Gürcüstan Azərbaycanlı
Gənclər İttifaqının I qurultayı
keçirilmişdir
Mayın 15-də Marneuli
şəhərindəki N.Nərimanov adına Mədəniyyət
Sarayında Gürcüstan Azərbaycanlı Gənclər
İttifaqının I qurultayı keçirilmişdir.
Qurultayı ittifaqın
təşəbbüs qrupunun rəhbəri Leyla Məmmədova
açaraq tədbirdə Gürcüstanın müxtəlif
bölgələrindən 165 nümayəndənin iştirak
etdiyini bildirmişdir. Eyni zamanda, natiq qurultayın işində
Azərbaycan və Gürcüstanın hakimiyyət dairələri
təmsilçilərinin iştirak etdiklərini diqqətə
çatdırmışdır.
Qurultayın açılışında Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev gənclərin təşkilatlanmasına xidmət edən bu tədbiri alqışlamış, Prezident İlham Əliyevin xoş arzularını qurultay iştirakçılarına çatdırmışdır. Səfir zəngin ənənəyə malik Azərbaycan-Gürcüstan əlaqələrindən danışmış, Gürcüstandakı soydaşlarımızın vətəndaşı olduqları ölkənin dövlətçiliyinə sadiqliyinə dair tarixi faktları diqqətə çatdırmışdır.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Azərbaycan dövlətinin başçısı İlham Əliyevin gürcüstanlı soydaşlarımıza qayğısından, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə burada reallaşdırılan layihələrin azərbaycanlı gənclərin doğma yurda daha qırılmaz tellərlə bağlanmasına şərait yaratmasından söhbət açmışdır. Q.Paşayeva Gürcüstanın azərbaycandilli məktəblərində gürcü dili kurslarının açılması nəticəsində dövlət dilini bilən yeni kadrların yetişdiyini vurğulamışdır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov qurultayın azərbaycanlı gənclərin problemlərinin həllinə layiqli töhfələr verəcəyinə inandığını söyləmişdir. Bildirilmişdir ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir və son illərdə həyata keçirilən bir sıra layihələr bunun parlaq sübutudur.
Azərbaycan Milli Məclisinin deputatları Rauf Əliyev, Sabir Hacıyev, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavinləri Hüseyn Yusifov, Koba Kobuaşvili, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının rejissoru Namiq Valehoğlu və başqaları qurultayın əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Sonda qurultay Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının 13 nəfərdən ibarət idarə heyətini seçmişdir. Leyla Məmmədova idarə heyətinin sədri seçilmişdir.
Qurultay iştirakçıları adından Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyevə və Mixeil Saakaşviliyə müraciət qəbul edilmişdir.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Marneuli
Azərbaycan.- 2010.- 18 may.- S.
7.