İslam Konfransı Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir

 

Azərbaycan İslam sivilizasiyasının ayrılmaz hissəsidir. 1991-ci ildə postsovet məkanında müsəlman ölkələri arasından İslam Konfransı Təşkilatına (İKT) üzv olmaq üçün birinci məhz Azərbaycan müraciət etmişdir.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Düşənbədə keçirilən 37-ci sessiyasında çıxışında demişdir.

Nazir vurğulamışdır ki, İKT ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir və bu məsələ strateji əhəmiyyət daşıyır.

Azərbaycanın İKT xarici işlər nazirlərinin 36-cı sessiyasından sonra təşkilatın üzvü olan dövlətlərlə əməkdaşlığını daha da möhkəmləndirdiyini bildirən E.Məmmədyarov ölkəmizin İKT-nin Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsinə xüsusi diqqət yetirdiyini demişdir.

Nazir Azərbaycanın yaxın keçmişdə hüquq-mühafizə orqanları rəhbərlərinin Birinci İslam Konfransı, İKT mədəniyyət nazirlərinin 6-cı iclası, İslam Konfransı Təşkilatının yaradılmasının 40 illiyi münasibətilə İKT-nin Baş Katibliyi ilə birlikdə təşkil olunmuş sivilizasiyalararası dialoq konfransı kimi bir sıra mühüm tədbirlərə, nəhayət, bu il aprelin 26-27-də Bakıda 35 ölkədən 250 nümayəndənin bir araya gəldiyi Dünya dini liderlərinin sammitinə ev sahibliyi etməsini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Bu yaxınlarda İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun regional ofisinin Bakıda təntənəli açılışının keçirilməsi qeyd olunmuşdur. Əminliklə bildirilmişdir ki, bu forum gənc nəslin mənəvi dəyərlərinin möhkəmlənməsinə, müsəlman icması üçün mühüm əhəmiyyət kəsb edən mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verəcəkdir.

Cari ilin iyununda Azərbaycanın İKT orqanlarının "İKT daxilində ticarətin inkişafına yardım üçün yol xəritəsi" və İslam İnkişaf Bankının sahibkarlar palatasının 35-ci iclaslarına ev sahibliyi edəcəyi də qeyd olunmuşdur.

Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə danışan E.Məmmədyarov İKT-nin bu təcavüzün nəticələrinin aradan qaldırılmasına verdiyi mühüm dəstəyə görə İslam dünyasına və İKT-nin baş katibinə xalqımızın dərin təşəkkürünü çatdırmışdır.

Nazir E.Məmmədyarov uranın zənginləşdirilməsi məsələsində Türkiyə, İran və Braziliya arasında əldə edilmiş razılığa dair səsləndirilmiş təbriklərə qoşulmuşdur.

Keçən il Azərbaycanın 2013-cü ildə İslam Konfransı Təşkilatının sammitinin Bakıda keçirilməsini təklif etdiyini deyən E.Məmmədyarov müsəlman ölkələrini bu təklifi dəstəkləməyə çağırmışdır.

 

 

Azərbaycan.- 2010.-19  may.- S.  4.