Özbəkistanda "Altın kalam" beşinci Milli mükafatı laureatlarının arasında AzərTAc-ın müxbiri vardır

 

Dünya Mətbuat Azadlığı Günü münasibətilə Özbəkistanda 2010-cu il üçün "Altın kalam" ("Qızıl qələm") beşinci Milli mükafatı laureatlarının elan olunması münasibətilə mərasim keçirilmişdir. Mükafatı alanlar arasında AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kazımov (Kəngərli) də vardır. Müxbirimiz bu mükafata "Xarici ölkə jurnalistinin Özbəkistan haqqında yaydığı materiallara görə" nominasiyasında layiq görülmüşdür.

Mərasimdən sonra Özbəkistan Jurnalistlər İttifaqının sədri Şerzad Qulamov jurnalistləri təbrik etmiş və bildirmişdir ki, müsabiqəyə 6 min 700 material təqdim etmiş 451 jurnalistdən 28-i seçilmişdir. Müsabiqə dövlət başçısı İslam Kərimovun təşəbbüsü ilə keçirilir.

YUNESKO-nun Daşkənddəki nümayəndəliyinin başçısı Bəxtiyar Xolikiyev bu qurumun baş direktoru İrina Bokovanın yığıncaq iştirakçılarına təbrikini oxumuşdur.

Sonda BMT, YUNESKO və Dünya Bankının jurnalistlər üçün həvəsləndirici mükafatları da təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-18  may.- S.  11.