Qartalları haraylayan zirvələr

 

Yanıqlı bir nəfəsdə haray çəkilirdi: "Kəsilib dağların əhdi-ilqarı". Əslində əhdinə vəfasız bizlərik. Dağlar yenə öz yerindədir. Sinəsinə çəkilən namərd dağından bir az da bərkiyib, sərtləşib. Başı qarlı dağların zirvəsindən üzüaşağı şığıyan qartallar da gördüyü mənzərəyə mat qalıb. Hanı bu yerlərin əzəli sakinləri? Hanı daşnak Andronikin nizamlı ordusunu Laçın dəhlizində məhv edən Soltan bəyin və həmkəndlilərinin oğul-qızları?

 

Qədim yurd yerimiz Laçının işğal edilməsi uzun illərin planı olsa da, əsasən 1989-cu ildən sonra ermənilərin əsl niyyəti üzə çıxdı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə də Laçın rayon polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradıldı. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumlarından qorumağa cavabdeh idi. Azərbaycanın daxili işlər naziri general Məhəmməd Əsədov həm Azərbaycan, həm də Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlayırdı. 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstəsi (komandir Əbil Rzayev) Şuşa milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları tutuldu. Mülki şəxslər də oradan çıxarıldı. Beləliklə, Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Lakin 1992-cı il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə 1257 nəfərlik alay ləğv edildi. Müdafiə Nazirliyinin qərarı ilə həmin ərazilər Şuşanı, Laçını müdafiə edə bilməyən şəxslərə tapşırıldı. Beləliklə, Dağlıq Qarabağın ətraf ərazilərini və Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri ermənilərin blokadasını götürmək və məkrli planlarını həyata keçirmək üçün vacib olan Şuşa-Laçın-Zabux yolunu açmağa çalışdılar. Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafə və coğrafi əraziyə hücum etmək o qədər də çətin deyildi.

Şuşanı tərk edən döyüşçülərin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın da sayı az idi...

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Həmin ərəfədə döyüşçülərimizin Ermənistanla sərhəddə təlim silahları və çoxu işləməyən 28 BTR-lə dayanmasına baxmayaraq, orduda yaranan hərc-mərclik, başıpozuqluq öz işini gördü. Çünki Bakıda Ali Sovetin binası qarşısında prezidentə istefa tələbi ilə mitinqlər gedirdi. Ölkə rəhbərliyini Qarabağda baş verənlər maraqlandırmırdı. Ermənistan rəhbərliyi isə bütün qüvvəsini cəbhəyə cəmləşdirmişdi...

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarırdı. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər.

 

Bütün bunlar isə artıq Laçının süqutu demək idi. Əlbəttə, tarix xəyanətkarların gec-tez layiqli cəzalarına çatacağına şahid olacaq. 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin, 101 ümumtəhsil məktəbin, 217 mədəniyyət mərkəzinin, 140 səhiyyə obyektinin, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidənin erməni işğalçılarının tapdağında olması acı bir həqiqətdir.

Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri yenidən salınmağa başlayıb. Bu gün bütün Dağlıq Qarabağ üzrə gəlmə ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisidir. Burada 12 min erməni yerləşdirilib. İki xəstəxana, 50-dən çox məktəb, 100 yaşayış məntəqəsi tikilib. Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd "Xak", Alıqulular "Alqumişen", Sultankənd "Xaşatax" adlandırılıb.

Laçında olan qədim ibadət ocaqlarımız, məscid və digər abidələrimiz erməniləşdirilib. Köhnə vərdişlərindən həmişə istifadə edən bədnam ermənilər əvvəl-axır öz cinayətkar əməllərinin cəzasını alacaqlar. Heç vaxt qisas qiyamətə qalmayıb. Bir də Laçının başı qarlı zirvələri ancaq öz qartallarını haraylayır. Yad quzğunlar burada çox qanad çala bilməz.

 

 

Zəkurə QULİYEVA,

 

Azərbaycan.- 2010.- 18 may.- S.  10.