Sabahımızın poeziyası
XX əsrdə Azərbaycan poeziyasını yeni bədii yüksəkliyə qaldıran xalq şairi Rəsul Rza ictimai şüurumuzun formalaşmasına, təfəkkür tərzimizin təşəkkülünə güclü şəkildə təsir göstərmiş şəxsiyyət idi. Ümummilli lider Heydər Əliyevə məxsus fikirdir: "Rəsul Rza yaradıcılığı çox gözəldir, yüksək səviyyədədir, amma, eyni zamanda mürəkkəbdir, çox çətindir... Rəsul Rza çox dərin şairdir, onun yaradıcılığının Azərbaycan xalqı üçün əhəmiyyəti böyükdür". Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən xalq şairinin anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd edilir.
Rəsul Rza şeirləri ilə yaradıcılığına elə bir möhür vurub ki, biz onu oxuduqca kimliyini anlayır, amalına, məqsədinə bələdləşirik.
Mən yolçuyam,
Mən yoldayam.
Od nə çəkdi
Küldən soruş!
Hansı şeirim,
Hansı sözüm
yaşayacaqsa məndən sonra
Mən bilmirəm,
Eldən soruş.
Bəli, bu, Rəsul Rzanın öz yaradıcılığına vurduğu elə bir bədii möhürdür ki, onun şeirləri ədəbiyyatımıza hava, su kimi dolur, axşamlar Günəş kimi bataraq səhərlər yenidən doğulur. Rəsul Rza poeziyası yaşayan poeziyadır. Bugünümüzün, sabahamızın poeziyasıdır.
Tənqidçi Qulu Xəlilov ötən əsrin 60-cı illərində yazırdı: "Rəsul Rza çox az əsərlərində, bəlkə də heç birində deməyib ki, vətən, sən mənim canımsan, gözümsən. Lakin onun bütün yaradıcılığı xalqa, vətənə xidmətin ən ləyaqətli nümunəsidir... Rəsul Rzanın şeirimizə gətirdiyi forma poeziyamızda çox az, bəsit şəkildə işlənib. Rəsul Rza bu formanı gətirməklə şeirimizin ifadə tərzini çox-çox zənginləşdirib". Azərbaycan dilinin saflığı, qorunması, işlədilməsi uğrunda mübarizə aparan fədakar insanlardan biri məhz Rəsul Rza olub.
Rəsul Rza 19 may 1910-cu ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. Məmmədxanovlar nəslindən olan atası İbrahim, eləcə də poetik dünyası olan anası Məryəm maarifpərvər, elmə həvəskar insanlar idilər. Atasını erkən itirən Rəsul anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. İbtidai təhsilini Göyçayda almışdır. Əmək fəaliyyətinə çox erkən başlayan Rəsul Göyçay şəhərində kitabxana müdiri işləyəndə 14 yaşı var idi. Elə kitablarla dostluğu da o günlərdən başlamışdı. Yazmağa böyük həvəsi var idi. İlk şeiri 1929-cu ildə Tiflisdə "Dan ulduzu" jurnalında dərc edilmişdir. Artıq onun imzası dövrün bütün mətbuat orqanlarında görünürdü. Tiflisdə Zaqafqaziya Kommunist Universitetinin kooperasiya şöbəsində təhsil alan Rəsul Rza sonralar Bakıya köçərək Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxumuş, 1934-1937-ci illərdə isə Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir. Onun vəzifə pillələri də müxtəlif olmuşdur. Bakı kinostudiyasında çalışmış, Dövlət Filarmoniyasının müdiri olmuş, Kinematoqrafiya İdarəsində rəis, nazir, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında baş redaktor və digər vəzifələrdə səmərəli fəaliyyət göstərmişdir. Səməd Vurğundan sonra Yazıçılar İttifaqına rəhbərlik etmişdir. Repressiyaların qızğın dövründə - 1938-1939-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olan Rəsul Rza həm də dəfələrlə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi.
Əlli illik fəaliyyəti dövründə Azərbaycanda, Rusiyada və başqa ölkələrdə 50-dən artıq kitabı nəşr olunmuşdur. Ölümündən bir gün qabaq son şeirini yazmışdır. Həmin ədəbi yadigarın sonluğu belədir:
Günlər var çeşid-çeşid:
İnciklisi bu yanda,
Fərəhlisi o yanda.
Belə olurmuş demək,
Ömrün, günün sonunda.
Azərbaycan poeziyasının inkişafında göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona müxtəlif fəxri adlar, dövlət mükafatları verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsul Rza İkinci Dünya müharibəsi illərində cəbhədə göstərdiyi fəaliyyətə, əsgərlər qarşısında müntəzəm çıxışlarına, sülh mövzusundakı şeirlərinə görə 1945-ci ildə əməkdar incəsənət xadimi fəxri ada layiq görülmüşdür. 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adını aldı. Təbii ki, Azərbaycanın şair və yazıçılarının dövrün ən yüksək adına layiq görülməsi ümummilli lider Heydər Əliyevin xidməti idi.
Rəsul Rza 1 aprel 1981-ci ildə
vəfat etmişdir. Onun həyata əlvida dediyi günün
zarafat və yumorla əlaqədar 1 aprelə təsadüf etməsi
də mənalıdır. Rəsul Rza poeziyasının pərəstişkarları
şairin bu əbədi gedişini də zarafat kimi yozdular.
Bəllidir ki, 1937-ci ilin
insanları gedər-gəlməzə göndərdiyi faciəli
günlərində Rəsul Rza Yazıçılar
İttifaqının plenumunda, eləcə də Ali Sovetin
sessiyasında dil məsələsinə toxunaraq çox kəskin
çıxış etmişdir. O, dilimizə yabançı
sözlər gətirən, onun şirin ahənginə ləkə
salan bir sıra cızma-qaraçılara, eləcə də
ana dilində danışmağı özünə ar bilənlərə
üz tutaraq demişdir: "Öz ana dilini yaxşı bilməyən
insan başqa dilləri də lazımi dərəcədə
mənimsəyə bilməz". O, mətbuat səhifələrində
işlədilən "çoşka",
"çaşka", "produkt" kimi sözləri misal
gətirərək onun Azərbaycan dilində olan
qarşılığını göstərmişdir. Məlumdur
ki, böyük şairimiz həm də dilimizə çoxlu təzə
söz, ifadə gətirmişdir. Həmin uğurlu sözlər
illərdir ki, tam vətəndaşlıq hüququ
qazanıblar. Məsələn, Rəsul Rza 30-cu illərdə
dilimizdə bu sözləri işlətmişdir: "göydələn",
"əyləc", "işıqfor", "çimərlik"
və sairə.
Gəlin etiraf edək ki, Rəsul
Rza həm də o cəsarətin, ürəyin, o təpərin,
kişiliyin yiyəsi idi ki, dünya, aləm bolşevik
tufanının qopardığı sellərdə
çırpınanda o, Gəncənin qubernatoru olmuş Xudat
bəyin qızı Nigar xanımı sevirdi. Onu gözləyəcək
ağır həyatdan çəkinmədən bu bəy
qızını özünə həyat, ömür-gün
dostu seçmişdi. Unutmayaq ki, bu, 34-cü illər idi, bu,
37-yə gedən qanlı-qadalı, tuthatut qoparan illər idi.
Və bu bəy nəvəsi, bəy qızı olan, axır nəticədə
arxasız qalmış Nigar Rəfibəyli təzyiqlərdən,
təqiblərdən, ölümlərdən sıyrılaraq
onun qarşısını məhəbbətlə kəsən
alagözlü Rəsula inandı. Bu dövrdə mətbuat
Nigar Rəfibəylinin ünvanına nələr çap etmədi?!
Hətta məşhur şairlər də bu nakişiliyə
qol qoydular. Onu "madmuazel", "varlı sinfin
tör-töküntüsü", "bəy
qızı", daha nələr, nələr
adlandırırdılar.
Əlbəttə, mən
mürgülü günləri çox tərpətmək
istəmirəm, amma elə həqiqətlər var ki, onu
mütləq söyləmək gərəkdir. Bu zərbələrin,
təhqirlərin yol açdığı bir ünvan da Rəsul
Rza özü idi. Amma böyük şairimiz heç bir zaman
öz əzəmətini, vüqarını itirmədi. Bir də
o, bu hücumların qarşısında tək deyildi. Ən
azı ona görə ki Nigar Rəfibəyli kimi könül
sirdaşı, söz sərrafı olan yarı vardı. Onun
yaradıcılığına bələdləşdikcə
sanıram ki, bütün bunlarla bərabər Rəsul Rza
ömrü boyu tənha olub. Öncədən bu tənhalıq
taleyinin acıları ilə başlayıb, içində
çox dərd çəkib, lakin kimsəyə bildirməyib.
Yetimçiliyin "qapazları", taleyin min bir əzabı,
qeyri-adi ilahi bir sevgi və bu məhəbbətin ucbatından
ona atılan oxlar, yaxın dostların itkisi. Bir tərəfdən
şöhrət yaxasından asılırdı, digər tərəfdən
haqsız tənqidlərə məruz qalırdı. Bir tərəfdən
"Lenin" poemasını yazan Rəsul Rza, o biri tərəfdə
"Qızılgül olmayaydı", "Dana və balaca
qız" əsərlərini, "Rənglər" silsiləsindən
şeirlərini yazırdı:
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Səməd yox,
Əli Nazim yox,
Mehdi yoxdu.
Tək necə qayıdım
o günlərə,
necə keçim o yolu?
Əgər 1962-ci ildən
1964-cü ilə qədər, bəzi hallarda 1968-ci illərdə
"Ədəbiyyat və incəsənət" qəzetini
vərəqləsək, görərik ki, şairin
ünvanına nə qədər tənqid dərc edilib.
"Rənglər" silsiləsindəki şeirlərini
sovet həyat tərzinin gerçəkliklərini
düzgün əks etdirməyən "söz
yığımı" adlandırıblar. Halbuki bu şeirlərdə
siyasi heç bir şey yoxdur. Rənglərə poetik və fəlsəfi
baxış var.
1962-ci ildə Rəsul Rza
"Dünyanın dərdi" adlı şeirini
yazırdı: "Bu gün var olan, bir gün yox olacaq
axırısı, məni yatmağa qoymur dünyanın dərdi,
torpağın ağrısı". Və bu dərd onun
"Bəlkə də qaytardılar" adlı bir şeirində
daha qabarıq şəkildə diqqəti çəkir:
Bu nə mülk - maaş,
nə yatır,
nə dəyirman dərdi
idi.
Bu, sorağı qanlı
yollarda itən
insan dərdi idi.
Bir çinar
ömrünü əzəmətlə yaşayan Rəsul Rza
yaddaşının "yapışqan-sədaqətindən"
heç vaxt can qurtara bilməyib. Ona görə də onun
şeirlərində həqiqət və anlamaq dərdi
misra-misra, bənd-bənd çiçəkləyərək
oxucusunu düşündürüb: "Yaddaş",
"Din haqqında", "Darısqallıq",
"Ömür keçdi, gün keçdi", "Mirzə
Cəlilin niskilləri" kimi şeirlərində vahiməli,
səksəkəli illərin hiddəti, ovqatı duyulur.
Xalq şairi Məmməd
Araz 1970-ci ildə Rəsul Rzaya ünvanladığı məqaləsində
yazırdı: "Rəsul Rzanın
yaradıcılığı bir qitəni başdan-başa
öyrənməyə bənzəyir. Ancaq bu qitədə
xeyli ayaq dəyməmiş cığırlar var, sehrli
çeşmələr, pusquda duran vulkanlar var... Sənətin
mürəkkəb və keşməkeşli yollarında Rəsul
Rza mənim üçün öz yüksək amalına xidmət
etməyin ən gözəl örnəyi olmuş, ən
gözəl örnəyidir və ən gözəl örnəyi
kimi də qalacaq".
Rəsul Rza həm də
sözdən rəssam kimi istifadə edərək yurdumuzun əzəmətli
təsvirini məharətlə yaradırdı:
Azərbaycan şahindir,
Dimdiyi göy sularda.
Qanadları göylərdə.
Əlbəttə,
ədəbiyyat tədqiqatçıları gözəl bilirlər
ki, Rəsul Rza poeziyamızda hansı yeni nəfəsin, təzə
üslubun banisidir, sərbəst şeirimizin
yaradıcısıdır. Hələ ensiklopediya
redaksiyasında çalışdığı illər, -
keçmiş iş yoldaşları bunu Rəsul Rza həyatının
qəhrəmanlıq dövrü adlandırırlar.
Çünki Rəsul Rza təpədən-dırnağa millətinə
bağlı, onu ürəkdən sevən, sabahını
düşünən şəxsiyyət olub. Bu barədə
saatlarla danışmaq olar. Amma böyük şairimizdən təkcə
bunlar yadigar qalmayıb ki?! Ədəbiyyatımızda, mətbuatımızda,
teatr-kino sənətimizdə, ictimai fikir tariximizdə möhtəşəm
yeri olan Anar kimi bir oğulun da atası idi. Yazımızı
da elə Anar müəllimin sözləri ilə bitirmək
istəyirik: "Rəsul Rzanın bəzən tənqid hədəfinə
çevrilməsindən üzülmürəm. Əksinə,
bu, mənim üçün Rəsul Rzanın diriliyinin daha
bir sübutudur. Ölülərlə çarpışmazlar
ki... Rəsul Rza yaradıcılığını tarixin
arxivinə verməyə can atanlar tələsməsinlər. Aprelin 1-də vəfat edən
Rəsul Rza mayın 19-da anadan olub". Ömrü mübarizələrdə
keçən Rəsul Rza həmişə canlı bir
varlıq kimi savaş meydanında əzəmətlə
dayanacaq. Çünki özü demişdi:
Mübarizə bu gün də
var, yarın da,
Mən də onun ən
ön sıralalarında.
Flora XƏLİLZADƏ,
Rəsul Rza mükafatı laureatı
Azərbaycan.- 2010.- 19 may.-
S. 7.