O yerlər bizi gözləyir...

 

On səkkiz ildir ki, Qarabağın qalası olan laçınsızıq. On səkkiz ildir ki, səksəkədəyik. Laçın dağlarının özü qədər ağır ayrılıq dərdini yana-yana, qovrula-qovrula yaşayırıq. Başımızda ildırımlar çaxsa da, ürəyimizdə fırtınalar qopsa da, intiqam anını, qisas məqamını gözləyirik. Bütün qarabağlılar kimi, laçınlılar da respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzirdirlər ki, silaha sarılıb doğma yurd yerlərinin işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa atılsınlar. Həmişə dövlətçiliyə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna sədaqətli olan laçınlılar öz əzəli mövqelərində bu gün də dəyişməzdirlər.

Prezident İlham Əliyevin ətrafında sıx birləşən, Qarabağ probleminin həlli istiqamətində dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti birmənalı şəkildə müdafiə edən Laçın camaatı çox nikbindir. Onlar dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə qətiyyən şübhə etmirlər.

Laçınlılar ötən 18 ildə əllərini əllərinin üstünə qoyub gözləməyiblər. Qaçqın və məcburi köçkünlərin problemlərini həmişə prioritet məsələ kimi diqqət mərkəzində saxlayan dövlət başçısının qayğı və diqqətindən güc alaraq ürəklərində ağır niskil olsa da, laçınlılar qurub-yaratmaqdan yorulmayıblar. Ötən 18 il ərzində Laçın əhalisinin sıx məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü ərazisində böyük abadlıq, quruculuq işləri görülmüşdür. Bir vaxtlar ilan mələyən, boz səhranı xatırladan bu yerlər indi laləzara çevrilib. Söz yox ki, dövlətin qayğısı, Laçın övladlarının odlu ürəyi, təpərli əlləri ilə. Laçının rayon mərkəzinə çevrilmiş Taxta körpü qəsəbəsi bu gün hər cür infrastruktura malik müasir şəhərə bənzəyir. Burada yaşıllığa, gül-çiçəyə qərq olmuş parklar, müasir görkəmli, yaraşıqlı binalar, rahat yollar, hər tərəfdə diqqətçəkən səliqə-sahman göz oxşayır.

İşğal günü ərəfəsində, mayın 15-də respublikanın müxtəlif elm, təhsil sahələrində, dövlət idarəetmə və hüquq-mühafizə orqanlarında işləyən laçınlı ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələri Taxta körpüdəki qərargaha toplaşmışdılar.

Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Bütün laçınlıların ürəyincə olan belə görüşlər son illər gözəl ənənəyə çevrilmişdir. Bu faydalı təşəbbüs böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bu barədə fikirlərini bizimlə bölüşür:

- Biz belə günlərdə Laçına qayıtmağın yollarını birlikdə arayıb-axtarır, dövlətimizin gücünü-qüdrətini daha da artırmaq üçün məsləhətləşir, təklifləri, ideyaları öyrənirik. Bu inkarolunmaz bir həqiqətdir ki, Laçını erməni silahlı birləşmələri himayədarlarının köməyi ilə işğal etmişdir. O da gerçəklikdir ki, AXC-Müsavat cütlüyünün hakimiyyət ehtirasları, ekstremal şəraitdə dövləti bacarıqla idarə edən liderin olmaması və sapı özümüzdən olan baltaların xəyanəti düşmən çırağına neft tökdü, Laçının süqutunu labüdləşdirdi. Tarixi qəhrəmanlıq ənənələri, mərdliyi, cəsarəti olan laçınlılar bu qeyri-bərabər döyüşdə vuruşdular. 267 nəfər şəhid verdik. 65 nəfər itkin düşdü. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Laçın oğullarından 5 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü. Qarabağ uğrunda döyüşlərdə həlak olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək üçün Taxta körpü qəsəbəsində mərmərdən əzəmətli abidə ucaltmışıq. Mayın 15-də abidənin təntənəli açılışı gerçəkləşdi. Şəhidlərimizin adına 400 nəfərlik ehsan süfrəsi açdıq. Bu abidə ona görə lazımdır ki, qoy gələcək nəsillər öz millətinin tarixini unutmasınlar. İnanıram ki, Laçında çox əzəmətli qəhrəmanlıq abidəsi ucaldacağıq. Biz laçınlılar doğma yurd yerləri üçün çox darıxmışıq. Nə qədər tikib-qursaq da, şəhərlər, qəsəbələr salsaq da, fikrimiz, xəyalımız dağlarda dolanır. Dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyevdən misilsiz qayğı və diqqət görsək də, məskunlaşdığımız bütün ərazilərdə bizim üçün son dərəcə gözəl və əlverişli şərait yaradılsa da, ürəyimiz yurd həsrəti ilə çırpınır. Varlığımızda qarşısıalınmaz və sarsılmaz bir inam var. Uşaqdan böyüyə, qadından kişiyə bütün laçınlılar tükənməz enerjisi, qətiyyəti, prinsipial və uzaqgörən siyasəti ilə bütün dünyanı heyran qoyan, Qarabağın bir qarış torpağını da güzəştə getməyəcəyini bəyan edən öz sevimli Prezidentlərinə etibar edirlər. İnanırlar ki, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hansı yolla olursa-olsun - istər sülh, istərsə də müharibə yolu ilə işğal altında olan torpaqlarımızın azadlığını təmin edəcəkdir. Dağlara qayıdacağımız gün uzaqda deyil.

Dağlar gözəli Laçın torpaqlarının altı da, üstü də xəzinədir. Dünyada ən nadir ağac sayılan Qırmızı Dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları ilə zəngin olan Laçın bizə təbiətin və qeyrətli babaların çox qiymətli yadigarı idi.

Laçına dönmək, doğma dağlara qovuşmaq eşqiylə çırpınan laçınlıların qurub-yaratmaq həvəsi tükənməzdir. Əhalinin sıx şəkildə məskunlaşdığı Taxta körpü qəsəbəsinin siması dövlətin qayğısı sayəsində sürətlə dəyişir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2008-ci il 20 noyabr tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Taxta körpü ərazisindəki Alxaslı və Qarakeçdi obalarında yaxın vaxtlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılacaq. Hazırda Ağcabədi şəhərindən Taxta körpü qəsəbəsinə təbii qaz xəttinin çəkilişi həyata keçirilir.

Son iki ildə ərazidə 2 park salınmış, 15 mindən artıq ağac və gül kolu əkilmiş, şəhidlərin xatirəsinə abidə kompleksi inşa olunmuş, əksər binalarda yenidənqurma və təmir işləri aparılmışdır. 2009-cu ildən etibarən Taxta körpü ərazisində 4000 hektar sahədə meliorasiya tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır.

Taxta körpü qəsəbəsində 552 evin tikintisi ilə bağlı layihələndirmə işləri başa çatdırılmış, ərazidə çiy kərpicdən tikilmiş qamış komalarda məskunlaşmış 3137 ailə üçün yeni evlərin tikilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli sərəncamı ilə 627 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Bakı və Sumqayıtın məktəb binalarında, yataqxanalarında məskunlaşmış laçınlı məcburi köçkünlərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Ötən il Bakı şəhərində inşa olunmuş çoxmərtəbəli yaşayış evlərində 30-dək laçınlı mənzillə təmin edilmişdir. Keçən il Bakı şəhərində Prezidentin dəstəyi ilə hər bir laçınlı üçün əziz və unudulmaz olan Laçın şəhərinin 85 illik yubileyinin, bu il isə Laçın rayonunun qocaman təhsil ocaqlarından biri Minkənd orta məktəbinin 120 illik yubileyinin təntənəli şəkildə qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Yubileylə əlaqədar Laçın şəhəri və Minkənd orta məktəbi ilə bağlı sənədli film çəkilmiş, fotoalbomlar hazırlanmışdır. Respublika Prezidenti İlham Əliyevin sərəncamları ilə 14 nəfər fəxri ad və medallarla təltif olunmuşdur. Fərəhlidir ki, son iki il ərzində dövlət başçısı tərəfindən 20 nəfərdən çox laçınlı ziyalı respublikanın yüksək orden, medal və fəxri adlarına layiq görülmüşlər. Bütün bunlar rayon sakinləri arasında onlara olan diqqət və qayğının ifadəsi kimi dəyərləndirilir, yüksək sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Bu gün hər bir laçınlı dövlət qayğısına sığınıb nə qədər rahat və firavan yaşasa da, onun qəlbində Laçın həsrəti və şəhidlərimizin nigaran ruhları qarşısında əvəzi qisas və intiqam olan mənəvi borc var. 18 ildən bəri davam edən bu üzücü həsrəti bitirməyin, boynumuzda dəyirman daşından da ağır bu borcu ödəmək üçün silaha sarılmağın, düşməndən qisas almağın məqamı yetişib.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatları Sevindik Hətəmov, Aqil Abbas, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, akademik Məhəmməd Mehdiyev və başqaları çıxış edərək görüşün əhəmiyyətini yüksək qiymətləndirmiş, belə görüşlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulamışlar.

Çıxışlarda əminliklə bildirilmişdir ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ölkəmizin milli maraqlarına uyğun həll olunacaq və doğma torpaqlarımız tezliklə erməni işğalçılarından azad ediləcəkdir.

Mərasimdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fazil Mehdiyevin atası Umud Mehdiyev, şəhid anası Sevda Kərimova, Milli Məclisin deputatı Tahir Rzayev və başqaları çıxış edərək tarixən qürur, məğrurluq, vüqar və əyilməzlik rəmzi olmuş Laçının tezliklə işğaldan azad olunacağına inandıqlarını bildirmişlər. Əbədi məşəl yandırıldıqdan sonra iştirakçılar abidə kompleksinin önünə gül dəstələri qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2010.- 18 may.- S.  10