"Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın təqdimatı olmuşdur

 

Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society Journal of Pure and Applied Mathematics") nəşr olunmuş birinci nömrəsinin təqdimatı keçirilmişdir.

Yeni jurnal haqqında məlumatlar http://iam.bsu.edu.az/az/content/twms_journal_of_pure_and_applied_mathematics, İEEE -Control System Society (http://www.ieeecss.org/publications/eletter/current-e-letter.html) və NA-DİGEST (http://www.netlib.org/na-digest-html/) saytlarında yerləşdirilmişdir.

Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir.

Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), növbəti konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), üçüncü konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir.

Almatıda keçirilən konqresdə jurnalın təsisi haqqında qərar qəbul olunmuşdur. Jurnalın nəşri Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir.

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyevin redaktorluğu ilə nəşr olunan jurnal Fransada Elmi Jurnalların Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçmiş və identifikasiya nömrəsi (İSSN 2076-2585) almışdır.

Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov yeni nəşr barədə fikirlərini açıqlamış, jurnalın riyaziyyat elminin inkişafında səmərəli rol oynayacağına əminliyini vurğulamışdır.

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, jurnalın baş redaktoru, akademik Fikrət Əliyev ulu öndər Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamış, jurnalın təqdim olunan ilk nömrəsi barədə ətraflı məlumat vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və digər çıxış edənlər jurnalın əhəmiyyətindən danışmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 may.- S.  8.