İordaniya Kralı II Abdullah Azərbaycan
Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı
maşınlar zavodunda istehsal edilmiş silah-sursat və hərbi
texnika ilə tanış olmuşdur
Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah mayın 16-da Müdafiə Sənayesi Nazirliyinin elektron hesablayıcı maşınlar zavodunda olmuşdur.
Müdafiə sənayesi naziri Yavər Camalov ali qonağı qarşıladı.
İordaniya Kralı əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti haqqında qısa filmə baxdı.
Sonra Kral II Abdullah nazirliyin müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisi ilə tanış oldu. Ali qonağa məlumat verildi ki, aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə 20-dən artıq ölkənin 60-dək şirkəti ilə əməkdaşlıq yaradılmışdır.
İstehsalına artıq başlanılan silahlar sırasına əsasən döyüş sursatları, o cümlədən "Zəfər", "Zəfər K" və "İnam" tapançaları, minaatanlar, qumbaralar, minaaxtaranlar daxildir.
Məlumat verildi ki, zavodda istehsal olunan silah-sursat və hərbi texnika dünya standartlarına tam cavab verdiyi üçün son illər müəssisə öz məhsullarını beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirir. Sonuncu belə sərgi isə bu günlərdə İordaniyanın paytaxtı Əmman şəhərində təşkil olunmuşdur. Beynəlxalq sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 55 adda müdafiə təyinatlı məmulat ilə təmsil olunmuşdu.
Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, elektron hesablayıcı maşınlar zavodunda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əsaslı yenidənqurma işləri aparılmışdır. Zavodda mexaniki emal, yığma, bərk xromlama və istehsalın texnoloji hazırlığı sexləri, ən müasir tələblərə cavab verən istehsal sahələri yaradılmışdır. Bu da müəssisədə yüksək beynəlxalq standartlara uyğun müdafiə təyinatlı texnikanın seriyalı istehsalını təmin etmişdir.
Zavodun sex və sahələrində istehsal prosesi, döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş müxtəlif növ zirehli texnikanın iş prinsipləri ilə tanışlıq da Kral II Abdullahda böyük maraq doğurdu. İordaniya Kralı zirehli maşınların istehsalı sexində müxtəlif növ texnikaya baxdı.
Ali qonağa
burada istehsal olunan "Motodor" maşınının
texniki göstəriciləri barədə məlumat verildi. Cənubi
Afrika Respublikasının "Paramaunt qrup" şirkəti
ilə müqaviləyə əsasən zavodda yığılan
bu maşınlar dünya standartlarına cavab verir. Azərbaycan
MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə
ölkədir.
Azərbaycan.- 2010.- 18 may.- S.
6.