Türkiyə və Azərbaycanın nazirləri əməkdaşlığa dair yeni protokol imzalamışlar

 

Ankarada Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığa dair yeni protokol imzalanmışdır. Sənədi Türkiyə tərəfindən nazir Ömər Dincər, Azərbaycan tərəfindən nazir Füzuli Ələkbərov imzalamışlar.

İmzalanma mərasimində çıxış edən Füzuli Ələkbərov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə tərifini almış "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq əmək və sosial müdafiə sahələrində də uğurla davam edir. Əhalinin sosial rifahının yüksəldilməsi Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət yetirdiyi sahələrdəndir. Xüsusilə, qardaş Türkiyənin bu sahədə zəngin təcrübəsindən faydalanmaq bizim üçün əhəmiyyətlidir. Nazirliklər arasında 1998-ci ildən davam edən əməkdaşlıq yeni layihə və proqramlarla davam edir.

Türkiyəli nazir Ömər Dincər də Azərbaycanla əməkdaşlığın möhkəm zəmin üzərində dərinləşdiyini və hər gün gücləndiyini demişdir. Bu gün imzalanan protokol da bu əməkdaşlığın möhkəmlənməsində növbəti addımdır. Nazirliklər arasında yaradılmış birgə komissiya hər il toplaşaraq, 1998-ci və 2004-cü illərdə imzalanmış protokolların müddəalarının yerinə yetirilməsinə nəzarət edir və yeni proqramları müzakirə edir. Bu ilki toplantıda əməkdaşlıq məsələləri daha geniş şəkildə müzakirə olunmuş, hüquqi məsələlər gözdən keçirilmişdir.

Əməkdaşlığa dair protokolda miqrasiya, əməyin mühafizəsi, təcrübə və kadr mübadiləsi və digər sahələrdə konkret proqramların həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri,

Ankara

 

Azərbaycan.- 2010.- 18 may.- S.  7.