Əsrlərə sığmayan şair ömrü

 

Mayın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poeziya gecəsi keçirilmişdir.

Filarmoniyanın foyesində Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən sərgi açılmışdır.

Gecədə Baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Milli Məclisin deputatları, ədəbi ictimaiyyətin nümayəndələri, ziyalılar, Rəsul Rza poeziyasının vurğunları olmuşlar.

Xalq yazıçısı Elçin bildirmişdir ki, böyük ədibin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Sərəncam ölkəmizdə ədəbiyyatın inkişafına, sənət adamlarına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Vurğulanmışdır ki, artıq ölkəmizdə və onun hüdudlarından kənarda Rəsul Rzanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır.

Tədbir iştirakçılarına minnətdarlığını bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar atası R.Rzanın 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.

Bildirmişdir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rəsul Rza söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır.

Onun əsərləri gündən-günə gəncləşərək, daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran R.Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli bədii nümunələr yaratmaqla yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.

Vurğulanmışdır ki, 1910-cu il mayın 19-da Göyçayda dünyaya göz açmış Rəsul Rza çox zəngin həyat yolu keçmişdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Ensiklopediyasının baş redaktoru və digər vəzifələri uğurla icra edən R.Rza öz orijinal yaradıcılıq nümunələri ilə daim oxucuları düşündürmüş və onların ən sevimli müəlliflərindən olmuşdur.

Yubiley tədbirində çıxış edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu R.Rza şeirlərinin bəşəriliyindən, milliliyindən, onun Vətənə, torpağa sonsuz sevgisindən danışmış və şairin qardaş Türkiyədə böyük maraqla oxunduğunu diqqətə çatdırmışdır.

Gecədə xalq artistləri Fəxrəddin Manafov, Xuraman Qasımova, Mələkxanım Əyyubova, Əminə Yusifqızı, əməkdar artistlər Mehriban Zəki, Gülyanaq Məmmədova və başqalarının ifasında R.Rzanın şeirlərindən parçalar və onlara yazılmış mahnılar səslənmişdir.

Musiqiçiləri xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət kamera orkestri müşayiət etmişdir.

 

 

Azərbaycan.- 2010.- 20 may.- S.  5.