Dünya Ərzaq Proqramı Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsində maraqlıdır

 

Dünya Ərzaq Proqramı Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsində maraqlıdır. Bu sözləri mayın 17-də BMT-nin Dünya Ərzaq Proqramının regional direktoru Dali Belqasmi Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla görüşündə bildirmişdir.

Əli Həsənov qonağın diqqətinə çatdırmışdır ki, Azərbaycanda vaxtilə 100-ə yaxın beynəlxalq humanitar təşkilat fəaliyyət göstərmişdir. Lakin fəaliyyətinin davamlılığı və göstərdiyi yardımın həcminə görə Dünya Ərzaq Proqramı liderdir. Qeyd edilmişdir ki, müxtəlif vaxtlarda Azərbaycanın dövlət başçılarının - ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin xahişi ilə təşkilat proqramın müddətini bir neçə dəfə uzatmışdır. Təşkilatın xətti ilə 1993-cü ilin axırlarından indiyədək məcburi köçkünlərə və əhalinin aztəminatlı təbəqəsinə 115 milyon dollarlıq, başqa sözlə, 165 min tona yaxın müxtəlif çeşiddə ərzaq paylanmışdır.

Xatırladılmışdır ki, qurumun Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri Şərif Amin Zaher dövlətimizin başçısının 2003-cü il 28 avqust tarixli fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Əli Həsənov regionda baş verən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə qonağa ətraflı məlumat vermiş, problemə beynəlxalq təşkilatların münasibətindən danışmışdır. O, vaxtilə ulu öndər Heydər Əliyevin, indi isə Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinə gündəlik diqqətini xüsusi qeyd etmiş, Dünya Ərzaq Proqramı Bakı ofisinin fəaliyyətindən razılığını bildirmişdir.

Dali Belqamsi qonaqpərvərliyə, təmsil etdiyi orqanın ünvanına deyilmiş xoş sözlərə və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, əməkdaşlıq sahəsində qazanılan uğurlarda Azərbaycan rəhbərliyinin rolunu xüsusi qeyd etmişdir. "Azərbaycan xalqının bəxti onda gətirmişdir ki, onun qismətinə belə dövlət başçıları düşmüşdür",- deyə o vurğulamışdır. Qonaq Azərbaycan hökumətinin qaçqınlar və məcburi köçkünlərlə bağlı gördüyü işləri, həyata keçirdiyi tədbirləri təqdir edərək bildirmişdir ki, bu işdə əlindən gələn köməyi əsirgəməyəcəkdir.

Görüşdə Dünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin gələcək statusu, rolu və maliyyələşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Regional direktor bildirmişdir ki, Dünya Ərzaq Proqramı Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin davam etdirilməsində maraqlıdır.

Görüşdə təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynov iştirak etmişdir.

 

 

Azərbaycan.- 2010.-18  may.- S.  7.