin ki,
ancaq mənəvi dəyərlər hesabına problemi nəzarətdə
saxlamaq mümkündür. Başqa bucaq
altında baxılarsa, siyasi təkəbbürlüyün
"havasının alınmasında" məhz Tanrı
qarşısında məsuliyyət hissinin
ağırlığı Adəm övladının
dadına çatır. Mənəvi dəyərlər
sistemində din amilinin bir çox süni sədlərə,
istehlak sivilizasiyasının eqoizminə baxmayaraq, xüsusi
çəkisinin artması onun hər cür rəqabətə
davamlılığını bir daha sübut etmişdir.
Azərbaycan iqtidarının dövlət-din münasibətlərinə
həm daxili, həm də beynəlxalq müstəvidə
müxtəlif formatlarda müdrikcəsinə yanaşması
onun bütün problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin də sülh yolu ilə həllinə
üstünlük verməsi faktı Tanrıya xoş gələcək
əməl kimi dəyərləndirilməlidir.
Dinlərarası dialoqa
çağırışdan söhbət düşəndə
katolik kilsəsinin Vatikanda keçirilmiş ikinci ali yığıncağının Nostra Aetate
(latın dilində "Bizim əsr") bəyannaməsinin
adı çəkilir. Həmin sənəd 1965 -ci il oktyabrın 28-də Papa VI Pavel tərəfindən
təsdiq edilib və kilsə ilə qeyri-xristian dinləri
arasında xoşniyyətli münasibətlər yaratmaq
haqqındadır. Məsələ burasındadır ki,
Vatikandan, özü də ancaq keçən əsrin ikinci
yarısında gəlsə də, çox-çox
keçmiş zamanlarda vəh olunmuş səmavi dinlərin
hamısında "insansevərlik",
"qardaşlıq", "danışıqlar vasitəsilə
ortaq razılığa gəlmək" və digər saleh əməllər
fəlsəfəsi barədə ilahi kəlamlar var. Bunlar
öz yerində. Amma bizim üçün
önəmli odur ki, Vatikandan başlanan estafeti "müsəlman
şəhəri dünyəvi Bakı" layiqincə davam
etdirir. Bu kontekstdə ölkəmizdə dövlət-din
münasibətlərinin əlaqələndirilməsində
tolerantlıq ənənələrinin qorunub
saxlanılmasında, qeyri-islam dini icmalarının sərbəst
fəaliyyəti üçün hüquqi bazanın
yaradılmasında Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə
Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə
qiymət baxımından "Azərbaycanda fəaliyyət
göstərən dini qurumların əməyinin praktiki nəticəsidir"
qənaətini ən sivil qiymət kimi də dəyərləndirmək
mümkündür.
Bakı
sammitinin keçirilməsi zamanın tələbi idi. İçində
yaşadığımız istehlak sivilizasiyası mənəvi
dəyərlər sistemində ciddi dəyişikliklər
aparıb. Qloballaşma həm dünyəvilik tərəfdarlarını,
həm də diniliyin təbliğatçılarını
bioetika, ekologiya, iqtisadiyyat və s. sahələrdə həyəcan
təbili çalmağa məcbur edib. Akademik Ramiz Mehdiyev bu məsələlərlə
bağlı sosial-siyasi durumu bir neçə il
əvvəl belə ifadə etmiş və qabaqlayıcı tədbirlər
görülməsi istiqamətində özgürlük
elementlərinə üstünlük verilməsinin mahiyyətini
açmışdır: "Qloballaşma suveren dövlətlər
arasındakı sədləri dağıdaraq cəmiyyətin
daxilində sosial münasibətləri yeni məcraya
salır, milli özünəməxsusluğu xüsusi dünyagörüşü
çərçivələrinə salaraq sərt şəkildə
məhdudlaşdırır. O, əvvəla, milli mədəniyyət
və ənənələrin öncüllüyünü
dağıdır, özünəməxsusluqdan
uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən,
siyasi quruluşundan, habelə milli mentalitetindən
asılı olmayaraq cəmiyyəti qərbləşdirir. İkincisi,
istər millətin, istərsə də dövlətin
müstəqil inkişaf imkanlarının mahiyyətinə
varmadan, səmərəsizliyi amansızcasına cəzalandırır
və beynəlxalq səmərəlilik
"çempion"larını, yəni inkişaf etmiş
ölkələri isə daha da həvəsləndirir... Hesab edilir ki, ümumiyyətlə, XXI əsr
qloballaşma əlaməti altında keçəcəkdir".
Beləliklə,
Bakı sammitinin çağırılmasında, onun
mövzusunun "Qloballaşma, din, ənənəvi dəyərlər"
kimi müəyyənləşdirilməsində məhz bu
amillər həlledici rol oynamışdır.
Şeyxülislam
Allahşükür Paşazadə "Cəmiyyət və
Din" qəzetinə müsahibəsində Bakı sammiti ilə
əlaqədar məqsəd və vəzifələri belə
şərh etmişdir: "...2006-cı ilin yayında
keçirilən Dini liderlərin ümumdünya Moskva sammitində, ...dinlərarası dialoq tarixində
əhəmiyyətli hadisə olan bu tədbirin yekun sənədində
dünyamızı narahat edən müxtəlif problemlərə
münasibət bildirildi, onların aradan qaldırılması
ilə bağlı din xadimlərinin tövsiyələri
öz əksini tapdı. Həmin dövrdən keçən
4 il ərzində, təəssüf ki,
mövcud problemlər nəinki həllini tapmamış, əksinə,
yeni və daha təhlükəli meyillər gündəmə
gəlmişdir. Belə ki, bu gün dünyanı narahat edən
bir sıra qlobal məsələlər - aclıq, iqtisadi
böhran, ekoloji fəlakətlər, nüvə terrorizmi, dini
fanatizmin və ekstremizmin güclənməsi və s. həm
dövlətlərin, həm də dini mühitin həyati
reallığına çevrilməyə başlayır. Yer kürəsində sülhün bərqərar
olmasına mane olan bu amillər dünya dini liderlərinin nəzər-diqqətindən
yayına bilməz; çünki biz ilk növbədə,
sülhün və bəşəri humanizmin tərəfdarıyıq".
Bakı sammiti
iştirakçılarının yekdil qənaətinə
görə, ümumdünya tədbiri öz ideyalarına sadiq
qaldı, bütün çıxışlarda qloballaşma
dövrünün xarakterindən irəli gələn
çox ciddi fəsadları mənəvi dəyərlərlə
dəf etmək strategiyası dəstəkləndi. Bu, əslində,
sammitdə çıxış edərkən Prezident
İlham Əliyevin dediyi "Mən şübhə etmirəm
ki, bu gözəl görüşün çox gözəl nəticələri
olacaq, dinlər, millətlər və ölkələr
arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə
xidmət göstərəcəkdir" tövsiyəsinin reallaşdığını
göstərir. Digər tərəfdən
isə din bütün dünyaya Bakıdan səslənərək
siyasətə qarışmadığını, dövlətlərarası
münasibətlərdə mənəvi dəyərlərlə
təmsil olunacağını elan etmişdir. Sammit iştirakçılarının əqidəsinə
görə, mötədil insanlar problem yaradılmasında
deyil, onun həllində maraqlı olmalıdırlar.
Ümumiyyətlə isə
Bakı sammitində bu mövzu ətrafında səslənən
bəzi mülahizələr Azərbaycan ictimai fikri
üçün yeni deyildi, dövr haqqında, mövcud yad
milli-dini elementlər və onların qarşısını
almaq yolları barədə rəsmi səviyyədə yeri gəldikcə
bir neçə dəfə açıqlamalar verilmiş,
proqram tipli tədbirlər görülmüş, ictimaiyyət,
görkəmli elm və din nümayəndələri
özgürlüyün qorunub saxlanmasına səfərbər
edilmişlər. Prezident Bakı sammitindəki
çıxışında bu məsələlər barədə
bir daha öz mülahizələrini
bölüşmüşdür: "Təbii ki,
qloballaşma prosesləri bizdən də yan keçə bilməz.
Sadəcə olaraq biz elə etməliyik ki,
qloballaşma adı altında öz milli dəyərlərimizi
unutmayaq. Biz milli dəyərlərimizə
sadiq olmalıyıq. Hər bir ölkə,
hər bir xalq üçün onun milli dəyərləri hər
şeydən üstün olmalıdır. Bu
dəyərlər, müxtəlif xalqların dəyərləri
bir-biri ilə ziddiyyət təşkil etməməlidir.
Ona görə biz qloballaşma deyəndə Azərbaycanda
beynəlxalq əməkdaşlığı, xoş
münasibətləri, dostluğu nəzərdə tuturuq.
Qloballaşma adı altında xalqlara zidd olan,
milli mentalitetə xas olmayan dəyərlər
aşılanmamalıdır. Hər halda,
biz buna hazır olmalıyıq ki, milli mənliyimizi
qoruyaq".
Bəzi dairələrin,
xüsusilə də Ermənistandakı ayrı-ayrı
qüvvələrin cidd-cəhdinə baxmayaraq, Bakı sammiti
ona siyasi don geyindirilməsinə imkan vermədi. Birincisi ona
görə ki, dini liderlər bəşəri məsələlərin
həllində dövlətlərə, hökumət və
qeyri-hökumət təşkilatlarına mənəvi dəstək
verəcəklərini birmənalı şəkildə elan
etdilər. "Dinlərarası dialoqa XX əsrdə
alternativ olmamışdır və indi də yoxdur" tezisi
ilə yoğrulmuş Bakı sammitinin yekun sənədində
"siyasilik" kökündən qopardılıb
atılmışdır: "Son yüzillik ərzində
dindarlar mənəvi dəyərləri hətta diplomatiya sahəsi
üçün təsiredici vasitəyə çevirə
bilmişlər. Siyasi sammitlərə getdikcə daha çox
mənəvi liderlər dəvət olunurlar, bir çox
ölkələr dinlərarası dialoqa yardımçı
olmağı öz siyasətlərinin prioritetlərindən
birinə çevirirlər... Əminik ki, beynəlxalq
ictimaiyyətlə dialoqun effektiv mexanizmi qloballaşmanın mənfi
nəticələrinin aradan qaldırılması
yollarının tapılmasına, dünyanın siyasi, iqtisadi
və hüquqi düzəninin yaxşıya doğru dəyişdirilməsinə
yardımçı olacaqdır".
Bakı sammiti
ilə bağlı başqa bir məsələyə də
toxunmaq istərdik. Məlum olduğu kimi, bütün ermənilərin
patriarxı katolikos II Qaregin də Bakıya gəlmişdi.
O, sammit çərçivəsində yüksək səviyyədə
qəbul olunmuş, Moskva və Bütün Rusiyanın
patriarxı Kirillin iştirakı ilə şeyxülislam
Allahşükür Paşazadə ilə birgə Qarabağ
probleminin sülh yolu ilə həllinə dair öz səviyyələrində
yardımçı olmaq fikrini dəstəkləmişdir. Ümumiyyətlə, onun Bakıya səfəri Ermənistanda
çoxluq tərəfindən yaxşı
qarşılanmamışdır. II Qareginin
özünün və onu müşayiət edən nümayəndələrin,
eləcə də Vaşinqtonda yerləşən Şərqi
Yeparxiyanın Leqatı, ABŞ-dakı Milli Kilsələr
Şurasının keçmiş prezidenti kimi sammitdə
iştirak edən baş yepiskop Viken Aykazyanın Azərbaycan
barədə İrəvanda eşitmək istəmədikləri
şəkildə danışmalarından Ermənistanda
rahatsız olmuşlar. "Katolikos və
patriarx, siyasi məsələlərə
qarışmayın" hökmü ilə çıxan
yazılarda bütün ermənilərin mənəvi
atasına xüsusilə çox "pay"
düşüb. İrəvanda Kirill cənablarının
Bakı səfərini kinayəli üslubla şərh edənlər
də tapılıb. Hətta Ermənistandan
gələn din adamlarının şəhərimizdəki erməni-qriqoryan
kilsəsinə gedişini tərbiyəsizcəsinə "mənasız
turist səfəri" adlandırmaqdan da çəkinməyiblər.
Məlumat üçün əlavə etmək
istərdik ki, dünya KİV-i belə bir xoş məramı
"Bakıda qorunub saxlanılmış erməni məbədini
ziyarət" kimi işıqlandırmışdır.
Bu məsələ
ətrafında çox dayanmağa ehtiyac yoxdur, nə
olmuşsa, dünyanın gözü qabağında və
imanlı insanların iştirakı ilə olmuşdur. Birinci dəfə
deyil ki, onlardan bu cür yaramazlıqlar eşidirik.
Azərbaycanın
siyasi rəhbərliyi öz mədəniyyətini və
problemlərin fövqündə durmaq bacarığını
növbəti dəfə nümayiş etdirmişdir. Millət və
dövlət olaraq nəyə qadir olduğumuzu bildirdik.
...Son olaraq İrəvan jurnalistlərinə təkrar
kiçik bir qonşuluq mesajı: "Biz azərbaycanlıyıq,
bizim mədəniyyətimiz siyasətimizi müəyyənləşdirir.
Biz erməni deyilik ki, siyasətimiz mədəniyyətimizi
formalaşdırsın!"
Sammitin digər
önəmli tərəfi bir də o oldu ki, müxtəlif
konfessiyaların nümayəndələri arasındakı
dialoq qarşılıqlı hörmət prinsipləri əsasında
keçdi və imanla bağlı məsələlərə
qətiyyən toxunulmadı, dinlərin zorla
yaxınlaşmasına (ekumenizm) çağırış səslənmədi. Bəzi Avropa ölkələrində
islam dininə, onun ənənələrinə qarşı həqarətlərin
yayıldığı, karikatura şərəfsizliyi göstərildiyi
bir vaxtda əhalisinin 96 faizi müsəlman olan ölkənin
milli-dini dözümlülük etalonu nümayiş etdirməsi
həm sammitin keçirildiyi salonda, həm də ondan kənarda
aydın hiss olundu. Bu baxımdan Bakı sammitində
Prezidentimizin səsləndirdiyi bir fikir önəmlidir:
"Bizim gücümüz... Azərbaycanda
hökm sürən sabitliyin möhkəmlənməsindədir,
dini və milli sülhün mövcudluğundadır".
Bakı sammitində ehtiramla qarşılanan çıxışlardan birini də Moskva və Bütün Rusiyanın patriarxı cənab Kirill etmişdir. Ümumiyyətlə, Azərbaycan-Rusiya dostluq münasibətlərində Rusiya patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi, hər iki dini lider arasındakı səmimiliyin xüsusi yeri var. Mərhum patriarx II Aleksi iki dəfə Azərbaycanda olmuşdur. Patriarx Kirill də qısa müddətdə iki dəfə respublikamıza səfər etmişdir. Belə bir səmimiyyət fonunda onun sammitdəki çıxışı, dinin bütün hüquq və azadlıqlar, rifah və təhlükəsizlik elementinə çevrilməsi barədəki fikirləri yaddaqalan olmuşdur. Müasir dünyamızın, xüsusilə də Avropada dindən uzaqlaşmaq motivlərindən rahatsızlığını etiraf edən Rusiyanın patriarxı dövrümüzün qlobal çətinliklərinin qarşısını layiqincə almaq üçün din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü bildirmiş, onları daha fəal mövqe tutmağa çağırmışdır.
Bakı sammiti bir daha sübut etmişdir ki, dünyəvi məsələlərin həllində, mədəniyyətlərarası və dinlərarası münasibətlərin qurulmasında, ölkələrin ərazi bütövlüyünün qorunmasında, etnik azlıqların öz müqəddəratını təyin etməsi ətrafında siyasi alverlə mübarizədə, separatizm, beynəlxalq terrorizm, ekstremizm, milli-dini abidələrin dağıdılması, saxtalaşdırılması, narkotik maddələr və digər uyuşduruculardan istifadə olunmasının qarşısının alınmasında BMT çərçivəsində vahid mövqedən fəaliyyət davam etdirilməlidir.
Dünya dini liderlərinin Bakıda yüksək dövlət dəstəyi ilə keçirilmiş tədbirində YUNESKO ilə də dini qurumlar arasındakı əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilmiş, BMT yanında Dini Məşvərət Şurasının yaradılması, YUNESKO-nun nəzdində dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyətə başlaması faktı önəmli addımlardan biri kimi dəyərləndirilmişdir.
* * *
İnsan təbiətən
imanlı varlıqdır. O ən xoş məqamlarda uca
Yaradana alqış edər, ən çətin anlarda fövqəladə
gücə pənah aparar. Bakıda iki gün
davam etmiş dünya dini liderlərinin sammitinin nəticələrinə
əsasən belə qənaətə gəlmək olar ki, din
pərdəsi altında insandan sui-istifadə edilməyəcək
və bəşəriyyəti düşündürən məsələlər
ancaq mənəvi dəyərlər vasitəsi ilə həll
olunacaqdır. Bu, Allah Təalanın buyruğu, din xadimlərinin
isə amalıdır.
Elçin CABBARLI,
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin xarici
əlaqələr, nəşriyyat və
redaksiya şöbəsinin
müdiri
Azərbaycan.- 2010.- 16
may.- S. 4.