Azərbaycanla İordaniya
arasında əlaqələr bütün sahələrdə
uğurla inkişaf edir
Azərbaycanın çoxəsrlik tarixi müsəlman Şərqində gedən bütün proseslərlə sıx bağlı olmuşdur. Odur ki, Azərbaycanın müsəlman Şərqinə, eləcə də islam ölkələrinin respublikamıza olan marağı və diqqəti təbiidir. Avropaya inteqrasiya ilə yanaşı, Şərq ölkələri ilə əməkdaşlığın gücləndirilməsi də Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri olması məhz bu səbəbdən irəli gəlir.
Azərbaycanın ortaq mənəvi dəyərləri bölüşdüyü müsəlman Şərqi ilə ölkəmizin və xalqımızın mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlıq, ikitərəfli siyasi, iqtisadi mədəni münasibətlər yaratmağa müvəffəq olması reallıqdır. Bu, islam ölkələri arasında da əməkdaşlığın genişlənməsinə təsirsiz ötüşməmişdir. Azərbaycanın müsəlman dünyasına yönəlik xarici siyasətinin uğurlu nəticəsi olaraq bu gün Səudiyyə Ərəbistanı, Pakistan kimi beynəlxalq münasibətlər sistemində öz çəkisi olan dövlətlər nəinki ölkəmizin haqlı mövqeyini dəstəkləyir, habelə işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla hər hansı münasibət qurmurlar. Bu ölkələr işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmaqdan qəti şəkildə imtina ediblər.
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq son bir neçə ildə Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənmiş, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoymuşdur. Əsas diqqəti cəlb edən məqam Şərq dövlətləri ilə əlaqələrin coğrafiyasının genişlənməsidir. Bunu Prezident cənab İlham Əliyevin son 6 ildə müsəlman dövlətlərinə çoxsaylı səfərləri, həmçinin Azərbaycanın İslam Konfransı Təşkilatında fəal iştirakı təsdiq edir.
Son illərdə əlaqələrimizin daha da inkişaf etdiyi və möhkəmləndiyi dövlətlərdən biri İordaniya Haşimiyyə Krallığıdır. Müsəlman dünyasında və Şərqdə öz yeri və nüfuzu olan İordaniya hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. İordaniya İslam Konfransı Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsi ilə bağlı müzakirələrdə daim respublikamızın maraqlarına cavab verən, beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirmişdir.
Azərbaycanla İordaniya arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılmışdır. Bundan sonra Azərbaycan və İordaniyanın dövlət rəhbərləri iki dəfə - 1994-cü ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında və 2000-ci ilin yanvarında Davos Ümumdünya iqtisadi forumunda təkbətək görüşmüşlər. Görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın səviyyəsi və gələcək perspektivləri geniş müzakirə olunmuşdur.
Bu ölkə ilə münasibətlərin inkişafına təkan verən mühüm amillərdən biri də İordaniyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Bu münasibətlər 2006-cı ilin 22-23 avqust tarixlərində İordaniya kralı II Abdullahın Azərbaycan Respublikasına etdiyi rəsmi səfərdən sonra yeni mərhələyə qədəm qoymuşdur. Səfər zamanı "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi" imzalanmışdır.
Bundan sonra Azərbaycan və İordaniyanın dövlət başçıları qarşılıqlı səfərlər etmişlər. 2007-ci ilin 29-30 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İordaniyada rəsmi səfərdə olmuşdur. Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticari, sosial, nəqliyyat, KİV, mədəni, humanitar və digər sahələri əhatə edən 15 sənəd imzalanmışdır. Həmçinin Əmman şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsi mərasimi keçirilmişdir.
5-6 may 2008-ci il tarixlərində İordaniyanın kralı II Abdullah Azərbaycana növbəti səfərini etmişdir. Bakıda keçirilən görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğu vurğulanmışdır. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş və bu səfərin də ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirmişlər. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimiyyə Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Azərbaycan Respublikası və İordaniya Haşimiyyə Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" imzalanmışdır.
Dövlət başçılarının qarşılıqlı səfərləri hər iki ölkənin əlaqələrin genişləndirilməsində maraqlı olmasından, bunun üçün yetərincə siyasi iradənin mövcudluğundan xəbər verir. Ölkələrimizin başçıları arasında yaranan səmimi dostluq isə, sözsüz ki, ikitərəfli münasibətlərimizin inkişafına xidmət edir. Bu səfərlərin və yaradılmış hüquqi bazanın nəticəsidir ki, Azərbaycan-İordaniya ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir və möhkəmlənir. Bu, özünü həm də beynəlxalq təşkilatlar çərçivəsində göstərir.
Artıq bir neçə ildir ki, Azərbaycanla İordaniya arasında qurulan fəal əməkdaşlığın müsbət nəticələri var. İki ölkənin siyasi dialoqu çox fəal və dinamikdir. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri daha da gücləndirir. Hər iki dövlət qarşılıqlı münasibətlərin daim inkişaf etdirilməsində maraqlıdır. Bu baxımdan İordaniyanın kralı II Abdullahın mayın 16-da Azərbaycana etdiyi səfər indiyədək ikitərəfli münasibətlərdə qazanılmış uğurların davamlı olması, əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə aparılan danışıqlar zamanı Prezident İlham Əliyev Azərbaycan-İordaniya əlaqələri barədə deyib: "Ölkələrimiz arasında əlaqələrin inkişafından çox məmnunam. Bu əlaqələr ölkələrimiz arasında əsl qardaşlıq əlaqələridir. Əminəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin gələcək inkişafında xüsusi rol oynayacaqdır. Biz ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk. Gözəl siyasi təmaslarımız vardır, tez-tez qarşılıqlı səfərlərimiz baş tutur. İnanıram ki, bütün sahələrdə yaxşı irəliləyişin şahidi olacağıq".
Səfər zamanı keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın praktiki aspektləri, müxtəlif investisiya layihələri müzakirə edilib. İqtisadi əməkdaşlığa daha çox diqqət yetirilməsinin, mövcud potensialdan daha geniş şəkildə istifadə etməyin vacibliyi qeyd olunub. Eyni zamanda, regional inkişaf və əməkdaşlıq kimi məsələlər də əsas müzakirə mövzuları olub. Dövlətimizin başçısı İordaniyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana verdiyi dəstəyə görə kral II Abdullaha təşəkkürünü ifadə edib.
İordaniya kralının ölkəmizə bu səfəri Azərbaycanın fəal xarici siyasətinin geniş coğrafi məkanı əhatə etməsinə nümunədir. Səfər yerləşdikləri bölgədə dinamik inkişaf yoluna qədəm qoyan, siyasi proseslərdə fəal iştirak edən Azərbaycanla İordaniya arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, əvvəlki müzakirələrin nəticələri əsasında növbəti işləri görmək imkanını yaradacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 19 may.- S.
2.