Vüqarlı dağların sakinləri
əyilməz
Düz on səkkiz ildir ki, Laçın dağları ilə birlikdə Ermənistanın işğalı altındadır. Bu müddət ərzində təcavüzkar, terrorçu, quldur ermənilər bu zirvəni "koridor" adlandırmaqda, "Dağlıq Qarabağ problemi"ni sülh danışıqları vasitəsilə aradan qaldırmağa çalışan beynəlxalq təşkilatlar isə "Laçın koridoru"nun "eninin-uzununun" ölçülərini "dartıb uzatmaq" niyyətində olan daşnakların "insan haqlarını" qorumaqdadır. On səkkiz il öncə - may ayının 18-də Laçın dağlarına çiçək yağışı yağmadı, qan yağdı. Qan yağışında "yuyunan" dağlar yadların əlinə keçdi.
Laçının Ermənistan tərəfindən işğalından sonra onun tarixi keçmişi və strateji əhəmiyyəti barədə silsilə yazılar qəzet səhifələrinə çıxarıldı. Acınacaqlıdır ki, təbii sərvətlər yatağı və dağların əlçatmaz zirvəsi olan Laçının dünəni barədə hər birimizin kifayət qədər məlumatı olmayıb, baxmayaraq ki, bu yerlər vaxtilə dünyanın səyyahları tərəfindən çox yüksək qiymətləndirilib, torpaqlarımızın qəniminə çevrilmiş erməni daşnaklarının iştahasını isə daim daş altında saxladıb.
Laçını tanıyırdıqmı? Bu sualı Laçında doğulmayan laçınlı balalara versək, nə cavab verərlər görəsən? Deyərlərmi ki, Laçından əvvəl onun Soltan bəy, qardaşı Xosrov bəy kimi tarixi şəxsiyyətlərini soruşun. Doğrudan da, dağlar qədər əzəmətli olmuş Soltan bəyin adı elə Laçınla, Kəlbəcərlə qoşa çəkilməlidir. Çünki Laçına əsl oğulluq etmiş Soltan bəy məkrli düşmənə "basma ayağını bizim torpağa", - deyərək onu atdan endirib əl-qolunu bağladıb, silah-sursatını alıb, özünü "ilim-ilim itirmişdi"...
Digər yaşayış məntəqələrimiz kimi, Laçının da taleyinə yazılan ağ günlər az olub. İllərlə onun maddi-mədəniyyət abidələrinə biganəlik göstərilib. Ucqar kəndlərinə avtomobil yolları çox gec çəkilən, gözdən-könüldən iraq düşmüş Laçının da tarixinə vaxtilə "əl uzadılıb". 1923-cü ildə rəsmi Kremlin planlarına əsasən, Şuşa qəzası ləğv olunaraq Dağlıq Qarabağ Vilayəti yaradıldı. Vaxtilə Şuşa qəzasının tərkibində olan Laçın bir ildən sonra inzibati rayon mərkəzinə çevrildi. Qəsəbə statuslu Laçın şəhərinin yerinin seçilməsi məsuliyyəti böyük ədibimiz Tağı Şahbazi Simurqa həvalə edildi. O, yeni şəhərə yaxınlıqdakı Laçın dağının adını verdi.
Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı. Qarabağla mənfur qonşuların arasında mərdlik qalası sayılan Laçını tarix boyu torpaqlarımıza göz dikən yağılar, daşnak quldurları "Qarabağın qara qapısı" adlandırırdılar.
Laçın qədim oğuz torpaqlarında Ermənistan adlı dövlət quranlara peşkəş edilmiş Zəngəzurun bir parçası idi. Laçının şimalında Kəlbəcər, şərqində Xocalı, Şuşa və Xocavənd, cənubunda Qubadlı yerləşir. Qərbdən "qonşusu" olan mənfur ermənilərin illərlə gizli şəkildə apardığı işğalçılıq siyasəti nəticəsində təcavüzün qurbanı olan Laçın və onun əlçatmaz zirvələri zamanın sərt sınaqlarına dözməli olub.
Ermənilər həmin zirvəni ələ keçirməklə nəinki dağlıq hissəsinə, bütövlükdə Qarabağımıza və ətrafındakı rayonlara diş qıcadıqlarını gizlədə bilmədilər. 75781 hektar əkinə yararlı torpağı, 33205 hektar meşəsi (adı "Qırmızı kitab"a düşmüş güney palıdı ilə birlikdə), 76 min hektar yaylaq sahəsi işğal edildi.
Quldurlar yeni salınmış Qayğı qəsəbəsini, 120 kəndi, 13745 fərdi yaşaış evini, 300-dən artıq tarixi abidəni, 217 mədəniyyət ocağını, 150 təhsil müəssisəsini, 142 səhiyyə obyektini, 48 sənaye, 63 kənd təsərrüfatı, 460 ticarət şəbəkəsini darmadağın etdilər. Qəsd, divan təkcə bu sadalananlarla qurtarmır. Dövlətə və şəxsi əmlaka dəyən ziyanı da bura əlavə etsək, daha dəqiq mənzərə alınar. İşğal zamanı şəxsi və ictimai təsərrüfatların 135 minə yaxın mal-qarası Ermənistana aparılıb. 14 minə yaxın fərdi yaşayış evində daş üstündə daş qalmayıb. Rayona, ümumiyyətlə, 7,1 milyard dollar məbləğində maddi ziyan vurulub.
1992-ci ildən didərgin düşmüş, ev-eşiyini, yalçın qayalı dağlarını, meyvəli bağlarını itirib məcburi köçkünə çevrilmiş laçınlılar respublikanın 59 rayon və şəhərində müvəqqəti məskunlaşıblar. Rayonda 328 şəhid ailəsi, 225 nəfər əlil, 33 nəfər hər iki valideynini itirmiş uşaq var.
Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə kəndlərindəki tarixi abidələr bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi. Rayonun Tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi. Bütün bunlar az imiş kimi, tarixin yadigarları, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirilir. Belə təcavüzə məruz qalan abidələrdən Laçın ərazisində də az deyil. Laçının işğalından sonra orada tikilmiş erməni kilsəsi, qondarma, saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsi, Böyük Vətən müharibəsi xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxışında tikilmiş abidə - "Qala qapısı" (üzərində erməni xaçı) və s. dediklərimizə əyani sübutdur. Bir sözlə, kəndlərdə əsrlərin və qərinələrin yaşıdı abidələr, dağlardakı qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan qorunsa da, 1998-ci ildə daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edildi.
Laçın 1992-ci il mayın 18-də təcavüzə məruz qalaraq işğal edildi. Laçınlıların "köçü" isə respublikanın 60-a yaxın rayonuna üz tutdu. Əsasən Ağcabədinin Taxtakörpü ərazisində məskunlaşan laçınlıların dövlət tərəfindən gördükləri diqqət və qayğı onların sosial-məişət problemlərinin həlli istiqamətində yetərincə olsa da, itirilmiş yurd yerlərinin ağrıları soydaşlarımızın baxışlarında donub.
Azərbaycan ordusunun gündən-günə qüvvətlənib ən müasir silahlarla təchiz edilməsi erməni qəsbkarlarını ikiqat təşvişə salıb. Bunun bir səbəbi artıq silahlı qüvvələrimizin işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazır olmasıdırsa, ikinci səbəbi Ermənistan ordusunun həm canlı qüvvə, həm də texniki təchizat cəhətdən dəfələrlə geri qalmasıdır. Bu isə o deməkdir ki, Qarabağın istər sülh, istərsə də müharibə yolu ilə azad ediləcəyi gün uzaqda deyil.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 18 may.- S.
10