Muzeyin açılışı, mükafatların təqdimatı

 

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Şairin anadan olduğu Göyçay şəhərindəki ev-muzeyinin əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairləri, ziyalılar, incəsənət xadimləri və media nümayəndələri iştirak edirdilər.

Muzeyin qırmızı lenti kəsildikdən sonra Rəsul Rza ömrünün 20 ilinə şahidlik etmiş bu qədim ocağa baxış keçirildi. Muzeydə 700-ə yaxın eksponat, o cümlədən şairin fotoşəkilləri, əlyazmaları, kitabları, mükafatları, tarı, ov tüfəngi, pianosu, çap makinası və digər şəxsi əşyaları qorunur. Ümumi sahəsi 150 kvadratmetr olan beşotaqlı evin döşəməsi, dam örtüyü, işıqlandırma sistemi müasir üslubda qurulub. Ev-muzeyinə məxsus bağçada da müxtəlif meyvə ağacları, gül-çiçəklər əkilib. Muzeyin önündə xalq şairinin büstü də qoyulub.

Tədbir zamanı Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun mükafatları da təqdim edildi. Fondun direktoru, xalq şairi Fikrət Qoca söylədi ki, 2010-cu il üzrə Beynəlxalq Rəsul Rza mükafatlarına təqdim olunanlar məhz öz işlərində və yaradıcılıqlarında bu unudulmaz şairə müraciət edərək onun poeziyasına müxtəlif yöndən yanaşıblar.

Tədbirdə Rəsul Rza yubileyinin keçirilməsi ilə bağlı gördüyü uğurlu işlərlə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, ev-muzeyinin direktoru Solmaz Həsənova, şairin büstünü hazırlamış heykəltəraş Azad Zeynalov, çoxsaylı ədəbi məqalələrinə görə "Azərbaycan" qəzetinin şöbə redaktoru Flora Xəlilzadə və çəkdiyi filmlərlə bağlı rejissor Əhliman Qafarov Beynəlxalq Rəsul Rza mükafatına layiq görüldülər.

 

 

Azərbaycan.- 2010.- 18 may.- S.  11.