Heydər Əliyev Fondunun YUNİSEF-lə əməkdaşlığı uğurlu nəticələr verir

 

Azərbaycan xalqının tarixən formalaşmış zəngin dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli genefondunun saflığının təmini qloballaşmanın diktə etdiyi qarşısıalınmaz proseslər fonunda xüsusi aktuallıq kəsb edir. Bu aktuallıq geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkib etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə şərtlənir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, adət-ənənələrini hifz etməyi bacaran xalqımız ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atır. Ölkə vətəndaşları bu mürəkkəb proseslərin mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatlarında hiss edirlər.

 

Şübhəsiz, sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlərin ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının transmilliləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli dəyərlərinin qorunması məsələsi də vacib və aktual problem kimi önə çıxır. Bu baxımdan Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami və xilaskar tapmışdır.

Son 6 ildə milli mədəniyyətin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyət göstərir. Qurumun başlıca məqsədi ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

Qarşıya qoyduğu xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu məhz bunun sayəsində nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki əzmkar və vətənpərvər fəaliyyəti ictimaiyyətdə rəğbət və fəxarət hissi doğurur. Azərbaycanın birinci xanımı humanist və insanpərvər xarakterilə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərlərə təsir edən mənfi meyillərə qarşı barışmaz mövqe tutur. İnsan amilinin yüksəlişinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə töhfəsini verir. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun, o cümlədən YUNİSEF-in də iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması, qadın və uşaq hüquqlarının qorunması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir.

2010-cu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun 6 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxış edən Mehriban xanım Əliyeva demişdir: "6 il ərzində Heydər Əliyev Fondu böyük yol keçib və əminəm ki, gələcəkdə bizi daha da böyük işlər gözləyir. Bu gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın hüdudlarından kənarda hörmət, inam və etimad qazanıb. Bu yolda bizi dəstəkləyən, bizə inanan, bizə kömək edən hər bir insana, hər bir təşkilata mən bu gün öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, Heydər Əliyev Fondu Azərbaycan naminə gələcəkdə yeni nailiyyətlər, yeni qələbələr əldə edəcəkdir".

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsindəki fəaliyyəti ilə yanaşı, respublikanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan nüfuzlu ziyalıların, elm, mədəniyyət, incəsənət xadimlərinin fəaliyyətinin qiymətləndirilməsi sahəsində də mühüm addımlar atır. Fondun fəaliyyətə başlamasının 6-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə respublikanın bir qrup nüfuzlu mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən muğam ifaçılarının beynəlxalq "Qızıl çinar" mükafatına layiq görülməsi də deyilənləri təsdiqləyir. Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatını nominantlara Fondun prezidenti Mehriban xanım Əliyeva şəxsən təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Bu ali mükafatın nominantları arasında BMT-nin Uşaq Fondunun - YUNİSEF-in Bakı ofisinin keçmiş nümayəndəsi xanım Hana Singerin olması da təsadüfi deyildir. O, YUNİSEF-in uşaq hüquqlarının qorunması sahəsində Azərbaycanla, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığının genişlənməsinə böyük töhfələr vermişdir. Mərasimdəki çıxışında Fondun təsis etdiyi mükafatın qalibi olmaqdan qürur duyduğunu vurğulayan xanım Hana Singer demişdir: "YUNİSEF üçün işləmək təşkilat üçün işləmək demək deyildir, bu, məramdır. Bu məram uşaqların hüquqlarının qorunmasından, onların hər zaman müdafiə edilməsindən, problemlərinin həllindən ibarətdir. Bu təşkilat üçün işləmək mənim üçün böyük şərəfdir. Bu təşkilat üçün işləyərək bu ölkəyə gəlib uşaqların problemləri ilə məşğul olmaq, onları tanımaq mənim üçün çox böyük sevinc və iftixar hissidir. Hətta hər bir halda biz istənilən sözləri söyləmirik və bəzi hallarda biz problemlər haqqında da danışırıq. Mən məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda işləyərkən, bu problemləri qaldırarkən burada hər hansı bir qərəzli maraqların şahidi olmadım. Bu işdə Azərbaycan hökumətinin bizimlə sıx əməkdaşlığının şahidi oluruq. Xüsusən də biz vətəndaş cəmiyyətinə Fondun vacib töhfəsini görürük".

Məlumat üçün bildirək ki, YUNİSEF-lə Azərbaycan arasında əlaqələrin əsası 1993-cü ildə - ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra qoyulmuşdur. Həmin dövrdən Azərbaycan və BMT-nin Uşaq Fondu arasında əməkdaşlıq əsasən məcburi köçkün, qaçqın uşaq və yeniyetmələrin problemlərinin həllinə, təhsilinin yaxşılaşdırılması məqsədinə xidmət etmişdir. Azərbaycan 1995-1997, 1998-2000-ci illərdə təşkilatın İcra Heyətinin üzvü olmuşdur.

2002-ci il mayın 25-də Azərbaycan hökuməti ilə YUNİSEF arasında "Əməkdaşlıq üzrə Baş Saziş" (ƏBS) imzalanmışdır. 2005-ci il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək davam edən bu saziş çərçivəsində həyata keçirilən Fəaliyyət Planı Azərbaycanla YUNİSEF-in birgə razılığı əsasında tərtib edilmişdir. Proqramın icrası məqsədilə təşkilat respublikamıza 5 milyon 25 min manat məbləğində vəsait ayırmağı öhdəlik kimi götürmüşdür.

Fəaliyyət Planı çərçivəsində beynəlxalq qurum respublikamızda uşaqların təhsili və səhiyyəsi ilə bağlı bir sıra mühüm layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir. Bu sırada müxtəlif immunlaşdırma və mikroelementlərin çatışmazlığı (yod, duz və s.) probleminin aradan qaldırılması üzrə proqramlarının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Eyni zamanda YUNİSEF "Gənclərin dostu" səhiyyə xidmətləri üzrə milli fəaliyyət planının icrasına da fəal dəstək verir.

2006-cı il 19-20 sentyabr tarixdə YUNİSEF-in dəvəti ilə Bakıda olmuş İtaliyanın "EducAid" təşkilatının ekspertləri "Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (de-institusionalizasiyaya) doğru" şüarı altında seminar-treninq keçirmişlər. Təşkilatın dəstəyi ilə İtaliyanın de-institusionalizasiya təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycanın dövlət qurumları Bolonya prossesinə qoşulan ölkələrin bir neçə şəhərlərində keçirilən seminar-treninqdə iştirak etmişlər. Həmçinin İtaliyada de-institusionalizasiya prosesinin həyata keçirilməsi mexanizmi ilə yaxından tanış olmuş, yerlərdə fəaliyyət göstərən icma, ailə əsaslı qurumları və reabilitasiya mərkəzlərini ziyarət etmişlər.

2006-cı ilin noyabrında YUNİSEF-in Bakı ofisinin təşkilatçılığı ilə "Azərbaycanda uşaq rifahı sistemi sahəsində protokolların və standartların hazırlanması" mövzusunda seminar keçirilmişdir.

2007-ci ilin may ayında Uşaq Hüquqları Konvensiyasının icrası istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi, Uşaqların Xilası Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansı ilə əməkdaşlıq çərçivəsində II Milli Konfrans keçirilmişdir.

2008-ci ildə ölkə Prezidenti İlham Əliyev xanım Hana Singeri qəbul edərkən YUNİSEF-lə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdiyini vurğulamış, birgə proqramların uğurla həyata keçirildiyini, ölkədə uşaqların hüquqlarının müdafiəsinin qanunvericilikdə geniş şəkildə əksini tapdığını qeyd etmişdir. Təbii ki, bu sahədə çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun layihələrini qeyd etmək vacibdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 2003-2009-cu illərdə respublikanın müxtəlif bölgələrində 237 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmişdir. Uşaq evləri və internat yetirmələrinin sosial-rsixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də bu sırada xüsusi vurğulanmalıdır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə Fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Qısa müddətdə 40-dan artıq internat məktəbi əsaslı təmir edilmişdir. Fond uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan verən resurs mərkəzinin yaradılmasını təmin etmiş, sözügedən proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən etmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq.

Uşaqların təhsili ilə yanaşı, sağlamlığı da Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Bu layihələr 2004-2010-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə uşağı yenidən sağlam həyata qaytarmışdır. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində isə bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və ölkədə yüksək ixtisaslı kadrların hazırlanması tədbirləri həyata keçirilmişdir. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da istifadəyə verilməsi də ulu öndərin xatirəsinə böyük töhfə olmuşdur.

YUNİSEF-lə Heydər Əliyev Fondu arasında həyata keçirilən layihələr sırasında de-institutlaşma proqramının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi ilə bağlı dövlət proqramı hazırlamışdır. Cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdan ibarətdir. Proqram eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur. Hazırda 2006-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində böyük işlər həyata keçirilir. Yaxın 3-5 ildə ölkədə 45 uşaq müəssisəsinin transformasiyası planlaşdırılır.

2009-cu il oktyabrın 22-də Bakıda "Gülüstan" sarayında Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans"ın keçirilməsi də bu sahədəki səmərəli əməkdaşlığın bariz təcəssümüdür. Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) təşkilatçılığı ilə keçirilən konfransda dərin məzmunlu nitq söyləyən Azərbaycanın birinci xanımı humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan uşaqlara qayğının vacibliyini diqqətə çəkmişdir: "Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir".

İnformasiyalı cəmiyyətdə uşaq hüquqlarının qorunması hər bir dövlətdən bu sahədə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini, qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsini tələb edir. Azərbaycan dövləti də bu zərurəti nəzərə alaraq davamlı və sistemli tədbirlər həyata keçirir, YUNİSEF və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını ildən-ilə genişləndirir. Bu ilin mart ayında Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür. Söhbət əsnasında Heydər Əliyev Fondunun irsi qan xəstəlikləri ilə mübarizədə yeni layihələr hazırladığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı bu sahədə YUNİSEF ilə əməkdaşlığın mümkünlüyünü bildirmişdir. Təqdirəlayiq haldır ki, uşaq hüquqlarının qorunmasını əsas fəaliyyət istiqamətlərindən birinə çevirmiş Heydər Əliyev Fondu bu prosesə davamlı olaraq töhfələr verir. İctimai əsaslarla fəaliyyət göstərən Fondun ümummilli mənafelərə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 20 may.- S.  5.