Şirvanşahlar muzeyinin yeni ekspozisiyası
İçərişəhərdə yerləşən "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyində uzun illərin fasiləsindən sonra ayrı-ayrı fondlarda saxlanılan çox dəyərli maddi-mədəniyyət nümunələrindən ibarət yeni sərgi açılmışdır.
Şirvanşahlar muzeyinin zəngin fondlarından Bakının tarixini əyani olaraq işıqlandıran və əsasən keçən əsrdə muzeyin ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı mütəxəssislər tərəfindən aşkar edilmiş unikal saxsı nümunələri, numizmatik materiallar, yüzilliklərlə xalqımızın məişətində mühum yer tutan misdən hazırlanan qablar, qadın və kişi geyim nümunələri, həmçinin ölkəmizin rəssamlıq sənəti tarixində özünəməxsus yeri olan Hüseyn Ələkbərovun qrafika əsərləri, xalçalar, zərgərlik nümunələri sərgidə nümayiş etdirilir.
Qeyd olunmalıdır ki, sərginin təşkili "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin qorunub saxlanılmasına dövlət qayğısının bariz nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2010-cu il tarixli "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin təbliği ilə məşğul olan dövlət mədəniyyət təsisatları ilə əlaqədar vahid dövlət idarəetməsinin təmin edilməsi ilə bağlı fərmanı əsasında mümkün olmuşdur. Fərmana əsasən "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verildikdən sonra qısa müddət ərzində muzey fondunun tam inventarlaşdırılması həyata keçirilmiş, ekspozisiyanın konsepsiyası hazırlanmış və eksponatların yüksək səviyyədə nümayiş etdirilməsi üçün cari təmir işləri aparılmış, müvafiq videomüşahidə və sərgi avadanlıqları alınmışdır.
Ekspozisiya Şirvanşahların yaşayış binasında nümayiş etdirilir. Bizim eradan əvvəl IV-III əsrlərə aid, elmdə Yaloylutəpə mədəniyyətinə aid edilən müxtəlif funksiyalar daşıyan saxsı məmulatları, tamaşaçılar üçün maraqlı qab nümunələri əsasən birinci bölmədə nümayiş etdirilir. Digər bölmələrdə sərgilənən çıraqlar, dərman qabları, təsərrüfatda işlənən küplər, şirəli nimçə nümunələri İçərişəhərdə həyatın davamlı olaraq günümüzə qədər mövcudluğunu özündə əks etdirən maraqlı maddi-mədəniyyət nümunələrindən hesab olunur. Burada Şirvanşahların şəcərəsi də diqqəti cəlb edir.
İkinci zalda nümayiş etdirilən numizmatik materiallar Bakının ən qədim dövrlərdən əmtəə-pul münasibətlərini təqdim edir. Burada ticarət yolları ilə gətirilmiş müxtəlif dövlətlərin sikkə nümunələrini görmək olur. Eyni zalda misdən hazırlanmış, dini ayinlərdə işlədilən qab nümunələri və məişətdə hər bir ailənin son onilliklərə qədər istifadə etdiyi qablar çox böyük məharətlə evlərin daxili interyerinə uyğun olaraq nümayiş etdirilir. Bakı sakinlərinin işlətdikləri müxtəlif ev əşyalarının hər biri tətbiqi sənət nümunəsidir. Bu eksponatlar xalça üzərində elə qaydada düzülmüşlər ki, sanki bütöv bir ailə artıq kürsü ətrafında yığışmağa hazırlaşır. Burada respublikamızın ayrı-ayrı bölgələrinə aid təkrarolunmaz geyimlər, ağac məmulatları bu səhnəni daha da zənginləşdirir. Ev əşyalarının bir qismi ayrıca bir otaqda, hər biri öz funksiyasına görə yerləşdirilmişdir.
Ekspozisiyada sərgilənən, tarixi 100 ilə yaxın dövrü əhatə edən kiçik açıqcalar dəyərli məlumat mənbəyi olmaqla, həm də qeyri-standart formalara malikdirlər. Bu açıqcalarda şəhərimiz çox qeyri-adi görünüşləri ilə diqqəti cəlb edir.
Şəhərimizin XIX əsrin sonları - XX əsrin əvvəllərində mövcud olmuş bəzi memarlıq abidələri növbəti zalda nümayiş etdirilən rəsm əsərlərində öz əksini tapmışdır.
Böyük marağa səbəb olan ekspozisiya demək olar ki, İçərişəhərə gələn bütün turistlərin diqqətini cəlb edir.
Qənirə PİRİQULİYEVA,
Nazirlər Kabineti yanında
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
Elmi-mədəni mərkəzinin
elm şöbəsinin
baş elmi
işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2010.- 20 may.- S.
6.