Bakıda Türkiyə
Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi
açılmışdır
Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin ətrafında yaradılmış şəraitlə tanış oldular. Məlumat verildi ki, abidənin müəllifi xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün abidəsinin ucaldığı bu park bundan sonra paytaxt sakinlərinin ən maraqlı istirahət yerlərindən biri olacaqdır. Abidə və onun ətrafında yaradılmış şərait paytaxtın bu hissəsinə xüsusi yaraşıq verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söylədilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Hörmətli Əminə xanım!
Əziz qonaqlar!
Hörmətli dostlar!
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakının mərkəzində türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Mən çox şadam ki, bizim üçün bu əlamətdar gündə mənim əziz dostum, qardaşım, Türkiyənin Baş naziri böyük heyətlə iştirak edir. Bu tarixi günü biz birlikdə qeyd edirik.
Böyük dövlət xadimi, böyük sərkərdə, böyük siyasətçi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır.
Biz hamımız yaxşı bilirik ki, Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz" tarixi kəlamı bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, o bir yol göstərib. İki qardaş xalq bu yolda bərabər addımlayır.
Tarix belə gətirdi ki, müəyyən dövr ərzində bizi tarix və tarixi hadisələr ayırdı. Ancaq baxmayaraq ki, Azərbaycan müstəqil ölkə kimi yalnız 20 ilə yaxındır yaşayır, bundan əvvəlki dövrlərdə də bizim qəlbimiz, duyğularımız bir döyünürdü. Bir-birimizə olan dostluq, qardaşlıq münasibətlərini heç bir siyasi quruluş, yaxud da ki, siyasi təşəbbüs dəyişdirə bilməzdi. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bütün dövrlərdə və bütün istiqamətlərdə birlikdə fəaliyyət göstəririk. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir. Türkiyənin Baş nazirinin Azərbaycana bugünkü səfəri bunu bir daha təsdiqləyir.
Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə sadəcə olaraq sözlər deyildir. Onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq.
Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir. Türkiyə bu gün dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərə Türkiyənin təsir imkanları artır. Türkiyə gündən-günə güclənir. Bu, bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər də güclü olacaqdır.
Azərbaycan da, eyni zamanda,
sürətlə inkişaf edir. Burada görülən tədbirlər,
aparılan işlər bizi böyük dərəcədə
gücləndirə bilmişdir. 1991-ci ildə müstəqilliyi
bərpa edəndə Azərbaycanda vəziyyət çox
ağır idi. Ölkə böhran içində idi. Ölkənin
müstəqil həyatı əslində, sual altında idi.
Bu gün isə Azərbaycan ən dinamik inkişaf edən
ölkədir. O ölkədir ki, öz maraqlarını
qorumaqla bölgədə genişmiqyaslı əməkdaşlığın
dərinləşməsi üçün praktiki addımlar
atır.
Türkiyə ilə Azərbaycan
arasında əlaqələr çoxşaxəlidir, çox
genişdir. Əlbəttə ki, bu əlaqələr çox
möhkəm tarixi və mədəni köklər əsasında
qurulubdur. Xalqlarımız arasındakı dostluq,
qardaşlıq duyğuları bu əlaqələri möhkəmləndirir.
Eyni zamanda, birgə həyata keçirdiyimiz layihələr,
istər nəqliyyat, istər energetika, istər mədəniyyət
sahələrində, istər humanitar sahədəki
bütün addımlarımız bizi bir-birimizə daha da
yaxın edir. Türkiyə-Azərbaycan əlaqələri
regional əməkdaşlıq üçün başlıca
şərtdir və bizim maraqlarımız nəzərə
alınmadan bölgədə heç bir təşəbbüs
reallaşa bilməz.
Türkiyə-Azərbaycan əlaqələri
deyə bilərəm ki, türk dünyasının daha da
sıx birləşməsi üçün həlledici rol
oynayır. Keçən il Naxçıvanda
keçirilmiş türkdilli dövlət
başçılarının zirvə görüşü,
görüşün nəticələri, əldə
edilmiş qərarlar bir daha göstərdi ki, biz
hamımız çalışmalıyıq və
çalışırıq ki, türk dünyasını
daha da sıx birləşdirək. Əgər buna nail olsaq,
onda bizim gücümüz böyük dərəcədə
artacaqdır. Bizim bütün imkanlarımız var - təbii
sərvətlər, coğrafi vəziyyət, əhali.
Türk dünyasının birliyi bizim gələcəyimizdir.
Azərbaycan və Türkiyə öz üzərinə
düşən rolunu şərəflə yerinə yetirir.
Türk dünyasının birliyinin əsasını
Türkiyə və Azərbaycan təşkil edir. Bu
reallıqdır. Mən əminəm ki, bugünkü mərasim
dostluğumuzu daha da böyük dərəcədə
gücləndirəcəkdir.
Böyük Atatürkün
abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin
mərkəzində ucaldılması bugünkü
günü tariximizə bayram günü kimi yazacaqdır. Bu,
Türkiyə-Azərbaycan dostluğunun bayramıdır,
birliyin bayramıdır. Bu, böyük öndərin xatirəsinə
Azərbaycan xalqının qəlbindəki duyğuların
ifadəsidir.
Mən əminəm ki, bu
gözəl, abad parkda Türkiyə və Azərbaycan vətəndaşları
birlikdə gözəl günlər keçirəcəklər.
Bakı sakinləri üçün də çox gözəl
şərait yaradılıbdır, gəlib burada yaxşı
istirahət edə bilərlər. Bu yerin seçilməsi də
təsadüfi xarakter daşımır. Bu yerin seçilməsində
deyə bilərəm ki, mənim də rolum olmuşdur. Burada
biz bir neçə amili nəzərə aldıq. İlk
növbədə bu, şəhərin mərkəzində,
Bakının tarixi yerində olmalı idi. Eyni zamanda, mən
çox şadam ki, bu abidə Türkiyə səfirliyinin
yaxınlığında yerləşir. Bura qardaş
Türkiyənin kiçik bir parçası kimi Bakı şəhərinin
mərkəzindədir.
Mən bir daha sizin
hamınızı, Azərbaycan və türk xalqlarını
bu gözəl hadisə münasibətilə ürəkdən
təbrik etmək istəyirəm.
Əziz qardaşıma mənim
dəvətimi qəbul edib Bakıya səfər etdiyinə
görə və bu gözəl mərasimdə iştirak
etdiyinə görə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, mən öz
fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin
yüksək səviyyədə saxlanması üçün
əlimdən gələni əsirgəməyəcəyəm.
Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi
üçün öz səylərimi davam etdirəcəyəm
və bütün işlərimdə
çalışacağam ki, xalqlarımız bir-biri ilə
daha da yaxından əməkdaşlıq etsinlər.
Bir daha, əziz dostlar, bu
gözəl hadisə münasibətilə sizi təbrik edirəm!
Yaşasın Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı!
Türkiyənin Baş naziri Rəcəb Tayyıb Ərdoğanın
nitqi
- Çox dəyərli
qardaşım, hörmətli Prezidentim!
Hörmətli Mehriban
xanım!
Dəyərli
qardaşlarım, xanımlar və bəylər!
Sizləri bu çox gözəl
açılış mərasimində ən səmimi
duyğularımla salamlayıram. Həqiqətən, bu gün
dəyərli qardaşım bizlərə 17 mayı Türkiyə-Azərbaycan
əlaqələri tarixinə yazılacaq şəkildə
belə bir gözəl açılış mərasimini
yaşatdı. Bu səfərim münasibətilə bunu daha mənalı
etdilər. Bununla əlaqədar ona öz adımdan və millətim
adından çox təşəkkür edirəm.
Böyük lider,
cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkün abidəsinin
belə gözəl bir yerdə seçilib ucaldılması və
xüsusilə də, bu yeri hörmətli
qardaşımın özünün seçməsi,
özünün müəyyənləşdirməsi bizim
üçün çox əhəmiyyətlidir. Hətta səfirlik
binasının yerini müəyyənləşdirərkən
orada da eyni həssaslığı göstərmişdi. Layihə
hazırlanarkən orada əyrü-üyrü kiçik bir
yer var idi. O zaman qardaşıma dedim ki, buranı nə edəcəyik?
Həmin an bütün cavabdeh şəxsləri
çağırdı, hamısını yanımıza
topladıqdan sonra belə bir xətti çəkdi, bura belə
olacaq dedi. Həqiqətən, o xətt çəkilərək
ona əsasən layihəyə hazırlıq işlərinə
başlandı. Beləliklə, səfirlik binası da
Bakının ən gözəl yerində inşa edildi.
İndi də eyni vəziyyəti abidənin ucaldılması
zamanı yaşadıq. Bununla əlaqədar məmnunluğumuzu
sözlə ifadə etmək mümkün deyildir.
Türkiyə-Azərbaycan əlaqələrinin
bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal
Atatürkün "Azərbaycanın kədəri - kədərimiz,
sevinci - sevincimizdir" deyərkən ortaya qoyduğu həqiqət
davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə
söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə
gəlsin, aramızdakı bu əlaqəni poza bilməz.
Çünki bizim aramızdakı əlaqələr
qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə
millətlərin əlaqəsidir. Çinki biz bir millətik,
iki ayrı dövlətik. Bunu dərindən anlamaq
lazımdır. Hər ötən gün siyasi, hərbi,
iqtisadi, mədəni, ticari - bütün sahələrdə
bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən
bir Azərbaycan, güclənən bir Türkiyə vardır.
Dünya birliyində də şübhəsiz ki, bu iki ölkənin
yeri çox önəmli olmaqdadır və olacaqdır.
Biz buraya İrandan gəldik.
İrandan gəldikdən sonra qardaşımla təkbətək
görüş keçirdik. Heyətlərarası
görüşümüz oldu, mətbuata bəyanatla
çıxış etdik. İndi Gürcüstana, oradan da
Madridə gedəcəyəm, bu şəkildə
dörd-beş gün ərzində dörd ölkədə
olacağam. Görülən bu işlər nə
üçündür? Artıq dünyada gündəmi
müəyyənləşdirilən bir ölkə olmaqdan
çıxıb, gündəm müəyyən edən bir
ölkəyə çevrilmişik.
Eyni şəkildə, Azərbaycanla
əlaqədar da bunları deyə bilərəm. On il, iyirmi
il əvvələ getdikdə, necə bir Azərbaycan var idi,
bu gün necə bir Azərbaycan vardır. Mən bir il əvvəlki
Azərbaycanla indiki Azərbaycan arasındakı çox
böyük fərqi görürəm. Bu qədər sürətlə
inkişaf edən, bu qədər sürətlə dəyişən
bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya
üçün bir nümunədir. Liderlər buraya gəldiyi
zaman Azərbaycanı tanımayacaqlar. Bunu dəyişdirən
lider vardır. Bunu dəyişdirən kadrlar vardır. Bunu təbii
ki, təqdirlə qeyd edəcəklər. Tarixi şəxsiyyətlər
tarixdə qurub-yaratdıqları ilə qalırlar.
İndi tarix Azərbaycanda mərhum
Heydər Əliyevi necə yad edirsə, inanıram ki, gələcəkdə
İlham Əliyev qardaşımı belə yad edəcəkdir.
Bu əsərlərlə yad edəcəkdir.
Bununla əlaqədar, mən
şəxsən öz adımdan və millətim adından
minnətdarlığımı təkrar ifadə edirəm.
Sizi çox məşğul etmək istəmirəm, amma təkrar
edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri hər
ötən gün daha da güclənməkdədir, daha da
güclənəcəkdir. Bundan heç kəsin şübhəsi,
narahatçılığı olmasın. Kimsə dedi-qodulara
inanmasın. Bizim aramızdakı birliyi,
qardaşlığı dedi-qodular poza bilməz. Bu, belə qəbul
edilməlidir. Mən də eynilə İlham Əliyev
qardaşım kimi "Yaşasın Türkiyə-Azərbaycan
qardaşlığı" deyəcəyəm!
"Yaşasın işıqlı gələcəyimiz!"
deyəcəyəm! "Yaşasın Türkiyə və Azərbaycanın
gələcəkdəki o güclü dünyanı
formalaşdırması" deyəcəyəm! Sağ olun,
var olun!
* * *
Azərbaycan dövlətinin
başçısı və Türkiyənin Baş naziri abidənin
üzərindən ağ örtüyü götürdülər.
Prezident İlham Əliyevin və
Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından
abidənin önünə əklillər qoyuldu.
Azərbaycan Prezidenti
İlham Əliyev, xanımı Mehriban Əliyeva və
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və
xanımı Əminə Ərdoğan abidənin
önündə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 18 may.- S.
4, 5.