Çinin xarici işlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini söyləmişdir

 

Mayın 17-də Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov tranzit yol ilə ölkəmizdən keçən Çin Xalq Respublikasının xarici işlər naziri Yang Jieçhi ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Çin arasında əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.

Regionda cərəyan edən proseslərə toxunan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırmışdır.

Çinin xarici işlər naziri ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim və birmənalı olaraq dəstəklədiyini söyləmişdir. Çin tərəfə tutduğu mövqeyə görə minnətdarlığını bildirən E.Məmmədyarov Azərbaycanın Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıdığını diqqətə çatdırmışdır.

Görüşdə həmçının qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  7.