ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti
Azərbaycan Diplomatik Akademiyasında olmuşdur
Azərbaycan Diplomatik Akademiyasından verilən məlumata görə, Pentaqonun yüksək rütbəli zabitlərindən ibarət ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.
ADA-nın rektoru, səfir Hafiz Paşayev akademiya haqqında qonaqlara məlumat vermiş, ölkəmizin diplomatik missiyasının genişləndirilməsi, bu sahəyə gənclərin cəlb edilməsi, yüksək səviyyəli diplomatların və mülki qulluqçuların hazırlanmasından danışmışdır.
Ölkələrimiz arasında münasibətlərə toxunan H.Paşayev qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli enerji layihələri ABŞ-ın əvvəlki administrasiyasının dəstəyi ilə reallaşdırılmışdır. Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın əsas problemi adlandıran ADA-nın rektoru demişdir ki, ABŞ Konqresindəki müəyyən qüvvələr Azərbaycan haqqında yanlış fikir formalaşdırmışdır. Bildirilmişdir ki, "Azadlığa Dəstək" Aktına 907-ci düzəliş Konqresdəki Azərbaycan əleyhinə qüvvələrin lobbiçilik səylərinin bir nümunəsidir. 907-ci düzəlişin ləğv olunmasının vacibliyini vurğulayan səfir Paşayev, bunun ABŞ-ın Azərbaycandakı imicini yüksəldəcəyini diqqətə çatdırmışdır.
Görüşün sonunda
ABŞ Milli Hərbi Kollecinin nümayəndə
heyəti ADA-nın müəllim və tələbələri ilə
səmimi söhbət
etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 18 may.- S.
7.