Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında Azərbaycanın Böyük Vətən müharibəsinə verdiyi töhfəyə həsr olunmuş tədbir keçirilmişdir

 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında İkinci Dünya müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Azərbaycanın Böyük Vətən müharibəsində Qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbir keçirilmişdir.

RF XİN-in Diplomatik Akademiyasının rektoru Aleksandr Panov çıxışında bildirmişdir ki, ümumi qələbənin əldə olunmasında Azərbaycan xalqının xidmətini dəyərləndirmək çox çətindir. O xüsusi vurğulamışdır ki, Qələbə günü Rusiyada olduğu kimi, Azərbaycanda da geniş qeyd edilmişdir. Axı biz Azərbaycanın qəhrəman oğulları ilə cəbhələrdə çiyin-çiyinə vuruşmuşuq. Rektor bildirmişdir ki, Azərbaycanın Diplomatik Akademiyadakı təmsilçiləri yaxşıların yaxşısıdırlar, onlar çox fəaldırlar, təhsillərini uğurla davam etdirirlər, Azərbaycan Rusiya arasında dostluğun mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə tərəfdardırlar.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycanın Azərbaycan xalqının Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasına verdiyi töhfə, Qələbənin qazanılmasında Azərbaycanın enerji ehtiyatlarının mühüm əhəmiyyəti, bu sahədə elmi kəşflər barədə ətraflı danışmışdır. O qeyd etmişdir ki, müharibə illərində cəbhəyə 600 mindən çox Azərbaycan övladı yola düşmüş, onlardan yarıdan çoxu qayıtmamışdır. Azərbaycanın cəsur övladları sovet respublikalarının, Avropa ölkələrinin azad olunmasında iştirak etmiş, bir çoxları Berlinə qədər şərəfli yol keçmiş, Sovet İttifaqı qəhrəmanları olmuşlar. Onların arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlər vardır.

Polad Bülbüloğlunun bildirdiyinə görə, XX əsrin ən dəhşətli müharibəsi haqqında həqiqətin bugünkü gənclərə çatdırılmasının yeni formaları axtarılıb tapılmalıdır. Elə etmək lazımdır ki, cəbhələrdə göstərilən hünərlər yaddan çıxmasın. Polad Bülbüloğlu sözünə davam edərək demişdir ki, hazırda müstəqil, suveren Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, bir milyondan çox vətəndaşımız doğma torpaqda qaçqına məcburi köçkünə çevrilmişdir. Polad Bülbüloğlu demişdir: "Hazırda ATƏT-in Minsk qrupu çərçivəsində, o cümlədən Rusiyanın da iştirakı ilə sülh danışıqları aparılır. Biz öz torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışırıq. Lakin yaddan çıxarmaq lazım deyil ki, hamının, o cümlədən Azərbaycanın doğma Vətəni hər hansı yolla müdafiə etmək hüququ vardır. Azərbaycanın səbri tükənə bilər".

Moskvada yaşayan azərbaycanlılar adından çıxış edən tanınmış yazıçı, publisist ictimai xadim, müharibə veteranı Əbdül Hüseynov özünün "Müharibənin əks-sədası" kitabını Diplomatik Akademiyanın kitabxanasına hədiyyə etmişdir.

Diplomatik Akademiyanın Veteranlar Şurasının sədri Yevgeni Fedortsov, professor, kafedra müdiri Konstantin Dolqov, Akademiyanın azərbaycanlı gənclər qrupunun rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üzvü İbrahim İbrahimov çıxışlarında vurğulamışlar ki, Azərbaycan xalqı müharibə illərində faşizmə qarşı liderlər rəhbərlər uğrunda deyil, ümumbəşəri həyat hüququ naminə mübarizə aparmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 19 may.- S.  5.