Azərbaycan təbiətin
sınağından uğurla çıxır
Kür və Araz
çaylarının daşması nəticəsində
yaranan problemlərin həllində dövlət tərəfindən
görülən işlər beynəlxalq miqyasda da təqdir
olunur
Ana təbiət son illərdə bəşər övladını daha çox öz qüdrəti qarşısında sınağa çəkməkdədir. Elə bu səbəbdəndir ki, indi dünyanın ən fərqli bölgələrində az qala hər gün müxtəlif təbii fəlakətlərin baş verməsi haqda xəbərlər yayılmaqdadır. İndoneziyada artıq xeyli müddətdir ki, aktivləşən vulkanın havaya buraxdığı toz dumanı, dünyanın ən quru iqliminə malik olan Çilidə yerləşən Atakama səhrasında gözlənilməz şəkildə qar yağması, Asiyadan, Avropadan tutmuş Amerikaya, Avstraliyaya qədər baş verən sel daşqınları, dəhşət saçan qasırğalar, buzlaqların daha sürətlə əriməsi, planetdə havanın orta temperaturunun artması və digər belə təbiət hadisələri indi dünya gündəmini məşğul edən ən aktual məsələlərdir.
Yaşanan təbii fəlakətlərin, onun yetirdiyi fəsadların aradan qaldırılması kimi mühüm məsələnin həllindən isə dünya dövlətlərinin heç də hamısının uğurla gəldiyini söyləmək mümkün deyil. Bunun nəticəsidir ki, yaşanan təbii fəlakətlər digər maddi zərərlə yanaşı, həm də insan itkilərinə gətirib çıxarır. Dünyanın müxtəlif bölgələrində yerləşən dövlətlərdə yaşanan təbii fəlakətlərin nəticələrinə nəzər yetirməklə də bunu əyani görmək mümkündür. Özü də bu sırada dünyanın ən inkişaf etmiş qabaqcıl dövlətlərindən tutmuş, tərəqqi səviyyəsi elə də yüksək olmayanlara kimi fərqli ölkələri yer alır. Dünya təcrübəsi həm də onu göstərir ki, təbii fəlakətlərə əvvəlcədən hazır olan, bununla bağlı qabaqlayıcı tədbirlər görən, baş verəcək fəlakəti növündən asılı olaraq öncədən proqnozlaşdırmağı bacaran dövlətlər belə hallardan daha az zərər və itki ilə çıxmağı bacarırlar.
Son günlərdə Azərbaycan ərazisində yaşanan təbii fəlakətlərin hələ də tam səngiməməsinə baxmayaraq, əvvəlcədən görülən hazırlıqlar başqa ölkələrdə olduğu kimi, insan itkisinə yol açmayıb. Düzdür, təkcə Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində qırx rayonun ərazisində subasma halları müşahidə olunub. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətə düşüb, 50 min hektardan artıq əkin və örüş sahələri məhv olub. Amma qabaqlayıcı tədbirlər insan itkisinin qarşısını alıb. Məhz bu məqam Azərbaycanın üzləşdiyi təbii fəlakət sınağının öhdəsindən uğurla gəldyini göstərən ilk əsas faktordur. Məsələyə dövlətin operativ reaksiyası nəticəsində sel basmış ərazilərdən, belə təhlükənin baş verə biləcəyi yerlərdən insanlar qısa müddət ərzində evakuasiya olundu, müvafiq yaşayış məskənlərində yerləşdirildi, qida ehtiyatı və digər zəruri ləvazimatlarla təmin edildi.
İlk subasma halları qeydə alındıqdan dərhal sonra, mayın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə təbii fəlakət zonasında görülən işlərin bir daha dövlət başçısının xüsusi nəzarətində olduğunu təsdiqlədi. Məhz həmin müşavirədə bir daha aydın oldu ki, dövlət həmişə olduğu kimi, öz vətəndaşlarının yanındadır, insanların üzləşdiyi problemin həllini, onlara dəymiş zərərin kompensasiya edilməsini ölkə hakimiyyəti öz üzərinə götürəcək. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik".
Burada bir məqamı xüsusi qeyd etmək lazım gəlir ki, keçən il və ondan qabaqkı illərdə yaşanan analoji təbii fəlakət nəticəsində uçmuş 300 evin tikilməsi barədə Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam verilib. Həmin sərəncama uyğun olaraq dövlət hesabına 200 ev yaşamaq üçün tam hazır vəziyyətə gətirilib, vətəndaşların ixtiyarına verilib. Qalan 100 ev isə iki-üç ay ərzində hazır edilərək insanlara təhvil veriləcək. Bu fakt bir daha Azərbaycan dövlətinin, ona rəhbərlik edən Prezidentin daim ölkə vətəndaşlarının yanında olduğunu, onların üzləşdikləri problem və qayğıları bilavasitə öz nəzarəti altında saxladığını bariz şəkildə sübuta yetirir.
Təbii fəlakətin miqyasının genişlənməməsi və gələcəkdə bu kimi halların qarşısının vaxtında alınması üçün Prezident İlham Əliyev sözügedən müşavirədə qarşıya konkret vəzifələr də qoyub: "...Biz, əlbəttə ki, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planını hazırlamalıyıq.
Çünki heç kim təminat verə bilməz ki, növbəti illərdə də biz bu problemlərlə üzləşməyəcəyik. Ona görə kompleks tədbirlərin görülməsi və kompleks planın hazırlanması prosesi başlanmalıdır, tezliklə bu təkliflər verilməlidir. Lazım olarsa, dövlət büdcəsində düzəlişlər edilməlidir".
Bu müşavirədən az sonra Prezident İlham Əliyevin fəlakət zonasına gəlməsi, Şirvan şəhərində Kür çayında daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşməsi və təbii fəlakətlə bağlı yenidən səyyar müşavirə keçirməsi insanlarda ruh yüksəkliyi yaratdı. Prezidentin çadır düşərgəsində müvəqqəti məskunlaşan sakinlərlə görüşərək onların problemlərilə yerindəcə tanış olması, daşqından zərər çəkənlərin bütün problemlərinin həllinin bundan sonra da diqqətdə saxlanılacağını bildirməsi vətəndaşların öz dövətlərinə güvəncini daha da möhkəmləndirdi.
Hazırda da təbii fəlakətlə bağlı məsələnin birbaşa Prezident İlham Əliyevin nəzarətində olması, müxtəlif dövlət strukturlarının vahid, koordinasiya olunmuş şəkildə əlaqəli fəaliyyəti yaranan problemin miqyasının genişlənməsinə imkan vermir. Eyni zamanda bu fəaliyyət nəticəsində insanların təhlükəsizliyinin təminatı sahəsində müvafiq tədbirlər görülməsi davam etdirilir. Belə ki, Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar sel təhlükəsi ilə üzləşə biləcək kəndlərin əhalisi evakuasiya olunur. Sabirabad, Saatlı, İmişli rayonları ərazisində yerləşən Sarısu gölü ətrafında sahilbərkitmə işləri isə davam etdirilir. Bu işdə Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin şəxsi heyəti yaxından iştirak edir. Fəlakət zonasına əlavə texnika cəlb olunub. Onlarla yük maşını əraziyə beton, daş, torpaq daşıyır. Lazım olacağı təqdirdə əhalinin evakuasiya olunması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri hazır vəziyyətdədir.
Qeyd edək ki, adi vaxtlarda Sarısu gölünün dərinliyi 2 metr olduğu halda, hazırda onun dərinliyi 7-8 metrdir. Bəzi yerlərdə isə 11 metrə çatır. Göldə su çox olduğundan yaranan dalğaların hündürlüyü 40 santimetrlə 50 santimetr arasında dəyişir. Son məlumatlara görə isə Sarısu gölündə suyun səviyyəsi 5 santimetr aşağı düşüb. Bu da bəndbərkitmə işlərini davam etdirməyə imkan verir. Həmçinin suyun göl ətrafındakı boş sahələrə və kollektorlara axıdılması yolları araşdırılır.
Digər ərazilərdə də bəndbərkitmə işləri davam edir. Bayramlı, Mürsəlli kəndləri istiqamətində uçulan yerlər, yarğanlar bağlanıb. Gələcəkdə təhlükə törədə biləcək zəif bəndlər də möhkəmləndirilir. Müvafiq dövlət strukturlarının rəhbərləri, o cümlədən Baş nazirin müavini, fövqəladə hallar naziri, daxili işlər naziri, müdafiə, səhiyyə, ekologiya və təbii sərvətlər, kənd təsərrüfat nazirliklərinin rəhbərləri və digər dövlət qurumlarının nümayəndələri mütəmadi olaraq hadisə yerində olur, proseslərin gedişi birbaşa diqqətdə saxlanılır. Kürün deltasında lildən təmizlənmə işi davam etdirilir və bu işdə ARDNŞ-in gəmiləri yaxından iştirak edir.
Hələlik isə Kür çayında suyun səviyyəsi qalxmaqdadır ki, bu səbəbdən yarana biləcək təhlükələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi davam edir. Hesablamalara görə, çayda suyun qalxması nəticəsində indi saniyədə Kürdən 2500 kubmetr su ötürülür. Ən çox artım isə Araz çayında müşahidə olunur. Burada saniyədə 1154 kubmetr su keçir. İndiyə kimi Arazda bu qədər sululuq müşahidə olunmayıb. Qarşıdakı bir neçə gün ərzində isə ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədar Kür çayının aşağı axınında suyun səviyyəsinin daha da artacağı gözlənilir.
Lakin bu vaxta qədər görülən işlər, həmçinin yarana biləcək təhlükənin vaxtında aradan qaldırılması üçün həyata keçirilən tədbirlər hər hansı ciddi problem yaranmayacağını deməyə əsas verir. Ölkə rəhbərliyinin nəzarəti altında təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər beynəlxalq dairələrdə də təqdirlə qarşılanır və Azərbaycanın hazırlıq səviyyəsi yüksək qiymətləndirilir. NATO-nun əməliyyat planlaması üzrə baş katibinin müavini, Bakıda keçirilən NATO-nun Ali Mülki Fövqəladə Planlaşma Komitəsi iclasına sədrlik edən səfir Maurits Yohems bununla bağlı demişdir: "Azərbaycan bu günlər subasma problemi ilə üzləşib, mən Azərbaycan hökumətinin bu problemin öhdəsindən təkbaşına gəldiyi üçün təbrik edirəm. Hələlik Azərbaycan subasmalara qarşı mübarizədə beynəlxalq birlikdən yardım istəməyib". Onun sözlərinə görə, NATO və Azərbaycanın fövqəladə hallar sahəsində əməkdaşlığının əsasını daşqınlar və meşə yanğınlarına qarşı mübarizə, zəlzələlərin nəticələrinin aradan qaldırılması təşkil edir.
Bütün bunlar Azərbaycanın üzləşdiyi təbii fəlakətin nəticələrini uğurla aradan qaldırdığını, dövlətin həmişə öz vətəndaşlarının yanında olduğunu göstərir. Həyata keçiriləcək yeni kompleks tədbirlər nəticəsində isə qarşıdakı dövr ərzində analoji təbii fəlakətlərin baş verəcəyi təqdirdə Azərbaycanın daha hazırlıqlı və üzləşə biləcəyi zərərlərin miqyasının daha az olacağını deməyə əsas verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 20 may.- S.
1, 3.