Geniş tərkibdə görüş

 

Mayın 17-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Hörmətli qonaqlar!

Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq. Biz indi təkbətək görüşdə çox geniş fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərin bütün sahələri bir daha nəzərdən keçirildi. Bir daha gördük ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız bir-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir. Əminəm ki, sizin səfəriniz ikitərəfli əlaqələrin inkişafı üçün də çox vacib addım olacaq və səfərin çox gözəl nəticələri olacaqdır. Türkiyə və Azərbaycan - iki dost, qardaş ölkə həmişə olduğu kimi, uğurla əməkdaşlıq edirlər və qarşımızda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərirlər. Əminəm ki, bu gözəl ənənələr gələcəkdə də davam edəcək və xalqlarımız bir-birinə daha da yaxın olacaqlar.

Əziz qardaşım, Sizi Azərbaycanda bir daha salamlayıram, xoş gəlmisiniz.

 

* * *

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Çox təşəkkür edirəm. Dəyərli qardaşımla Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətləri, bölgədəki vəziyyəti, dünyada gedən inkişaf proseslərini qiymətləndirmək fürsətimiz oldu. Bunları ən yaxın mənada dəyərləndirmək fürsətimiz olduğu üçün çox məmnunam. Nazir dostlarımız bir-biriləri ilə ən azından, görüşmək fürsəti tapa bildilər. Bu da bizim üçün gözəl bir fürsət oldu.

Türkiyə-Azərbaycan ayrılmaz iki qardaşdır. Bizlər bir ailənin iki üzvüyük. Təbii ki, ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlətik. Biz bu kəlamı hər zaman söyləyirik. Bu, təbii ki, sözdə deyil, əməldə də özünü göstərir və göstərəcəkdir. Biz bir-birimizə güc verməklə gələcəyini hazırlayan iki ölkəyik. İnanıram ki, birgə səylərimiz, çalışmalarımız bəhrəsini hər sahədə verir.

Azərbaycana hər səfərimdə ölkənizi daha da irəliləmiş, inkişaf etmiş görəndə sevinc içində oluram. Bu gəlişimdə də Azərbaycanın daha da inkişaf etdiyini və etməkdə olduğunu gördüm. Buna görə də çox şadam. Bu, bizləri sevindirir. Azərbaycanın inkişaf etməsi, zənginləşməsi bizim zənginliyimizdir. İnanıram ki, bizim zənginliyimiz də, eyni şəkildə Azərbaycanın zənginliyidir. Daxildəki rahatlığımız eyni şəkildə bir-birimizin rahatlığıdır. Mən də bu səbəbdən yenə də birlikdə olmağımızın sevincini yaşayıram. Təbii ki, qarşıda yenə beynəlxalq toplantılarımız vardır. Yenə də bir yerdə olacağıq. Bu səbəbdən, çox təşəkkür edirəm. Xeyirli olsun deyirəm.

Prezident İlham ƏLİYEV:

- Çox sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  3.