Sumqayıtda beynəlxalq konfrans

 

2010-cu il "Ekologiya ili"dir

 

Sumqayıtda "Ekologiya ili" çərçivəsində "Çirklənmiş ərazilərin idarə edilməsi - keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək bildirdi ki, konfransda respublikamızın aidiyyəti mərkəzi orqanlarının nümayəndələri ilə yanaşı, Almaniya Federativ Respublikasının dövlət qurumlarının nümayəndələri Amerika Birləşmiş Ştatları və Xorvatiyadan mütəxəssislər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların, xarici şirkətlərin təmsilçiləri, habelə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin və Lüdviqshafen şəhərinin nümayəndələri iştirak edirlər.

Natiq məlumat verdi ki, konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən "Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq" layihəsi çərçivəsində təşkil olunmuşdur. Tədbirin təşkilatçıları Sumqayıt və Lüdviqshafen tərəfdaş şəhərləri, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətidir.

30 ildən artıqdır ki, qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt ilə Almaniya Federativ Respublikasının Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq" layihəsində iştirak edir. Ötən müddətdə alman mütəxəssislərinin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilmişdir.

2002-2009-cu illərdə üç mərhələdə icra olunan layihə üzrə Sumqayıt şəhərində lüdviqshafenli mütəxəssislərin iştirakı ilə 20-dən çox kiçik layihə uğurla başa çatdırılmışdır. Alman dili mərkəzi, "Etimad telefonu", "Ekopark" layihəsi, məişət tullantılarının idarə edilməsi konsepsiyası əməkdaşlıq çərçivəsində Sumqayıt şəhərinə verilmiş dəyərli töhfənin yalnız bir hissəsidir.

Bu layihələrin əsas istiqamətlərindən biri də şəhərsalmanın əsaslarının təkmilləşdirilməsi ilə bağlı olmuş və Sumqayıtda çirklənmiş ərazilərin kadastrı hazırlanmış, coğrafi informasiya sistemi üzrə həmin ərazilərin xəritə əsasları tərtib edilmişdir. Ötən ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə kadastrın tərtib edilməsi üzrə alman mütəxəssisi Hartmut Yunqe Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsində ikiillik əmək fəaliyyətinə başlamışdır.

Keçən il "Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq" layihəsi sona çatmış, cari ildən etibarən "Cənubi Qafqazda yerli özünüidarəetmənin inkişafına dəstək" proqramının başlanmasına qərar verilmişdir. Hazırda yeni proqram çərçivəsində həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparılır.

Konfrans zamanı "Avropada torpaqların mühafizəsinin əhəmiyyəti və onun hüquqi tənzimlənməsinin vacib istiqamətləri", "Çirkləndirilmiş ərazilərin sağlamlaşdırılması planlaşdırma üzrə vəzifə kimi: təcrübə və perspektivlər", "Sumqayıt şəhərinin çirklənmiş ərazilərinin kadastrının yaradılması", "Şəhərin baş planı çərçivəsində çirklənmiş ərazilərin kadastrından istifadə edilməsi və nou-hou tətbiq edilməsi, Sumqayıt şəhər kadastrının müasirləşdirilməsi üçün nəticələr" və digər mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.

Konfrans iki gün davam edəcək və axırda tədbir iştirakçıları Sumqayıt şəhərinin mədəniyyət obyektləri ilə tanış olacaq, "Azərboru" SC-də və Sumqayıt Texnoparkında keçiriləcək yığıncaqlarda iştirak edəcəklər.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2010.- 19 may.- S.  8.