ATƏT məkanında sülhün bərqərar olması üçün quruma üzv ölkələr və digər beynəlxalq təşkilatların götürdüyü öhdəliklərin yerinə yetirilməsi mexanizmlərini hazırlamağın vaxtı çoxdan çatmışdır

 

Xəbər verdiyimiz kimi, mayın 14-dən 16-dək Qazaxıstanın Almatı şəhərində TRANS-ASİYA Parlament Forumunun ilkin proqram layihəsi çərçivəsində "ATƏT-in Avrasiya ölçüsü" adlı forum keçirilmişdir. Forumda Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Fəttah Heydərov və Rəbiyyət Aslanova təmsil etmişlər.

Forumun əhəmiyyəti, müzakirə olunan məsələlər barədə nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat vermişdir.

Sessiyada bir sıra məsələlər, o cümlədən iqtisadi inkişaf, ticarət resurslarının idarə edilməsi və ətraf mühitlə bağlı problemlər müzakirə olunmuşdur.

E.İbrahimov çıxış edərək 2009-cu ilin qlobal iqtisadi böhran üzündən bütün dünya ölkələri üçün sınaq ili olduğunu diqqətə çatdırmış, Azərbaycanın böhrana daha az məruz qaldığını və bunun səbəbləri barədə məlumat vermişdir. O demişdir ki, effektiv maliyyə və iqtisadi siyasətinə görə bu çətin ildə Azərbaycan iqtisadiyyatı nəinki böhranın təsirlərinə davam gətirmiş, hətta 9,3 faiz səviyyəsində artıma da nail olmuşdur. Bu, neft hasilatının artması, həm də xidmət sahəsi, kənd təsərrüfatı sahəsindəki davamlı artım hesabına təmin olunmuşdur. Regionun aparıcı iqtisadi mərkəzi kimi Azərbaycan siyasi və iqtisadi cəhətdən Avropa strukturlarına inteqrasiya etmişdir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycanda çıxarılan qaz, Ermənistan istisna olmaqla, qonşu ölkələrin hamısına, həmçinin Türkiyə və Yunanıstana nəql olunur. Neftimiz dünyanın bir çox ölkələrinə ötürülür və bununla da Azərbaycan bütün ATƏT məkanında enerji təhlükəsizliyinin təminatı məsələsinə öz töhfəsini vermiş olur.

Ölkəmiz beynəlxalq ticarətin genişlənməsinə və Dünya Ticarət Təşkilatına daxil olmağa böyük önəm verir. Hazırda bu haqda bəzi ölkələrlə razılıq protokolları imzalanmış, digər maraqlı dövlətlərlə də danışıqlar aparılır. 2009-cu ildə Azərbaycan dünyanın 137 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmişdir. İldən-ilə bu şəbəkə genişlənir və beynəlxalq ticarət məhsullarının siyahısı böyüyür.

Hasilat sənayesində şəffaflıq təşəbbüsləri üzrə konfransın iştirakçısı olan Azərbaycan xarici neft şirkətləri ilə əməkdaşlıqda şəffaf və müsbət durum yaranmasına nail olmuşdur. Neft və qazın qənaətlə işlədilməsi məqsədi ilə alternativ və bərpa olunan enerji mənbələri, Azərbaycanda bol olan külək və günəş enerjilərindən istifadə üzrə işlər aparılır.

E.İbrahimov Dağlıq Qarabağ münaqişəsi barədə də məsələ qaldırmış, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən danışmışdır. O demişdir ki, Azərbaycanın uğurları ilə yanaşı, təbii ki, problemlər də mövcuddur. Onlardan ən əsası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Bildirilmişdir ki, işğal illərində nadir ağaclarla zəngin olan 20 min hektar meşə, zəngin flora və faunanın 30 növü məhv edilmişdir. Məqsədli yanğınlar nəticəsində 80 min hektar Azərbaycan torpaqları, o cümlədən yaşayış məntəqələri, qəbiristanlıq və tarixi obyektlər tam məhv olunmuşdur. Azərbaycanın işğal edilmiş torpaqlarında toksik axıntılar, sənaye müəssisələrinin zəhərli tullantıları sayəsində yerə, havaya və suya ziyan vurulur.

E.İbrahimov nümayəndə heyətimiz adından qeyd etmişdir ki, ATƏT məkanında sülhün bərqərar olması üçün ATƏT-ə üzv ölkələr və digər beynəlxalq təşkilatların götürdüyü öhdəliklərin yerinə yetirilməsi mexanizmlərini hazırlamağın vaxtı çoxdan gəlib çatmışdır.

 

 

Azərbaycan.- 2010.- 19 may.- S.  4.