İstanbulda "Heydər
Əliyev və Azərbaycanda milli siyasət" kitabının
təqdimatı olmuşdur
İstanbuldakı "Grand Cəvahir" hotelində Hidayət Orucovun Türkiyənin Dialoq-Avrasiya Platformasının "DA Yayıncılık" nəşriyyatında türk dilində çapdan çıxmış "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının təqdimatı olmuşdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun dünyanın bir çox dillərinə tərcümə olunmuş bu kitabı ulu öndər Heydər Əliyevin dünyəvi dövlət quruculuğu və milli siyasət sahəsindəki çoxşaxəli səmərəli fəaliyyətindən bəhs edir və müəllifin "Ekiz qardaşıma" başlıqlı ön sözü ilə açılır. Burada iki qardaş xalqın tarixi kökləri, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyən böyük Atatürkün, "Biz bir millət, iki dövlətik" kəlamını söyləyən ulu öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində hazırkı əlaqələrin də inkişaf dinamikası əsaslandırılmışdır.
Kitabda, həmçinin türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində möhkəm təməllər üzərində formalaşan milli dövlətçilik, azərbaycançılıq konsepsiyaları, demokratiya yolu ilə inamla addımlayan Azərbaycan cəmiyyətinin sivil dünyaya inteqrasiyası məsələləri dərin təhlillərlə öz əksini tapmışdır.
Mərasimdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, kitabın müəllifi Hidayət Orucov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan və türk dünyası qarşısında misilsiz xidmətlərindən bəhs etmişlər. Vurğulanmışdır ki, bu dahi şəxsiyyətin zəngin siyasi fəaliyyəti kitablara sığmayacaq qədər böyükdür.
Mərasimdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film də nümayiş etdirilmişdir.
Təqdimat mərasimində Türkiyə Böyük Millət Məclisinin deputatları, diplomatlar, İstanbul ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 20 may.- S.
2.