Mülki aviasiyamızın salnaməsini yaradan muzey

 

"Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur".

 

Heydər ƏLİYEV

 

Bu il aprelin 18-də 5 yaşını qeyd edən Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır.

Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılmasının zəruriliyini ulu öndər Heydər Əliyev tövsiyə etmiş, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü bildirmişdi. Ulu öndərin bu istəyi yerinə yetirilmişdir.

2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul etdi.

Qısa vaxtda muzey üçün müasir standartlara uyğun yeni binanın inşası, onun fondunun əsasını təşkil edən sənədlərin hazırlanması, toplanmış əşyaların uçotunun aparılması, onların nümayiş üçün yararlı vəziyyətə salınması, eksponatların ekspozisiyada xronoloji ardıcıllıqla, müasir, bədii üslublu tərtibatı və s. işlər həyata keçirilmişdir.

Muzey fond və ekspozisiya şöbələrindən ibarətdir. Fondda Azərbaycanın mülki aviasiyasının dünəninin və bugününün öyrənilməsində zəruri olan əyani vəsaitlər, qəzet materialları, əlyazmaları, qərar və sərəncamların surətləri, fotoşəkillər, filmlər, bədii ədəbiyyat, təsviri sənət nümunələri və s. toplanmışdır. Onların ümumilikdə sayı 6000-dən artıqdır.

Bu materiallar Azərbaycan Milli Arxiv İdarəsindən, Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivindən, Azərbaycan Tarixi Muzeyindən, Dövlət Kino-Foto Sənədləri Arxivindən, AMEA-nın Tarix İnstitutundan, Azərbaycan Teleradio Qapalı Səhmdar Cəmiyyətindən, M.F.Axundzadə adına Milli kitabxanadan, "Azərbaycan Hava Yolları" Dövlət Konsernindən əldə edilmişdir.

Muzeyin fonduna Azərbaycan mülki aviasiyasının yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilərin ailə üzvləri tərəfindən bir çox sənədlər, əşyalar və s. hədiyyə olaraq təhvil verilmişdir.

Muzeyin ekspozisiyası tarixi xronologiya üzrə 10 bölmə əsasında qurulmuşdur. Bölmələrin hər biri Azərbaycanın mülki aviasiyasının yaradılması üçün atılmış ilk addımlardan başlayır, indiyədək keçilmiş bütün tarixi yolları işıqlandırır.

Mülki aviasiyanın yaranmasında və inkişafında xidmətləri olan təyyarəçilər- Teymur Mustafayev, İvan Bandzo, Arkadi Romanov, Əbülfəz Quliyev, Nürəddin Əliyev, Yusif Quliyev, Viktor İsgəndərov, qadın təyyarəçilərimizdən Leyla Məmmədbəyova, Sona Nuriyeva, Züleyxa Seyidməmmədova və digərləri haqqında da materiallar ekspozisiyada yer almışdır.

Bunlardan əlavə, muzeyin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanın müasir mülki aviasiyasının inkişafını əks etdirən yazılı və foto materiallar nümayiş olunur. Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan mülki aviasiyasının inkişaf etdirilməsi üçün qəbul edilmiş 1998-2003-cü illər Dövlət Poqramı əsasında Bakı Beynəlxalq Hava Limanının yenidən qurulması, yeni sərnişin terminallarının istifadəyə verilməsi, "Boing" tipli ilk təyyarələrin alınması və digər işlər haqqında ətraflı məlumat verilir.

Ekspozisiyada Prezident İlham Əliyevin rəhbərliyi altında mülki aviasiyanın 2004-2010-cu illər üçün nəzərdə tutulmuş inkişaf proqramına əsasən, respublikamızın bölgələrində yeni beynəlxalq hava limanlarının istismara verilməsi, təyyarə parkının genişləndirilməsi və mülki aviasiyamızın inkişafına təsir göstərən sərəncam və qərarlar da öz əksini tapmışdır.

Mülki Aviasiya Muzeyi fəaliyyətə başlayandan sonra burada bir çox tədbirlər, sərgilər keçirilmiş, orta, ali, texniki peşə liseyləri ilə müqavilələr bağlanılmış, həmin təhsil ocaqlarının tələbə və şagirdlərinin muzeyimizə gəlişi təmin edilmişdir. Təhsil ocaqlarında muzey əməkdaşları tərəfindən Azərbaycan mülki aviasiyasına həsr edilmiş müxtəlif mövzularda mühazirələr də oxunmuşdur.

Muzeydə Azərbaycan aviasiyasında xüsusi xidmətləri olan ilk qadın təyyarəçi Leyla Məmmədbəyovanın anadan olmasının 100, II Dünya müharibəsi iştirakçısı, ilk hərbi qadın təyyarəçi Züleyxa Seyidməmmədovanın 90, Məzahir Abbasovun 90, Azərbaycanda mülki aviasiyanın yaranmasının 70, ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi, Üzeyir Hacıbəylinin doğum və "Milli musiqi günü", akademik Arif Paşayevin 75 illik yubileyi ilə bağlı tədbirlər, faşizm üzərində qələbənin 65-ci ildönümü ilə əlaqədar sərgi, Qarabağ müharibəsində şəhid olan, rəşadətli döyüş yolu keçmiş mülki təyyarəçilərimizlə bağlı mərasimlər təşkil edilmişdir.

Muzeydə görülən hər bir iş, şübhəsiz ki, ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etmiş tarixi şəxsiyyətlərin, aviatorların, bu sahə ilə bağlı mütəxəssislərin şərəfli ömür yolunu işıqlandırmaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır.

Yeri gəlmişkən, muzeyin yaradılmasında və fəaliyyəti dövründə həyata keçirilən bütün layihələrdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun qayğı və köməyini daim hiss etmişik.

 

 

Firəngiz HÜSEYNQULUQIZI,

Azərbaycan Mülki Aviasiya

Muzeyinin direktor müavini

 

Azərbaycan.- 2010.- 19 may.- S.  7.