Bakıda Türkiyə
Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi
açılmışdır
Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin ətrafında yaradılmış şəraitlə tanış oldular. Məlumat verildi ki, abidənin müəllifi xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün abidəsinin ucaldığı bu park bundan sonra paytaxt sakinlərinin ən maraqlı istirahət yerlərindən biri olacaqdır. Abidə və onun ətrafında yaradılmış şərait paytaxtın bu hissəsinə xüsusi yaraşıq verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söylədilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Hörmətli Əminə xanım!
Əziz qonaqlar!
Hörmətli dostlar!
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakının mərkəzində türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Mən çox şadam ki, bizim üçün bu əlamətdar gündə mənim əziz dostum, qardaşım, Türkiyənin Baş naziri böyük heyətlə iştirak edir. Bu tarixi günü biz birlikdə qeyd edirik.
Böyük dövlət xadimi, böyük sərkərdə, böyük siyasətçi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır.
Biz hamımız yaxşı bilirik ki, Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz" tarixi kəlamı bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, o bir yol göstərib. İki qardaş xalq bu yolda bərabər addımlayır.
Tarix belə gətirdi ki, müəyyən dövr ərzində bizi tarix və tarixi hadisələr ayırdı. Ancaq baxmayaraq ki, Azərbaycan müstəqil ölkə kimi yalnız 20 ilə yaxındır yaşayır, bundan əvvəlki dövrlərdə də bizim qəlbimiz, duyğularımız bir döyünürdü. Bir-birimizə olan dostluq, qardaşlıq münasibətlərini heç bir siyasi quruluş, yaxud da ki, siyasi təşəbbüs dəyişdirə bilməzdi. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bütün dövrlərdə və bütün istiqamətlərdə birlikdə fəaliyyət göstəririk. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir. Türkiyənin Baş nazirinin Azərbaycana bugünkü səfəri bunu bir daha təsdiqləyir.
Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə sadəcə olaraq sözlər deyildir. Onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq.
Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir. Türkiyə bu gün dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərə Türkiyənin təsir imkanları artır. Türkiyə gündən-günə güclənir. Bu, bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər də güclü olacaqdır.
Azərbaycan
da, eyni zamanda, sürətlə inkişaf edir. Burada
görülən tədbirlər, aparılan işlər bizi
böyük dərəcədə gücləndirə
bilmişdir. 1991-ci ildə müstəqilliyi
bərpa edəndə Azərbaycanda vəziyyət çox
ağır idi. Ölkə böhran
içində idi. Ölkənin müstəqil
həyatı əslində, sual altında idi. Bu gün isə Azərbaycan ən dinamik inkişaf
edən ölkədir. O ölkədir ki, öz
maraqlarını qorumaqla bölgədə genişmiqyaslı əməkdaşlığın
dərinləşməsi üçün praktiki addımlar
atır.
Türkiyə
ilə Azərbaycan arasında əlaqələr
çoxşaxəlidir, çox genişdir. Əlbəttə
ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni
köklər əsasında qurulubdur. Xalqlarımız
arasındakı dostluq, qardaşlıq duyğuları bu əlaqələri
möhkəmləndirir. Eyni zamanda, birgə
həyata keçirdiyimiz layihələr, istər nəqliyyat,
istər energetika, istər mədəniyyət sahələrində,
istər humanitar sahədəki bütün
addımlarımız bizi bir-birimizə daha da yaxın edir.
Türkiyə-Azərbaycan əlaqələri
regional əməkdaşlıq üçün başlıca
şərtdir və bizim maraqlarımız nəzərə
alınmadan bölgədə heç bir təşəbbüs
reallaşa bilməz.
Türkiyə-Azərbaycan
əlaqələri deyə bilərəm ki, türk
dünyasının daha da sıx birləşməsi
üçün həlledici rol oynayır. Keçən il Naxçıvanda keçirilmiş
türkdilli dövlət başçılarının zirvə
görüşü, görüşün nəticələri,
əldə edilmiş qərarlar bir daha göstərdi ki, biz
hamımız çalışmalıyıq və
çalışırıq ki, türk dünyasını
daha da sıx birləşdirək. Əgər buna
nail olsaq, onda bizim gücümüz böyük dərəcədə
artacaqdır. Bizim bütün imkanlarımız
var - təbii sərvətlər, coğrafi vəziyyət, əhali.
Türk dünyasının birliyi bizim gələcəyimizdir.
Azərbaycan və Türkiyə öz üzərinə
düşən rolunu şərəflə yerinə yetirir.
Türk dünyasının birliyinin əsasını
Türkiyə və Azərbaycan təşkil edir. Bu reallıqdır. Mən əminəm
ki, bugünkü mərasim dostluğumuzu daha da böyük dərəcədə
gücləndirəcəkdir.
Böyük
Atatürkün abidəsinin Azərbaycanın paytaxtı
Bakı şəhərinin mərkəzində ucaldılması
bugünkü günü tariximizə bayram günü kimi
yazacaqdır.
Bu, Türkiyə-Azərbaycan dostluğunun
bayramıdır, birliyin bayramıdır. Bu,
böyük öndərin xatirəsinə Azərbaycan
xalqının qəlbindəki duyğuların ifadəsidir.
Mən əminəm
ki, bu gözəl, abad parkda Türkiyə və Azərbaycan vətəndaşları
birlikdə gözəl günlər keçirəcəklər. Bakı sakinləri
üçün də çox gözəl şərait
yaradılıbdır, gəlib burada yaxşı istirahət
edə bilərlər. Bu yerin seçilməsi
də təsadüfi xarakter daşımır. Bu yerin seçilməsində deyə bilərəm
ki, mənim də rolum olmuşdur. Burada biz
bir neçə amili nəzərə aldıq. İlk növbədə bu, şəhərin mərkəzində,
Bakının tarixi yerində olmalı idi. Eyni zamanda, mən çox şadam ki, bu abidə
Türkiyə səfirliyinin yaxınlığında yerləşir.
Bura qardaş Türkiyənin kiçik bir
parçası kimi Bakı şəhərinin mərkəzindədir.
Mən bir daha
sizin hamınızı, Azərbaycan və türk
xalqlarını bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm.
Əziz
qardaşıma mənim dəvətimi qəbul edib Bakıya səfər
etdiyinə görə və bu gözəl mərasimdə
iştirak etdiyinə görə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sizi və bütün
Azərbaycan xalqını əmin etmək istəyirəm ki,
mən öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan
əlaqələrinin yüksək səviyyədə
saxlanması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi
üçün öz səylərimi davam etdirəcəyəm
və bütün işlərimdə
çalışacağam ki, xalqlarımız bir-biri ilə
daha da yaxından əməkdaşlıq etsinlər.
Bir daha, əziz dostlar, bu
gözəl hadisə münasibətilə sizi təbrik edirəm!
Yaşasın Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı!
Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğanın
nitqi
- Çox dəyərli
qardaşım, hörmətli Prezidentim!
Hörmətli Mehriban
xanım!
Dəyərli
qardaşlarım, xanımlar və bəylər!
Sizləri bu
çox gözəl açılış mərasimində ən
səmimi duyğularımla salamlayıram. Həqiqətən,
bu gün dəyərli qardaşım bizlərə 17 mayı
Türkiyə-Azərbaycan əlaqələri tarixinə
yazılacaq şəkildə belə bir gözəl
açılış mərasimini yaşatdı. Bu səfərim münasibətilə bunu daha mənalı
etdilər. Bununla əlaqədar ona öz
adımdan və millətim adından çox təşəkkür
edirəm.
Böyük
lider, cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkün
abidəsinin belə gözəl bir yerdə seçilib
ucaldılması və xüsusilə də, bu yeri hörmətli
qardaşımın özünün seçməsi,
özünün müəyyənləşdirməsi bizim
üçün çox əhəmiyyətlidir. Hətta səfirlik
binasının yerini müəyyənləşdirərkən
orada da eyni həssaslığı göstərmişdi.
Layihə hazırlanarkən orada əyrü-üyrü
kiçik bir yer var idi. O zaman qardaşıma dedim ki,
buranı nə edəcəyik? Həmin an
bütün cavabdeh şəxsləri çağırdı,
hamısını yanımıza topladıqdan sonra belə bir
xətti çəkdi, bura belə olacaq dedi. Həqiqətən,
o xətt çəkilərək ona əsasən layihəyə
hazırlıq işlərinə başlandı. Beləliklə, səfirlik binası da Bakının
ən gözəl yerində inşa edildi. İndi də eyni vəziyyəti abidənin
ucaldılması zamanı yaşadıq. Bununla
əlaqədar məmnunluğumuzu sözlə ifadə etmək
mümkün deyildir.
Türkiyə-Azərbaycan
əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi
Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri
- kədərimiz, sevinci - sevincimizdir" deyərkən ortaya
qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir.
Bunu əminliklə söyləyə bilərəm
ki, hansı siyasi iqtidar gəlirsə gəlsin,
aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr
qurumların əlaqəsi deyildir. Bizim aramızdakı
əlaqə millətlərin əlaqəsidir. Çinki biz bir millətik, iki ayrı dövlətik.
Bunu dərindən anlamaq lazımdır. Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni,
ticari - bütün sahələrdə bu əlaqə artaraq
davam etməkdədir. Bundan sonra güclənən
bir Azərbaycan, güclənən bir Türkiyə vardır.
Dünya birliyində də şübhəsiz
ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və
olacaqdır.
Biz buraya
İrandan gəldik. İrandan gəldikdən sonra
qardaşımla təkbətək görüş
keçirdik. Heyətlərarası
görüşümüz oldu, mətbuata bəyanatla
çıxış etdik. İndi
Gürcüstana, oradan da Madridə gedəcəyəm, bu
şəkildə dörd-beş gün ərzində dörd
ölkədə olacağam. Görülən
bu işlər nə üçündür? Artıq dünyada gündəmi müəyyənləşdirilən
bir ölkə olmaqdan çıxıb, gündəm müəyyən
edən bir ölkəyə çevrilmişik.
Eyni şəkildə,
Azərbaycanla əlaqədar da bunları deyə bilərəm. On il,
iyirmi il əvvələ getdikdə, necə bir Azərbaycan
var idi, bu gün necə bir Azərbaycan vardır. Mən bir il əvvəlki Azərbaycanla indiki Azərbaycan
arasındakı çox böyük fərqi görürəm.
Bu qədər sürətlə inkişaf edən,
bu qədər sürətlə dəyişən bir Azərbaycan
vardır. Bunlar təbii ki, dünya
üçün bir nümunədir. Liderlər
buraya gəldiyi zaman Azərbaycanı tanımayacaqlar. Bunu dəyişdirən lider vardır. Bunu dəyişdirən kadrlar vardır. Bunu təbii ki, təqdirlə qeyd edəcəklər.
Tarixi şəxsiyyətlər tarixdə
qurub-yaratdıqları ilə qalırlar.
İndi tarix Azərbaycanda
mərhum Heydər Əliyevi necə yad edirsə, inanıram
ki, gələcəkdə İlham Əliyev
qardaşımı belə yad edəcəkdir. Bu əsərlərlə
yad edəcəkdir.
Bununla əlaqədar, mən
şəxsən öz adımdan və millətim adından
minnətdarlığımı təkrar ifadə edirəm. Sizi
çox məşğul etmək istəmirəm, amma təkrar
edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri hər
ötən gün daha da güclənməkdədir, daha da
güclənəcəkdir. Bundan heç kəsin şübhəsi,
narahatçılığı olmasın. Kimsə dedi-qodulara
inanmasın. Bizim aramızdakı birliyi,
qardaşlığı dedi-qodular poza bilməz. Bu, belə qəbul
edilməlidir. Mən də eynilə İlham Əliyev
qardaşım kimi "Yaşasın Türkiyə-Azərbaycan
qardaşlığı" deyəcəyəm! "Yaşasın
işıqlı gələcəyimiz!" deyəcəyəm!
"Yaşasın Türkiyə və Azərbaycanın gələcəkdəki
o güclü dünyanı formalaşdırması" deyəcəyəm!
Sağ olun, var olun!
* * *
Azərbaycan dövlətinin
başçısı və Türkiyənin Baş naziri abidənin
üzərindən ağ örtüyü götürdülər.
Prezident İlham Əliyevin və
Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından
abidənin önünə əklillər qoyuldu.
Azərbaycan Prezidenti
İlham Əliyev, xanımı Mehriban Əliyeva və
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və
xanımı Əminə Ərdoğan abidənin
önündə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 18 may.- S.
4, 5.