"Veçernyaya Moskva" qəzeti
"Veçerniy Baku" adlı xüsusi əlavə ilə
çapdan çıxmışdır
Moskvada çox populyar olan "Veçernyaya Moskva" qəzeti "Veçerniy Baku" adlı xüsusi əlavə ilə çapdan çıxmışdır. Xüsusi əlavə qəzetin Azərbaycanın paytaxtında olmuş və müasir Azərbaycanı öz gözləri ilə görmüş bir qrup jurnalisti tərəfindən hazırlanmışdır. Xüsusi əlavənin müəllifləri yazırlar ki, Azərbaycanın paytaxtında axşam qəzeti ənənələri 1958-ci ildə populyar "Bakı"-"Baku" nəşrinin layihəsi gerçəkləşən vaxt başlanmışdır. Bu, materialın təqdimat formasına və oxucu ilə söhbətin intonasiyasına görə əsl axşam qəzeti idi.
Xüsusi əlavənin birinci səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin azərbaycanlı Böyük Vətən müharibəsi veteranı, pulemyotçu Ağadadaş Səmədovla birgə çəkilmiş fotoşəkli və "Jivoy! Sudba soldata i yeqo naqrad" ("Sağdır! Əsgərin və onun təltiflərinin taleyi") adlı məqalə dərc edilmişdir.
Xüsusi əlavədə yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın ulu öndər Heydər Əliyev haqqında "Şəxsiyyət və zaman" adlı kitabından maraqlı fraqmentlərdən ibarət "Onun şəxsiyyətinin miqyası" adlı məqalə dərc edilmişdir. Kitab müasir Azərbaycanı parçalanmaqdan xilas etmiş və Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində çox böyük rol oynamış insana həsr edilmişdir. Burada Elmira Axundovanın daha bir məqaləsi dərc edilmişdir. "Birinci olmaq çətindir" sərlövhəli bu məqalədə görkəmli jurnalist, "Bakı"-"Baku" axşam qəzetlərinin əsasını qoymuş və uzun illər boyu onun baş redaktoru olmuş Nəsir İmanquliyev barədə söhbət açılır. Qeyd edilir ki, Nəsir İmanquliyev müharibə illərində Azərbaycanın cəbhədə işləyən ilk müxbirlərindən, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əsasını qoyanlardan və bu fakültənin ilk müəllimlərindən biri, jurnalistikanın əsaslarına və nəzəriyyəsinə dair ilk dərsliklərin və vəsaitlərin müəllifi olmuşdur. Məqalə müəllifi Azərbaycan jurnalistikasının təşəkkülündə N.İmanquliyevin rolundan söhbət açır, milli jurnalistikanın bu görkəmli nümayəndəsi haqqında şagirdlərinin və məsləkdaşlarının xatirələrini təqdim edir.
Xüsusi əlavədə Azərbaycanın dövlət bayrağı, respublikamızda müşahidə olunan tikinti bumu və digər dəyişikliklər haqqında maraqlı materiallar yerləşdirilmişdir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu xüsusi əlavənin çapdan çıxmasını şərh edərək demişdir ki, bu layihə cari ilin əvvəlində Azərbaycanın paytaxtında keçirilmiş Humanitar Əməkdaşlığa dair birinci Azərbaycan-Rusiya forumunun əməli nəticələrindən biridir. Həmin foruma "Veçernyaya Moskva" kimi iri mediaholdinqin rəhbəri Mixail Şerbaçenkonun da dəvət edildiyini xatırladan Azərbaycan diplomatı demişdir: "Bakıdakı ünsiyyət prosesində Moskvada çox populyar olan, 300 min nüsxə tirajla çap olunan gündəlik nəşrdə Azərbaycan haqqında xüsusi əlavə buraxılması ideyası yaranmışdır. Oxucu dairəsi çox geniş olan "Veçernyaya Moskva"nın bir vaxtlar kifayət qədər populyar olan "Bakı"-"Baku" axşam qəzetlərinin ənənələrini bərpa etmək ideyası mənə çox cəlbedici təsir bağışladı, biz yaradıcı qrup yaratdıq və Böyük Qələbəyə, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərinə həsr edilmiş ilk nömrə səfirliyin dəstəyi ilə çap edilmişdir. Biz bu layihəni ayda bir dəfə həyata keçirməyi nəzərdə tuturuq, gələcəkdə isə onu həftəlik əlavəyə çevirmək istərdik. Vaxtilə baş redaktor Nəsir İmanquliyevin rəhbərliyi ilə buraxılan "Bakı"-"Baku" axşam qəzetləri Azərbaycanda çox populyar idi və demək olar ki, hamı onu oxuyurdu. Şəxsən mənim fikrimcə, xüsusi əlavənin birinci buraxılışı çox uğurlu olmuşdur və biz bu işi davam etdirəcəyik. İnanmaq istəyirəm ki, "qəzetdə qəzet" olan bu yenilik iki ölkənin paytaxtı arasında bir növ, körpü, Avrasiya məkanının ən gözəl şəhərlərindən birinin ətrafında yaranmış informasiya boşluğunun aradan qaldırılması istiqamətində mühüm addım olacaqdır".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri,
Moskva
Azərbaycan.- 2010.- 18 may.- S.
7.