Bakıda NATO-nun Ali Mülki Fövqəladə Planlama Komitəsinin geniş iclası keçirilir

 

Mayın 18-də Bakıda 28 üzv və 22 tərəfdaş dövlətin daxil olduğu Avratlantik Tərəfdaşlıq Şurası (ATŞ) formatında NATO-nun Ali Mülki Fövqəladə Planlama Komitəsinin geniş iclası öz işinə başlamışdır.

İclası açan NATO-nun əməliyyat planlaması üzrə baş katibinin müavini, səfir Maurits Yohems dəyərli əməkdaşlığa və geniş iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir. Azərbaycanın 1992-ci ildən NATO ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran qonaq ölkəmizin Şimali Atlantika Alyansının müxtəlif proqramlarında fəal iştirakını yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iclas iştirakçılarını salamlamış, tədbirin Bakıda keçirilməsinə dair qəbul olunmuş qərara görə NATO-nun Siyasi və Ali Mülki Fövqəladə Planlama komitələrinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Avratlantika strukturlarına inteqrasiya, bu qurumlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm yer tutmuşdur.

Avratlantika məkanında təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasında NATO-nun vacib rolunu nəzərə alaraq 1994-cü ilin mayında Azərbaycanın bu qurumun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulduğunu xatırladan Kəmaləddin Heydərov həmin dövrdən keçən 16 il ərzində tərəflərin uğurla əməkdaşlıq etdiklərini vurğulamışdır. Nazir qeyd etmişdir ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması məqsədi daşıyan siyasi kursun ayrılmaz tərkib hissəsi kimi Avratlantika strukturlarına inteqrasiya istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son illər Azərbaycan ilə NATO arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində xeyli irəliləyişlərə nail olunmuşdur.

Son vaxtlar kataklizmlərin insanların həyat və fəaliyyətinə ciddi ziyan vurduğunu, onların planetimizin hər hansı hissəsində baş vermək ehtimalının mövcudluğunun bu sahədə birgə səylərin gücləndirilməsini zəruri etdiyini deyən general-leytenant Kəmaləddin Heydərov, təbii xarakterli fövqəladə halların bəzən nəinki bir dövlətin, hətta bütöv sivilizasiyanın məhvi ilə nəticələndiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, təbii kataklizmlərin və fövqəladə hadisələrin yaranma səbəblərinin vaxtında aşkar edilməsi və proqnozlaşdırılması, onların qarşısının alınması, nəticələrinin aradan qaldırılması məqsədi ilə bütün dünya alimlərinin, mütəxəssislərinin birgə və əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi, xüsusilə bu istiqamətdə dövlətlərin imkanlarının birləşdiriməsi mühüm əhəmiyyətə malikdir.

K.Heydərov Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri qonaqların diqqətinə çatdırmış, xüsusilə son illərdə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının müasir standartlara çatdırılması məqsədi ilə mühüm işlər görüldüyünü vurğulamışdır. Bildirmişdir ki, ölkə ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisənin vaxtında xəbərdarlıq edilməsi, qarşısının alınması, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması üçün nazirliyin ölkənin bölgələrində bir neçə regional mərkəzi yaradılmış, qurumun texniki təchizatının beynəlxalq standartlara cavab verməsi üçün mühüm işlər görülmüşdür. Nazir həyata keçirilmiş tədbirləri faktların və rəqəmlərin dili ilə iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

Kəmaləddin Heydərov Azərbaycan FHN-in beynəlxalq xilasetmə tədbirlərinə də hər an hazır olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu məqsədlə nazirliyin tərkibində 300 nəfərdən ibarət beynəlxalq axtarış-xilasetmə dəstəsi yaradılmışdır. Hazırda həmin dəstənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində NATO və digər müvafiq qurumlarla məsləhətləşmələrimiz davam edir, - deyən nazir, FHN-in yaradıldığı gündən Şimali Atlantika Alyansı ilə mülki fövqəladə planlama sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, bu sahədə əməkdaşlığın əsas istiqamətini fövqəladə hallara hazırlıq sahəsində yerli imkanların artırılmasında NATO-nun ekspertiza yardımının əldə edilməsi, qurumun canlı təlimlərində komandamızın iştirakı, Şimali Atlantika Alyansının mənzil-qərargahında mütəmadi keçirilən tədbirlərə qatılmaq məsələləri təşkil etmişdir.

Bu iclasın mülki fövqəladə planlama sahəsində Azərbaycan ilə NATO, o cümlədən bu quruma üzv və tərəfdaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfələr verəcəyinə əminliyini bildirən nazir Kəmaləddin Heydərov beynəlxalq tədbirin işinə uğurlar arzulamışdır.

İclas iştirakçıları bu yaxınlarda Kür çayının daşması nəticəsində Azərbaycanın bir neçə rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını əks etdirən videoçarxa baxmışlar.

Sonra müzakirələr başlanmışdır.

Mayın 19-da geniş iclas öz işini NATO müttəfiqləri formatında davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 may.- S.  4.