İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Bakıda fəaliyyət göstərəcəkdir

 

Mayın 18-də İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Düşənbədə öz işinə başlayan 37-ci sessiyasının açılış mərasimi çərçivəsində İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzinin yaradılması haqqında müqavilə imzalanmışdır.

 

Müqaviləni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İKGF-nin baş katibi Elşad İskəndərov imzalamışlar. İmzalanma mərasimində İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İKT-yə üzv olan 57 dövlətin, eləcə də bu təşkilatda müşahidəçi statusunda olan bir çox beynəlxalq təşkilat və ölkələrin nümayəndələri iştirak etmişlər.

Baş qərargahı Bakı şəhərində yerləşəcək Avrasiya Regional Mərkəzi İKGF-nin proqramlarının İKT-yə üzv MDB ölkələrində, həmçinin Mərkəzi və Şərqi Avropada, o cümlədən bu məkanda müsəlman azlıqları təmsil edən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini həyata keçirəcəkdir.

Mərkəz İKT-nin Azərbaycanın ev sahibliyi edəcəyi ilk qurumu olacaqdır.

Sessiyanın ümumi iclasında çıxış edən Elmar Məmmədyarov İKGF təsis olunduqdan sonra qısa zaman ərzində uğurlar əldə etdiyini demiş, Forumun BMT-nin Sivilizasiyalararası Alyansı proqramında gənclərin rolunun gücləndirilməsi işindəki fəaliyyətini xüsusi vurğulamışdır. O, Azərbaycanın, fəaliyyət dairəsi 25-dən artıq ölkəni əhatə edəcək İKGF-nin Regional Mərkəzinə ev sahibliyi etməsini ölkəmizin İKT-yə göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd etmişdir.

Düşənbə sessiyasinda İKT ölkələri xarici işlər nazirlərinin Azərbaycan hökumətinə İKGF-ə göstərdiyi dəstəyə, eləcə də Regional Mərkəzin Bakıda fəaliyyət göstərməsinə imkan yaratdığına görə minnətdarlıq ifadə edən xüsusi qətnaməsinin qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, İslam Konfransı Gənclər Forumu 2005-cü ildə təsis edilmişdir. Qurumun baş qərargahı İstanbul şəhərində Türkiyə hökuməti ilə imzalanmış müqavilə əsasında fəaliyyət göstərir.

 

 

Azərbaycan.- 2010.- 19 may.- S.  4.